Ailəni kişi qurur, ya qadın? -  Eminquey yazır

EMİNQUEY AKİF
1353 | 2023-10-26 13:35

Təbii ki bu müştərək prosesdir. Yoxsa, heç kim nikah masasına oturmazdı.

Demək ki, ömrün bir dönəmində artıq qadın bir kişi ilə, kişi də bir qadın ilə həyat yoluna birlikdə davam etmək istəyir. Ailə hər şeydən əvvəl yol yoldaşına duyulan ehtiyacdır.

Bu ehtiyacların içində sevgi, hörmət, qayğı, dəyər və s. kimi ölməyən ehtiyaca çevrilmiş hisslər var. Bu ehtiyacların içində bir psixoloq xanımın “emosional ehtiyac” dediyi üç minlik telefon ehtiyacı da var, amma...

Bu ehtiyac da digər ehtiyaclar kimi birlikdədir, müştərəkdir. Sevgi göstərirsən, sevgi görürsən, hörmək edirsən, hörmət görürsən, qayğı göstərirsən, qayğı görürsən. Bu ehtiyaclar pulla alınmadığı üçündür o “amma”.

Ailə bir yuvanı birlikdə inşa etməkdir.

“Pulu kişi qazanar, ev işlərini qadın görər” kimi bölgülər varsa, o ailə deyil. Mən barmaqsayı ailələr tanıyıram, əgər kişinin işi varsa, evdə deyilsə və evdə məsələn, su kranı xarab olubsa, qadının əlindən onu düzəltmək gəlirsə, düzəldir. Yaxud da kişi var ki, qadın işdədirsə, ya da çox yorğundursa, yeməyini qızdırıb yeməyi, yediyi süfrəni yığışdırmağı özünə ayıb bilmir. Gülməli deyil, həqiqətən deyirəm. Bu ailə üçün verilən əməkdir.

Azdır belə adamlar. Psixoloqu belə danışan ölkədə əlbəttə ki az olması da təbiidir.

O cümlədən də, evin maddi tələbatlarını kişi də, qadın da işləməklə ödəyirlər. Bu, fövqəladə vəziyyət deyil, ailənin normal strukturudur. Bizim kimi cəmiyyətlərdə qadının işləməyi faciə, işləyib kişidən çox maaş almağı beş qat faciədir.

Niyə?

Qadın və kişi bu ailəni müştərək qurur. Bu ailənin istənilən problemi hər iki fərdi maraqlandırmalı və hər iki fərd bu problemlər üçün çalışmalıdır da. Burada qeyri-adi nə var?

Məsələn, kişi müəllimdir. Maaşı maksimum 800 manatdır. Qadın isə gözəllik salonunda işləyir. Aylıq qazancı 2000 manatı ötür. Kişinin hal-hazırkı potensialı 800 manat, qadınınkı isə 2000 manatdır. Nə edək? Biri dövlət sektorudur, digəri isə özəl. Kişinin 800 manat qazanması niyə ayıb olsun ki?! Adam sənətilə halal pul qazanır.

Bu halda, niyə qadının “emosional ehtiyacı” olan 3000-lik telefonu kişi almalıdır? Niyə bu vacibat, hətta ailənin taleyini həll edən bir zad olmalıdır?

Qadınlar var ki, kişinin maaşı istirahətə, gəzintiyə imkan vermədiyi üçün qadın bunu çox normal qəbul edir və gülümsəyərək “eybi yox, mən səni apararam” deyib həyat yoldaşının boynunu qucaqlayır.

Burada ayıb nə var axı?!

Qadınlar bu cür “ələbaxan” təfəkkürdə böyüdüyü üçün ailə məsələlərində də qərarsız olurlar. Maddi baxımdan ayaqları üstdə durmayan, 3 minlik ehtiyacının ödənməsini kişidən gözləyən qadın elə boşansa yaxşıdır.

Boşanıb nə edəcək?

İş tapacaq?

Əlini ağdan-qaraya vuracaq?

Yox, 3 minlik telefon alan bir imkanlı ər tapıb ömrünü qoyun kimi ələbaxan sürməkdə davam edəcək. Sonra da bir gün Xoşqədəmin verilişinə çıxıb zarıyacaq ki, ərim məni aldatdı, ərim məni döydü, ərim məni əzdi.

Bədbəxtin balası, sən üç minlik ehtiyacın ödənəndə artıq əzilmisən.

Ona görə yox ki, kişi sənə üç minlik telefon alıb, ona görə ki, qoyun kimi çomaqdan asılısan.

TƏQVİM / ARXİV