01 Aprel 2024 13:36
1738
ƏDƏBİYYAT

Anormal adamların şeir gecəsi -Eminqueyin reportajı...

“İnsanlar müvəqqəti istəkləri olan, ziddiyətli varlıqlardır. Eynilə şahmatçılar kimi məqsədə çatmaqdansa, məqsədə gedən yolları sevirlər”.

 

Bax elə məqsədsiz şey idi bugünkü qərarım. Müdirim Aqil Abbas gəlib “Aqşin Yeniseyin şeir gecəsi harada olacaq?” sualını verəndə “bu dəqiqə taparam” deməyim, sonra biletləri almağım, “gedəcəksən?” sualına “getmək istəyirəm əslində” deyə cavab verməyim öz-özünə baş verdi.

“M” özəl teatrında idi, “Qanun” nəşriyyatının binasında.

Üçüncü mərtəbəyə qalxıb dar koridora burulanda tanımadığım simaların içində Cəlil Cavanşiri görüb sevindim. Bəzən ona Vaqif  Bayatlının diliylə “yupyumru” şair deyə xitab edirəm. O da yupyumru yanaqları ilə gözlərini bir küncə sıxıb gülür. Mən bu tanımadığım simalardan fərqləndirən tanınmağım, şairliyimdir. Hə, bir də “Qanun” nəşriyyatına borcum. Allahın bəlkə də zəhləsi getdiyi bu məkanda içimdə Allaha dua edirəm ki, nəşriyyatın sahibi Şahbaz Xuduoğluyla rastlaşmayım.

Vidadi Həsənov koridorda hamı üçün rahat şərait düzəltmək istəyir. Kimisinə gödəkçəsini asmaq üçün yer göstərir, kimisinə oturmaq üçün, kimisinə... Beş-on dəqiqədən sonra Aqşin Yenisey koridoru burulur. Sanki biz doğması əməliyyatda olan xəstə yaxınları, Aqşin Yenisey isə ağ xalatlı həkim idi. Tanıdıqları ilə əliylə, tanımadıqları ilə isə başıyla salamlaşan şair zalın arxa girişinə dönüb gözdən itir.

Vidadi müəllim teatrın qapısındakı zəngi göstərib deyir:

- Bizdə adət idi, tamaşa başlamamışdan öncə zınqırov çalınırdı. Aktrisa Oksana Rəsulova buraya məşq üçün gələndə zınqırovun balaca, yöndəmsiz olduğunu görüb hindistanda məbədlərdən birindən götürdüyü bu zınqırovu bizə hədiyyə elədi. İndi bir nəfər lazımdır, gəlsin, bu zınqırovu çalsın. Arıq bir oğlan zınqırovu silkələyir və yavaş-yavaş içəri doluşuruq.

Adamlar söykənəcəksiz taxta skamyalarda öz yerlərini tuturlar. Mən isə qıçlarımı biraz gen açıb həm öz, həm də müdirim Aqil Abbasın yerini tuturam. Üç addım o yana, üç addım da bu yana eni olan qaranlıq səhnənin hər iki başı çərçivədə Aqşin Yeniseyin şəkli və tədbirin adı – “Yaz(ı) havası” ilə dekorasiya edilib. Səhnənin ortasına bir şam, kənarlarda da kvadrat oturacaqlar. Vidadi Həsənov içəri girib zaldan soruşur:

- Aranızda oruc tutanlar varsa, su verə bilərik.

 

Zalı səssizlik bürüyür.

- Aydındır. Abrozovonski müsəlmanlarsınız.

yenə əlində zınqırov ritualın ikinci mərhələsinə qədəm qoyur, zaldan orta yaşlı bir adamı zınqırovu çalmaq üçün seçir.

- Taraaap!

Zınqırov Vidadi müəllimin əlindən çıxıb yerə çırpılır.

Sən demə kişi zınqırovu sağa-sola yelləmək əvəzinə aşağı dartıbmış.

Vidadi müəllim gülə-gülə “güc sahibisən” deyib vəziyyəti yumşaldır, sonra səhnəyə qalxır, oradakı tənha şamı yandırıb teatr barədə danışır.  

Maleviçin qara kvadratının içindəyik. Birazdan bu qara kvadratı dəyərə, mənaya mindirən şairin özü səhnəyə təşrif buyurur. Şamı görən Aqşin Yenisey “Füzuli də şam işığında şeir yazırdı” deyib ayaqüstü Füzuliyə sataşır, zal gülüşür, şeir gecəsi başlayır.

Kütlə qarşısında şeir deməyin Sovetdənqalma ənənə olduğunu, amma buna baxmayaraq oxucularla görüşə gəlməyi seçən şair əvvəlcədən xəbərdarlıq edir ki, onun şeirləri əslində baş-başa qalınası şeirlərdir. Aqşin TV-lərdə dəfələrlə çıxış etsə də, kütlə qarşısına nə qədər çıxsa da, həyəcanını səsinin və əllərinin titrəməyindən hiss etmək olur. O şeir oxuduqca irəli-geri yellənir, səhnənin döşəməsində iki taxta yaman cırıldayır. Şairin bədəninin ritmini şeirlə birgə bizə ötürən bu cırıltı dayanmır. Aqşin şeir oxuyanda bir cür, danışanda bir cür cırıldayır. Nəhayət ki cırıltı fasilə verir, Aqil Abbas səhnəyə dəvət olunur.

