"MƏCLİSİ-ÜNS"ÜN 150 YAŞI

VAQİF YUSİFLİ
29957 | 2014-12-04 02:45
"Məclisi-üns"ün ilk təşəbbüsçüləri o dövrün Qarabağ şairləri - Mirzə Rəhim Fəna (1841-1931) və Hacı Abbas Agəh (1892-ci ildə vəfat etmişdir - doğulduğu il məlum deyil) olmuşlar. Mirzə Rəhim Fəna Xan qızı Natəvanın sarayında çalışırdı. Şairlikdən başqa tarixilə də maraqlanırdı, "Qarabağın yeni tarixi" adlı əsər də yazmışdır. Hacı Abbas Agəh də şuşalı idi. "Məclisi-üns"ün məşğələləri bir müddət onun evində keçirilirdi.
"Məclisi-üns"ün tərkibi müxtəlifliyilə seçilirdi. Burada həm adlı-sanlı şairlər, həm də sadəcə şeir maraqlıları toplaşmışdılar. Məsələn, İsmayıl bəy Daruğə (1842-1891) Şuşa şəhərinin darğası idi, ona görə də "Daruğə" təxəllüsü götürmüşdü. Məhəmmədəli bəy Məxfi (1821-1892) Şuşa, Yerevan və Şamaxıda dövlət qulluğunda çalışırdı, "Əkinçi" qəzetində məqalələr çap etdirirdi. Mirzə Sadıq Piran (1811-1892) cavanlıqda xanəndəlik etmişdir. "Məclisi-üns"" şairləri özlərinə təxəllüs seçərkən onun qarşısında and içərmişlər (Bu və bundan sonrakı məlumatları biz mərhum ədəbiyyatşünas Nəsrəddin Qarayevin tərtib etdiyi "Poetik məclislər" toplusundan götürmüşük - V.Y.). Mehdiqulu xan Vəfa (1856-1900 Natəvanın birinci ərindən (Xasay xan Usmiyevdən) olan oğluydu, dövlət qulluğunda çalışmış, general rütbəsinə qədər yüksəlmişdi. Natəvanın ikinci ərindən (Seyid Hüseyndən) olan oğlu Mir Həsən də (1869-1902) "Məclisi-üns"ün üzvü olmuşdur. Məclis üzvlərindən Mahmud bəy Vəzirov (1836-1902), Mirzə Həsən Yüzbaşov (1824-1904) ticarətlə məşğul olmuşlar. Görkəmli ədib Ə.Haqverdiyevin dayısı Məmo bəy Məmai də (1834-1902) tacir idi. Mirzə Ələsgər Növrəs (1836-1911) musiqi məclislərində və toylarda "padşahlıq" edərmiş.
Məclis üzvlərinin əksəriyyəti həm Azərbaycan, həm də fars dillərində şeirlər yazmışlar. Onların bir çoxu həm də rusca təhsil almışdılar. Bir sözlə, "Məclisi-üns"ə Qarabağın tanınmış ziyalıları toplaşmışdı və onlar Azərbaycan mədəniyyətinin inkişafında mühüm rol oynamışlar.
"Məclisi-üns" şairləri əsasən klassiu üslubda şeirlər yazırdılar. Onların yaradıcılığında dahi Füzulinin böyük təsiri olmuşdur. Necə deyərlər, "Füzuli tilsimi" hələ davam edirdi. Böyük ədibimiz Cəfər Cabbarlı bir məqaləsində yazmışdı: "Füzuli öz dühası ilə Azərbaycana klassik bir ədəbiyyat verdi. Lakin eyni zamanda onun dühası ağır bir yük kimi Azəri ədəbiyyatının inkişafı üzərinə düşüb, onu öz ağırlığı altında əzməyə başladı. Şairlər, ədiblər Füzulini ötməyə deyil, bəlkə ona yetişməyə və var qüvvələri ilə öz əsərlərini Füzulinin əsərlərinə bənzətməyə və beləliklə, ədəbiyyatı qırıldığı nöqtəyə vardırmağa və orada bərkitməyə çalışırdılar. Füzulinin bir qəzəli yüzlərlə şairlər üçün ilham mənbəyi olur, şairlər öz şeirlərini ona bənzətməyə çalışırdılar. "Füzuliyanə" qəzəllər yazmaq şairlərin idealı olmuşdur".
Füzuliyə pərəstiş, onun qəzəllərinə nəzirələr yazmaq, ruhunu yaşatmaq "Məclisi-üns" şairlərinin də yaradıcılığında aydın nəzərə çarpır. Əslində, bu, ənənəni yaşatmaq idi. Füzuliyə çatmasalar da Qarabağ şairlərinin şeirləri də yetərincə dəyərliydi. Məsələn, Məxfinin bu qəzəlinə diqqət yetirin:

