adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

YAXŞI ŞEYİ BİR AZ AZ YESƏN YAXŞIDI - Aqil ABBAS yazır

AQİL ABBAS
1178 | 2023-01-26 17:34

Neçə vaxtdır saytda və qəzetdə «Çay qırağında bitib susuz qalan ağacların sağlığına» adlı bir povestimi hissə-hissə (kino dili ilə desək, serial kimi) çap edirəm. Həyatda tanıdığım ən maraqlı adamlardan biri, Abdal-Gülablı Şakirin faciəsini şirin dillə, yumorla yazmağa çalışmışam. Yəni necə deyərlər, göz yaşı içində gülüş. Çox qəribədir ki, Şakirin faciəsini oxucular da çox yaxşı tutub. Həm şərhlərdə yazırlar, həm də özümə zəng edib deyirlər ki, oxuyub ağlamışıq. Bunu deyənlərin də çoxu Şakir kimi öz doğma yurd-yuvasından qaçqın düşmüş qarabağlılardır.

Bundan başqa, Şakiri yaxından tanıyanlar mənə zəng edir, ya görüşəndə onun müəyyən əhvalatlarını da danışırlar, mən də diqqətlə qulaq asıram və könüllərinə dəymirəm ki, sizin dediklərinizi mən yaxşı bilirəm.

Dediyim kimi, ən çox məndən incidikləri odur ki, niyə bu povesti hissə-hissə çap edirəm? Darıxırlar Şakir üçün. Mən də istəyirəm elə darıxsınlar. Həm də böyük yazıları oxumağa indi adamların hövsələsi çatmır.

Məsələn, dostum Aydın Can maraqlı bir status paylaşıb.

«Bu millətə zülm edən, çərlədən az idi, Aqil Abbas da qoşulub onlara pərsənglərini düzəldir! Allahına qurban, bunu birdəfəlik kitab kimi çap elə, oxuyaq da! Pətənək, cərcənək, cürdək, ürək-göbək qalmadı axı bizdə – erməni qaçqın salan kimi, əsir-yesir eləmisiniz, Ağdam, Lökbatan, Şuşa arasında, Xudu Məmmədov, Bəxtiyar Vahabzadə, Rəmiş, Qədir, Aqil Abbas xəyalında.

Ödümüz düşdü,zəhrimiz yarıldı day, verin çapa kitabı, alıb oxuyaq da!

P.S. Başa düşürəm e, Siyavuş Aslan demiş, sən bir dəfə toyda sındıra-sındıra oynayasan deyə, mənim bütün ömrüm dığ-dığda keçməlidir, söhbəti olmasın, kitab yazan gərək nəzərə almasın! Ki… kitab oxuyan, kitab alan yoxdur… mövzu… öz taleyimizdirsə!

Povestin qəhrəmanları və məkanı xatirinə çap etmək lazımdır!

Doğrudan, hər növbəti bölümü tapıb oxuyunca, «narkopristup» əzabı yaşanır e! Belə zülm olmaz axı!

Kimin əli və səsi çatırsa (və əlbəttə ki, Aqil Abbas o adamları eşidirsə), xahişimi Aqil Abbasa çatdırsın!»

Aydın Can, darıxma, tezliklə kitab kimi çap edəcəm. Hələ hissə-hissə oxu. Sənə və darıxanlara maraqlı bir hadisə danışım.

Qonşu kənddən babamgilə bir qonaq gəlir. Nənəm də bir qazan yemək bişiribmiş, çəkir hamısını bir siniyə, gətirib qoyur qonağın qabağına. Fikirləşir ki, qonaq bunun hamısını yeyən deyil axı, bir az yeyər, qalanını da verər uşaqlara. Qonaq da başına döndüyüm, sinidə nə var hamısını yeyir, hələ bir yağını da siyirir.

Nənəm dilxor-dilxor deyir:

- Filankəs, doymadınsa qazanda qalıb ey, gətirim.

Qonaq:

- Qüdrət xala, sağ ol. Yaxşı şeyi bir az az yesən yaxşıdı.

İndi Aydın Can, yaxşı povesti elə az-az oxusan yaxşıdı. Hamısını birdən oxusan toxtaqlıqdan pəndam olarsan.

Aydın Can, sənin acığına, acığına yox ey, sənin lap ajığına hələ bir az da uzadacam. Qal partlaya-partlaya. «Möhtəşəm yüz il»ə iki il gözləyə-gözləyə baxa bilirsən, dostunun bir povestini hissə-hissə oxuya bilmirsən?

TƏQVİM / ARXİV