Yurd üçün çırpınan ürəyin pıçıltıları - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
169 | 2024-12-20 12:16

Bir həqiqətdir ki, söz dünyasında şairlik, yazıçılıq iddiasında olmadan bu iddianı ortaya qoyanların bəzilərinin daha tutarlı və həm də oxucu qəlbinə yol tapan söz adamları da var. Yəni onlar özünə «şair»,«yazıçı» demədən ürəyini, duyğularını şair-yazıçı kimi ortaya qoyub və oxuyanda da, dinləyəndə də həmin iddiası olmayan insanların yaradıcılığına hardasa vurulmaya, könül açmaya bilmirsən. Çünki həmin ədəbi məhsullar özü səni öz dünyasına çəkir və sən də könüllü şəkildə həmin duyğuların dinləyicisinə, pərəstişkarına, bəzən də onu təbliğ edənə çevrilirsən.

Bax, bu mənada bizim ədəbi camiədə elə müəlliflər var ki, onlar bir, iki şeirlə və yaxud kitabla oxucu yaddaşında iz buraxır. Aylar, illər keçəndə də o yaddaş kartı hansısa bir sözün, hansısa bir fikrin və yaxud ismin təsiri ilə oyanır və sən yaddaşında olan poetik nümunənin təkrar izinə düşürsən, təkrar onu arayıb oxuyursan. Məhz bu mənada mən hələ neçə  illər öncə ( 2010 ) qələm və ruh  dostum  çox  dəyərli  və unudulmaz ustad  yazarımız Hidayət  Elvüsalın  mənə bağışladığı bir kitab barəsində oxucu duyğularımı qələmə almışdım. Həmin kitabın ön sözündə yazılmışdı ki, «Cavid Qəmbər oğlunun poetik duyğuları ləpələnən dalğalar kimi gah sahilə can atır, gah da qəmlər ümmanında boğulan kimsəsizə bənzəyir». Mən elə məhz bu damarında fəlsəfə və məntiq olan  fikrin  işığında    sonralar  oxucuların  çox  gözəl tanıdığı, sevdiyi  və dəyər  verdiyi, mənim üçün isə xüsusi və əvəzsiz olan böyük qardaşım  və dostum Adil Cəmil redaktoru   olduğu  «Omür pillə- pillədir"  kitabını oxudum. Oxuyanda da müəllifin  fikirləri ilə birmənalı şəkildə razılaşmışdım. Ona görə də tərəddüd etmədən ürəyimdə baş qaldarın, yəni həmin kitabın məndə oyatdığı hisləri yazıya çevirdim...

Bunu ona görə xatırladıram ki, sonuncu istirahət günü adətim üzrə arxivimlə həmsöhbət idim. Köhnə yazılarım, eləcə də yarımçıq qalan əlyazmalarım arasında bir növ səyahətdə idim. Belə bir vaxtda həmin yazı diqqətimi çəkdi və o diqqət də məni yenidən  «Omür pillə- pillədir» kitabına apardı. Necə deyərlər, köhnə tanışımla yeni görüşüm baş tutdu. Bu dəfə artıq azad Kəlbəcərin efirdən, ekrandan, mətbuatdan görüb izlədiyim, oxuduğum bugünkü ovqatının işığında oxudum həmin şeirləri. Həqiqətən müdriklər doğru deyib ki, ovqat hər şeyə öz təsirini göstərə bilir. Çünki 2010-cu ildən keçən 14 il ərzində mən bu şeirlərin yeni mənzərəsi ilə qarşılaşdım. Həyatın reallığı və bir də poetik fikrin günə təsiri məndə belə bir assosiasiya yaratdı ki, sözün gücü danılmazdır. Görünür elə buna görə sözü xəncərlə müqayisə edib bərabər tutublar. Yəni kəsərinə, gücünə görə…

Kitabın müəllifi olan Cavid Qəmbər oğlu nəfis şəkildə oxucu qarşısına çıxartdığı şeirlərini hamısında özəl duyğularını, həyata özəl baxışını, Kəlbəcərə özəl sevgisini qələmə alıb. Mənim artıq dəqiqləşdirdiyim fikrimə görə bu şeirlərdəki mənzərə yaddaşın oxucuya təqdimatıdı. Yəni müəllif Kəlbəcərdən özü ilə o şeirlərin yarandığı günə qədər nəyi gətirmişdisə, hamısını misralayıb. Ona görə də şeirlər adamın ruhuna oxşayır və səni özü ilə bərabər gəzdirir o yaddaş dünyasında. Şair yazır ki:

 

Getmişdik dağlara, gülüm, dağların

Sən adlı bəzəyi, çiçəyi çatmır.