Sovet ənənələri görmüş, o dövrün ədəbi mühitindən keçmiş Aqil Abbas kütlə qarşısında şeir deməyin Sovetdənqalma ənənə olduğunu deyən Aqşinin cavabını belə verir:

- Aqşini hər şeydən əvvəl bir filosof kimi tanımışam, izləmişəm. Amma Aqşin, şeirlərini oxuya bilmirsən. Məncə evdə hazırlaşıb gəlməli idin.

Aqil Abbasın çıxışından sonra “Human” teatrının direktoru Şamil İbrahimov səhnəyə dəvət olunur. O, Aqşin Yeniseyin “Şəkil” şeirini səsləndirir. Daha dəqiq desək, səhnələşdirir.

- Evdə təkəm,

şəkilinə baxıram

Zəng eləyir arvadımın xalası…

Şamil İbrahimov şeiri oxuyub bitirəndən sonra alqış səsləri necə böyüyürsə, Aqşin Yenisey alqış bitəndən sonra deyir:

- Şeiri səsləndirmək də bir istedaddır. Bu dey, qardaşın şeiri səsləndirməsi kimi.

Beləcə Aqil Abbasla Aqşin Yenisey arasında atəşkəs imzalanır.

Açığı, Şamil İbrahimovun çıxışından sonra demək olmaz ki, Aqşin Yenisey şeirlərini səsləndirməyə davam edir. Burada demək lazımdır ki, Aqşin şeirlərini danışmağa davam edir.

Şair danışıb qurtarandan sonra səhnəyə cavan bir oğlan dəvət olunur. Flora Kərimovanın “Bağışla” mahnısını oxuyacaqdı. Həyəcanlı idi. Necə həyəcanlı idisə, mahnının zil yerində səsi bayaqkı cırıltı ilə əl-ələ verdi, amma cavan oğlan relsdən çıxmış səsini yerinə qaytara bildi.

“Bağışla, bağışla, məni bağışla...” misraları ilə mahnı bitir, oğlan qüsuruna görə üzr istəyir, Aqil Abbas cavab verir:

- Narahat olma, bala, bağışladıq səni. Deməsəydin, onsuz da heç kim bilməyəcəkdi.

Zal gülüşür...

Ardınca Aqşin Yenisey bayaqkı şəkil şeirilə bağlı xatirəsini bölüşür.

“Mən bu şeiri elə-belə vərəqə yazıb qoymuşdum başımın yanına. Dostlarımdan biri götürüb gecə-gecə feysbukda paylaşmışdı. Bu şeiri yazanda mən üç balon araq içmişdim”.

Sonra o “Sıfırı kəşf edən adam” şeirini oxuyur.

Sıfırı kəşf edən adam

Bu yalqız və kimsəsiz boşluğun ilk hüceyrəsini,

varlığın gizli hücrəsini kəşf etdi

Heçliyin altındakı fal yumurtasını kəşf etdi

Sükutun itmiş bəxt üzüyünü

Nə vaxtsa yolu buralardan düşən

Yoxluğun qurumuş təzəyini

Sonsuzluğun özəyini kəşf etdi.

 

Şeiri bitirəndən sonra zaldan bir nəfər ondan “Sıfırdan başlamısınızmı?” sualını verir. Aqşin cavab verir:

“Mən hər gün özümü sıfırlayıram. Əvvəllər özümü araqla sıfırlayırdım. Otururdum 5 gün masadan qalxmadan içirdim. Arağı heç vaxt sərxoş olmaq üçün içməmişəm. Araq mənim üçün sıfır nöqtəsi idi. Sonra məlumdu, serroz oldum, indi içmək olmaz, amma indi də başqa yollarla sıfırlanıram”.

Başqa biri sual verir:

- Bəs xoşbəxtlik sizin üçün nədir?

- Bizim kimi cəmiyyətlərdə özünün xoşbəxtlik anlayışı olan çox az adam var. Çox az adamın xoşbəxtliyi originaldır. Qalan hamı bir-birinin xoşbəxtliyini yamsılayır. Baxırsan ki, hamı bir-birinin xoşbəxtliyinə çatmaq üçün əlləşib-vuruşur. Hamı eyni cür xoşbəxt olur. Məsələn, kimsə balığı marketdən, bazardan almaq əvəzinə gedib göldən tutmaq istəyirsə, ona anormal kimi baxırlar.

İlin-günün bu vaxtı axşam saat 7-də hansısa bir nəşriyyatın binasındakı teatra şeir gecəsinə gəlmək də anormallıq olmalıdır. Və burada, zalda uzağı 40-5- anormal adam var. Bəli, biletə 10 manat vermək də bu anormallığın pik nöqtəsidir. Oysa ki binadan çıxıb 500 metr yuxarı qalxsaq, hər şey normaldır.

20 yanvar dairəsi...

Pirojki qoxusu, Manaf Ağayevin zəngulələri, Rövşən Binəqədilinin mahnıları, Sumqayıta bir nəfər...

Biz isə bu normallığın içində səhnədəki o döşəmənin cırıltısıyıq.

Şükür, ilahi, az da olsa cırıldaya bilirik.

“M”ənim teatrımda...

 

***

Taksiyə otururam. Sürücü cavan oğlandır. Binanın qapısında dayanıb siqaret çəkən iki oğlan və bir qızı görüb deyir:

- Bunlara bax, gənclərimizdir.

İstehzanı sezib deyirəm:

- Onlar aktyorlardır.

Sürücü:

- Həə, elə bildim ayrı adamlardır...

 

“İnsanlar müvəqqəti istəkləri olan, ziddiyətli varlıqlardır. Eynilə şahmatçılar kimi məqsədə çatmaqdansa, məqsədə gedən yolları sevirlər”.

 

Uzaqlaşırıq, ayrı adamların olduğu yerə doğru.