Köksüm üstə çəkilən yar oxunun yarəsidir,
Sinəmə bir də ox vursa, onun çarəsidir.

Gözlərimdən tökülən qanlı sirişkimdi demə,
Ləxtə-ləxtə gəlir, əşk içrə ciyər parsidir.

Yarı bimar eşidib, canımı qurban demişəm,
Necə qurban deməyim, gözlərimin qarəsidir.

Versə ol arizi-gülzarına aşiq canını
Yeridir, hüsnünün əzbəs ki, bu kəffarəsidir.

Yarın ol qəmzələrindən həzər eylə ey dil,
Qəmzəsi canımızın qatili-xunxarəsidir.

Demə bihudə bu Məxfi dolaşır səhranı,
O da əlbəttə, gözüm, bir gözəl avarəsidir.

"Məclisi-üns" üzvləri müasir həyat həqiqətlərini ifadə edən şeirlər də yazırdılar. XIX əsr həm də maarifçilik əsri idi. Məsələn, Mirzə Ələsgər Növrəs bir sıra qəzəllər yazsa da, "Molla Nəsrəddin" jurnalının nəşrə başlamsını alqışlayır, "Şərqi-Rus" qəzetini şeirlə mədh edirdi. Növrəsin "Qış" şeiri xalqın ağır güzəran keçirdiyindən söz açırdı:

Açdı soyuq qapını, gətdi yenə qar, qış,
Bərhəm olubdu belə rövnəqi-bazar, qış.

Varlı olan şəxs üçün qış günü çün yay olur,
Müflis olan adəmə eyləyir azar qış.
Ət işi müşküldü çox, yoxsul olan neyləsin,
Saldı qəmə aləmi haləti-ətvar qış.