Sənsiz dəyişibdi bu dünya tamın,

Nə yeyib-içdiksə, ürəyə yatmır.

 

Yoxdu o təravət, yoxdu o nəfəs,

Yoxdu gözəlliyə vurulan həvəs,

Sənsiz bu gözəllik qəfəsdi, qəfəs,

Fəryadım, harayım kimsəyə çatmır.

 

Dəyişib dünyanın dönümü, gülüm,

Bu ağlar talenin yönümü, gülüm?!

Apardın ömrümü-günümü, gülüm,

Əllərim boş qalıb, heç nəyə çatmır,

Sənsiz bu gözəllik ürəyə yatmır.

 

Şeiri oxuduqca diqqətli oxucu dərhal həsrətin, nisgilin və bir də həzin bir etirafı anındaca hiss edir. Müəllifin fikirlərinin səmimiliyi təkcə seçilən sözlərin özündə deyil, həm də bütövlükdə bu şeirin yaratdığı mənzərədə də az qala oxucu ilə danışıq və bu dəyişən dünyanın təkcə coğrafiyası, təbiəti yox, həm də onu münasibətin özünün də damarında bir göynərti olduğunu, bir ağrı, acı daşındığını sanki pıçıldayır, sanki göstərir. Bax, bu da bizim hər birimizin könlünə yatmayan, ruhumuza oxşamayan, amma yaxamızı buraxmayan, bizimlə çiyin-çiyənə gəzib dolaşan duyğuların bədii təqdimatıdı, şeir formatıdı. Ona görə də dərhal təsir göstərməyə başlayır. Həmin o təsir gücü şeir oxunub başa çatandan sonra da oxucudan ayrılıb getmir. Çünki bu bir auradı. Onun da adı gerçəklik və insani hislərin o gerçəklikdə boy göstərməsidi. Necə ki, ağaclar puçurlayır, tumurcuqların dodaqları qaçır. Bax, eynən həmin mənzərə yada düşür. O mənzərəni duyğusal bəndələr dərhal görür, seyr edir və öz ruhunu da cilalayır. Belə olan məqamda şairin başqa bir şeiri açılmış gül kimi öz ətrini təqdim edir:

 

Səni vəsf etməfə, səni, sevgilim,

Əlimdə tutduğum qələm yazıqdı.

Axar sularını leysan eyləyən,

Kirpiyin altında didəm yazıqdı.

 

Dəyibsən xətrimə, getmə dərinə,

Məni mehman eylə qəlbin evin,

Gəzsən köksüm üstə yüz il də yenə,

Demərəm bir daha sinəm yazıqdı.

 

Ananın sözündən talandı vallah,

Damarda qanım da bulandı vallah.

Sevənlər sözümə inandı vallah,

Sevilən xoşbəxtdi, sevən yazıqdı.

 

Yəqin ki, bu şeiri oxuduqca siz də hansısa hislərlə baş-başa qalırsız…siz də şairin duyğularının nə qədər həzin və həm də inandırıcı bir şəkildə təsir etmək gücünü hiss edirsiniz. Çünki həqiqi sevən lap obrazlı desəm, Məcnun olan öz Leylisinə, öz sevdiyinə məhz  bu cür qəlbini aça bilər, məhz bu cür deyə bilər ki, səni vəsf etməyən qələm yazıqdı. Və yaxud sinəmin üstündə yüz il də gəzsən, bunu özü üçün xoşbəxtlik saymayan sinə yazıqdı. Ən pik, ən şah məqam isə gəlin etiraf edək ki, şairin son misrasıdı. Yəni «Sevilən xoşbəxtdi, sevən yazıqdı». Zənnimcə bu misralar və bütövlükdə şeir həm də tablodu. Ən mahir bir rəssamın ən şöhrətli bir təsviri sənət sahibinin hər kəs heyrətə salacaq rəsm əsəridir. Onu ancaq qarşısında dayanıb seyr etdikcə hislərə qapılmaq, xəyala dalmaq və yalnız ürəyində «sevirəm…sevirəm» deməkdən başqa o anda ağlıma heç nə gəlmir.  Bax, elə yazımın əvvəlində söylədiyim fikrə burda təkrar qayıdıram. Elə iddialı söz qoşanlar, qaralama edənlər var ki, onların bütün külliyyatı bu misra qarşısında, bu şeir önündə zənnimcə heç nədən də o yandadır.

