SON DƏQİQƏ:

O zirvədən Yer kürəsi görünür

  12951   |  
Şriftin ölçüsü  

...Dünyada elə insanlar, elə kişilər və elə ziyalılar var ki, onlar yeni bir tarix, yeni bir səhifə yazırlar və belələri dünyaya gəlişləri ilə, öz qeyri-adi əməlləri ilə həmişə insanları təəccübləndirir və sevindirir. Biz onlara böyük kişilər də deyə bilərik. O böyük kişilər ki, həmişə elmi, əxlaqı və vətəni hər şeydən üstün tutublar. Oturuşları, duruşları və ağayanalıqları ilə digərlərindən seçiliblər...

Dünya şöhrətli alim, böyük ziyalı və böyük insan Əli Məhərrəm oğlu Hüseynov da belə kişilərdən biridir. O, 1935-ci il dekabrın 5-də Gürcüstanın Lüksenburq (indiki Bolnisi) rayonunun Faxralı kəndində anadan olub. Orta məktəbi bitirəndən sonra bir müddət həmin kənddə kolxozda çalışıb. 1954-cü ildə isə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinə daxil olub və oranı bitirərək doğma kəndi Faxralıya dönüb. O, burada kimya-biologiya müəllimi olaraq pedaqoji fəaliyyətə başlayıb və eyni zamanda dərs hissə müdiri vəzifəsində çalışıb.

Elmi  işlərlə məşğul olan Əli müəllim Bakı Dövlət Universitetinin biologiya fakültəsinin nəzdində biokimya ixtisası üzrə aspiranturaya daxil olub. Elmi-tədqiqat işlərini Leninqrad (indiki Sank-Peterburq) şəhərində apararaq namizədlik dissertasiyasını müdafiə edib, biologiya elmləri namizədi, alimlik dərəcəsi alıb. O, həmin dövrdə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunda dərs deməklə yanaşı, həm də AMEA-nın Botanika İnstitutunda kiçik elmi işçi kimi fəaliyyət göstərib. Bir sözlə, Əli Hüseynov harda çalışıbsa, harda işləyibsə, orda özünəməxsus iş metodu olub, təcrübəyə yiyələnib və böyük izlər qoyub.

Əli Hüseynov Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU) dosent vəzifəsində çalışaraq həm də pedaqoji fəaliyyətlə məşğul olub. Daha sonra Bakıda fəaliyyət göstərən Naxçıvan Özəl Universitetinin biologiya kafedrasında professor vəzifəsinə dəvət olunub. Bir müddətdən sonra o, Azərbaycan Dövlət Pedaqoji Universitetində biologiyanın tədrisi metodikası kafedrasına müdir vəzifəsinə təyin olunub. Böyük alim öz elmi axtarışlarını və yaradıcılığını daim davam etdirib. Belə ki, o, «orta məktəbdə biologiya tədrisinin nəzəri və metodik əsasları» mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Universitetin professoru seçilən Əli müəllim 150-dən çox elmi və elmi-metodik məqalənin, kitabın və dərsliyin müəllifidir. Orta və ali məktəblər üçün 37 dərslik və dərs vəsaiti, 32 proqram yazıb hazırlayıb.

Onun təhsildəki uğurları daim yüksək qiymətləndirilib. «Təbiətşünaslıq» orijinal dərsliyinə görə, Təhsil Nazirliyinin mükafatına və akademik Xudu Məmmədov adına mükafata layiq görülüb. Bununla yanaşı, böyük alim Beynəlxalq Biologiya Cəmiyyətinin diplomunu da alıb. Elə həmin ildə İngiltərənin Kembric Universitetində nəşr etdiyi «Kim kimdir» Beynəlxalq Ensiklopediyasında dünyanın 500 məşhur alimləri içərisində professor Əli Hüseynovun da adı vardır. Onun o qədər mükafatları, təltifləri və diplomları var ki, saymaqla qurtarmaq olmur. Amma bunların arasında «Əməkdar müəllim», «İlin müəllimi», «İlin alimi» fəxri adları çox müqəddəs və ucadır.  Çünki bu adları Əli müəllim alın təri ilə, yuxusuz gecələri ilə və bir də elmə olan sonsuz məhəbbəti ilə qazanıb.

Bir faktı da qeyd edək ki, onun elmi-metodik fəaliyyəti xarici ölkələrdə də yüksək dəyərləndirilib. Belə ki, Əli Hüseynov Amerika Bioqrafiya İnstitutunda beynəlxalq Nobel mükafatı müsabiqəsində iştirak etmək üçün dəvət alıb. Təbii ki, bunun özü də Azərbaycan elminin dünyada tanınmasına  və böyük nüfuz qazanmasına bir işarədir.