Məmo bəy Məmai Şuşada baş verən haqsızlıqları qələmə alırdı: "Yoxdu yarəb görəsən Şişədə bir əhli kamal? Oturub aqibəti-karı edə bircə xəyal".
1872-ci ildə, "Məclisi-üns" Natəvanın evinə köçəndən sonra Mir Möhsün Nəvvabın təşəbbüsü ilə "Məclisi-fəramuşan" ("Unudulmuşların məclisi") ədəbi məclisi yarandı. O şairlər ki, "Məclisi-üns"də iştirak edə bilmirdilər, onlar "Məclisi-fəramuşan"a yığışdılar. Eyni zamanda "Məclisi-üns"ün bir sıra iştirakçıları da hər iki məclisdə iştirak edirdilər. Beləliklə, Qarabağda ədəbi mühit daha gur oldu. "Məclisi-fəramuşan"da Mirzə Möhsün Nəvvab (1833-1919), Abdulla bəy Asi (1841-1874-Qasım bəy Zakirin qız nəvəsi), Mirzə Hüseyn Salar (1876-cı ildə vəfat etmişdir), Sədi Sani Qarabaği (1854-1879), Əbülhəsən Şəhid (1816-1884), İbrahim bəy Azər (1836-1885-Asinin böyük qardaşıdır), Mirzə Məhəmməd Katib (1833-1888), Mirzə İsmayıl Məhzun (1821-1894), Fatma xanım Kəminə (1841-1898), Məşədi Əyyub Baki (1866-1909), Həsənəli xan Qaradaği (1847-1929) və s. qarabağlı şairlər iştirak etmişlər. Onların arasında Nəvvabın, Asinin, Kəminənin, Həsənəli xan Qaradağinin şeirləri daha çox məşhur idi. Onu da qeyd edək ki, "Məclisi-fəramuşan"ın üzvləri təkcə qəzəllər, klassik şeirlər yazmaqla kifayətlənmir, maarifçiliyi də qızğın təbliğ edirdidilər. Nəvvab fəlsəfə, astronomiya və s. elmləri öyrənmişdi, riyaziyyat, musiqi, Şərq ədəbiyyatı, tarix elmlərini mükəmməl bilirdi. O, musiqiyə aid "Vüzuhül-ərqam" adlı gözəl bir əsər yazmış, muğamları bölgüyə ayırmışdı. Onun "Təzkirə" əsəri qiymətli bir mənbədir, bu əsərdə o, Qarabağda yaşayan şairlər haqqında bilgilər vermişdi. O, həm də gözəl rəssam və xəttat idi. Həsənəli xan Qaradaği təhsilini rusca almışdı, Krılovun bir sıra təmsillərini Azərbaycan dilinə çevirmişdi. Bu təmsillər O.A.Çernyayevskinin "Vətən dili" dərsliyinə də salınmışdı.
İstər "Məclisi-üns"də, istərsə də "Məclisi-fəramuşan"da musiqi xadimləri, xanəndələr və sazəndələr də iştirak edirdilər ki, bu da məclislərin şən keçməsinə, musiqi ilə şeirin vəhdətinə imkan verirdi. Deyirlər ki, bir gün Natəvan bağda gəzərkən bir gəncin yanıqlı səsini eşidir. Onu saraya gətirirlər. Natəvan ona deyir ki, sənin gözəl səsin var, gəl mənim sarayımda yaşa. Şükür adlı bu gənc bundan sonra "Xanlıq Şükür" deyə çağırılır. Hər iki məclisdə o dövrün çox görkəmli musiqiçiləri olan Xarrat Qulu, Hacı Hüsü, Məşədi İsi, Sadıqcan, Məhəmməd Bülbül Qaryağdı, Mirzə Saleh Bülbül kimi səs ustaları və gözəl ifaçılar olmuşlar. Qarabağ xanəndələrinin əksəriyyəti Xarrat Qulunun tələbəsi olmuşlar. Nəvvabın təşəbbüsü ilə Şuşada xanəndələrin ayrıca məclisi də təşkil edilmişdi.
"Məclisi-fəramuşan"da iştirak edən yeganə qadın şair Fatma xanım Kəminə olmuşdur. Onun klassik üslubda yazdığı qəzəlləri öz orijinal ifadə tərzi ilə diqqəti cəlb edir. Onun bir neçə qəzəlinə Qarabağ şairləri nəzirələr yazmışlar.

Saqiya, mey ver ki, mən meyxanədə küllənmişəm,
Qəm hücumundan qaçıb bir guşədə gizlənmişəm.

Qan olub könlüm mənim bu badeyi-səhba kimi,
Dürdi-mey tək şişədə çoxdan qalıb lillənmişəm.

Bir sənubər qamətü gülpeykərü Leylivəşin,
Valehü heyraniyəm, Məcnunsifət çöllənmişəm.

Ey Kəminə, saqi ər yar olsa yara ərz eylə,
Saqiya, mey ver ki, mən meyxanədə küllənmişəm.

Qarabağ ədəbi məclislərinin şairlərinin dilinə nəzər yetirdikdə artıq klassik poeziyanın sadələşdiyini, xalqa yaxın olduğunu, şairlərin xəlqi ifadələrdən məharətlə istifadə etdikləri aydınlaşır.
Ümumiyyətlə, XIX əsr ədəbi məclisləri, xüsusilə "Məclisi-üns" və "Məclisi-fəramuşan" ədəbiyyat tariximizin ən gözəl səhifələridir desək səhv etmərik.

TƏQVİM / ARXİV