Mən sizə təqdim etdiyim kitabdan gətirdiyim bu sitatlarla bir gerçəyi də ifadə etmək istəyirəm. O da nəsildən, gendən gələn bir nüansdı. Yəni səcərə özü-özündə həm də nələrisə, hansısa əlamətlərisə, duyğularısa özü ilə daşıyır, bir-birinə ötürür. Bu mənada barəsində yazdığım kitabın müəllifi dədə Şəmşir ocağının təmsilçisidir və az-çox saz, söz bilgisi olan hər kəs həmin ocağın keçdiyi yolun sözə-sənətə verdiyi töhfəni yəqin ki, bilir. Deməli, Cavid  Qəmbər oğlu da özünün qanında, ruhunda olan həmin o söz qoşmaq, yaratmaq, yazmaq iksilini öz qələmi ilə oxucu qarşısına çıxarmaq üçün bir ilahi istəyin, ilahi tapşırığın, bir vəhin ona təsirini gerçəkləşdirir. Yəni mənə görə bu kitabdakı şeirlər və bütövlükdə müəllifin digər duyğu yarpaqları həmin ocağın yaşam haqqıdı. Bu haqq vəhlə gəlir. Və Cavid Qəmbər oğlu da sadəcə onu poetik nümunəyə çevirir. O nümunələr də şair qələmində toxunan söz xalısıdı, naxışları yerində, ilmələri yerində:

 

Qayalar açılmaz qıfıl-bənd kimi,

Hər daşında bir sirr yatır dağların.

Baxırsan ki, başı qarla örtülüb,

Duruşunda fikir yatır dağların.

 

Hərdən hikkədədi, hərdən imanda,

Zirvəsi dayanar hey asimanda,

Düzdə cövlan edən çən də, duman da,

Ətəyində çökür, yatır dağların.

 

Yaz ayları gözəl olur növrağı,

Zirvəsində buluddandı papağı.

Qucağında çox sevimli qonağı,

Köksü üstə Şəmşir yatır dağların.

 

Yazımın sonunda təqdim etdiyim bu şeir mənim üçün 30 il həsrətini çəkdiyim kəndimin, Ərgünəş dağının, Kirs dağının sanki mənə doğru əl uzadan, məni çağıran səsi idi. Və mən o səsi eşidə-eşidə yalnız yaşadığım vətəndə vətənsizliyi dözümlə, ovutmağa çalışırdım. Daxilən ona qovuşacağım günə inansam da, amma bui nam hardasa bir az dumanlı kimi görünürdü mənə. Çünki itirdiklərimiz dağlar idi. Sözün həqiqi mənasında ucalıq idi. Ona göə də dönüşün, qayıdışın nə qədər çətin olacağını anlayırdım. Amma dağların qurduğu və sinəmdə qövr edən dağlar bir an da olsun məni öz təsir gücündən, təsir dairəsindən və bir də içimdəki yurd sevgisindən uzaq düşməyə qoymurdu. Bu qarşılıqlı bir həsrət idi. Dağlar bizə, biz də dağlara qovuşmağa can atırdıq. Həm də orda bizi gözləyən, nigaran ruhlar, orda torpaq naminə şəhid olan igidlərin qanı, izi, nəfəsi, bir sözlə, paralanmış Azərbaycan gözləyirdi. Ora qayıtmağın yolu Zəfərdən keçirdi. Bunu da 44 gündə Ali Baş Komandanın əmrini yerinə yetirən Azərbaycan əsgəri bacardı. Və heç də təsadüfi seçmədiyim bu şeirdəki bədii fikir həm də həqiqi bir istəyin özü kimi o Zəfərə gedən yolun nələr üçün, kimlər üçün sualının cavabı oldu. Axı o dağlar Vətəndi. O dağlar yurd yerimizdi, evimiz, ocağımızdı! Və bir də o dağlarda Dədə Şəmşir, eləcə də neçə-neçə dəyərlilərimiz, aydınlarımız, igidlərimiz yatır.

Mən  şeirin bütün çalarlarını duymağı, hiss etməyi oxucunun ixtiyarına buraxıram. Sadəcə bir məqamı diqqətə çatdırıram ki, bu qoşmada sözün həqiqi mənasında dağların vurğuna olan bir ürəyin çırpıntısı açıq-aşkar eşidilir. Var olsun o ürək!

TƏQVİM / ARXİV