Professor Əli Hüseynov Azərbaycan dövlətinə və dövlətçiliyinə ümummilli lider Heydər Əliyevə sadiq olan çox böyük ziyalılardan biridir. Daha doğrusu o, Ulu Öndəri Bakıya dəvət edən «91-lər»dən biridir. Əli Hüseynov, M.Əsgərov, Z.Bünyadov, N.Xudiyev, Z.Qaralov, Ş.Mikayılov və başqa vətənpərvər ziyalılarla birgə fəaliyyət göstərib.

Biz həmişə Əli müəllimi çox sadə və səmimi ziyalı kimi tanımışıq. Onun şirin danışığından, lətifələrindən, yumorlarından heç vaxt doymaq olmurdu. O qədər sadə və səmimi idi ki, adam məəttəl qalırdı. Dünya şöhrətli alim uşaqla uşaq, böyüklə böyük idi.  Bizimlə dəfələrlə Naftalandakı sanatoriyada bir yerdə olub. Şəxsi maşınımızla Naftalanın görməli, gözəl yerlərini, sərin bulaqlarını bir yerdə gəzmişik. Hətta sərhəd kəndimiz Tapqaraqoyunluda da dəfələrlə olmuşuq.

Bəzən Əli müəllim əsəbiləşər, deyərdi ki, ay Səməndər, gəlsənə adama bir silah götürək, dığaların dərsini verək. O yerlərdə çox gəzdik, şəhidlərin məzarını ziyarət etdik, ruhlarına dualar oxuduq. Sonra Daşaltıda, Dost Qapısında oturub çay dəstgahı arxasında söhbət elədik. Bir dəfə də qərara gəldik ki, yığışaq gedək Ağcakəndə. Kəlbəcərin sərhəddidi. Gözəl təbiəti var. Dağ çaylarının şırıltısı, oxuduğu nəğmə adama ləzzət eləyir, mənəvi  zövq alır insan. Orda gözəl, amma dağın o üzündə keçilməsi çətin bir yer var ki, cənnətməkan istirahət guşəsidir. Təklif elədik Əli müəllimə ora getməyə. Getdik. Dupduru bulaq suyundan içdik. O səfərə ailəvi çıxmışdıq. Özümüzə də, ailəmizə də ləzzət elədi. Bizimlə bərabər gedən İlham müəllim də, həyat yoldaşı da çox məmnun qaldı. Belə ziyalılarla ünsiyyətdə olanda adamın ruhu qanadlanır.

Əli müəllim mən Səməndərə qarşı xüsusilə diqqətli olub. Məktəbdə direktor işləyəndə dəfələrlə onun görüşlərini təşkil eləmişəm. Bu görüşlər nəinki şagirdlərimin, mənim yaddaşımda silinməz izlər buraxıb. Mən Prezident Təqaüdü alanda da «Cümhuriyyətin 100 illiyi» medalına layiq görüləndə də o mənə birinci telefon açıb və təbrik edib. Təbii ki, mən də bu böyük alimin, bu böyük ziyalının və bu böyük eloğlunun təbrikindən qurur duymuşam.

Bizim ömür yolumuza işıq salan Əli müəllim kimi dünya şöhrətli alimlər və ziyalılardır. O həmişə deyərdi ki, mən öləndən sonra haqqımda yazı yazarsınız. Biz də deyirdik ki, Əli müəllim, hələ tezdir. 80-də yazı yazmışıq, bir də 100-də yazacayıq. Amma bu yaxınlarda bəd bir xəbər aldıq. Eşitdik ki, böyük alim, professor, ziyalı Əli Məhərrəm oğlu Hüseynov Allahın dərgahına qovuşub. Amma bizə təsəlli olan odur ki, Əli müəllim elmin və insanlığın elə bir zirvəsinə ucalmışdır ki, o zirvədən baxanda Yer kürəsi görünürdü.

Çünki Əli müəllim kimi işıqlı insanlar, nurlu ziyalılar bizdən uzaqlaşdıqca gün işığı kimi bir qədər də bu millətə, bu xalqa yaxınlaşır. Onu hərarətinə, nuruna qərq edir. Bir fikri də demək istəyirik ki, Əli müəllim tək Faxralının ziyalısı deyildi, o, Azərbaycanın, bu millətin, bu xalqın, bu dövlətin çox böyük oğlu, çox böyük alimi, çox böyük ziyalısı idi. Bu millət, bu xalq yaşadıqca Əli müəllim kimi böyük ziyalılar da yaşayacaq və öz xalqının yaddaşında, ömründə əbədi iz qoyacaq.

Səməndər MƏMMƏDOV,

Faiq QİSMƏTOĞLU

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 19 16 14 12 09 07 05 02
September: 25 18,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK