İndi bilmirəm, keçmişdə körpü tikiləndən sonra mühəndis ailəsini götürüb altında dayanmalıydı, ondan sonra körpünün üstündən ağır yük maşınları keçməli idi. Bu ondan ötəri idi ki, mühəndis işinə məsuliyyətlə yanaşsın.
Dalbadal pambıq tarlalarında zəhərlənmə hadisələri baş verir. İlk Saatlıda oldu deyəsən , ondan sonra dalbadal rəsmi qurumlardan açıqlama gəldi. Hətta televizyonlarda pambıq tarlasında işlərkən dərmanlardan qorunmaq üçün necə geyinmək lazım olduğunu göstərdilər. Əvvəla, əvvəlcədən maarifləndirmə aparılmalıydı, qapı bağlanandan sonra yox.
İkincisi, yadıma keçən ilki bir hadisə düşdü. Fermerlər şikayət edirdilər ki, sovka üçün gətirilən dərmanlar yararsızdı, hətta iki-üç dəfə vururuq, sovka elə bil araq içmiş adam kimi daha çox yeməyə daraşır. Mən də fermerlərə bildirdim ki, həmin dərmanlardan düzgün istifadə etmirsiz, ona görə sovka ölmür. Gərəkdir ki, sovkanı tutasan, boğazını sıxasan, ağzını aça, ondan sonra dərmanı tökəsən onun ağzına.
İndi İmişlidə də zəhərlənmə olub. Bütün rəsmi qurumların rəhbərləri də gedib hadisə yerinə. Allaha şükür, ölüm-itim olmayıb.
İndi də bir məsləhətim var. Birinci Kənd Təsərrüfatı Nazirliyi araşdırmalıdır ki, bu zəhəri kim gətirir. Və nazirliyin də öz borcudur ki, əvvəlcədən maarifləndirmə işi aparmalıydı. Televiziyalarda bir müğənninin evindən gedən verilişlərin birini azaldıb bununla bağlı proqram yapmalıydılar. Hələ də gec deyil.
Məsləhətim də odur ki, Kənd Təsərrüfatı Nazirliyi indən belə kim zəhər gətirsə, əvvəlcə onun özünə qoxulatsın, sonra istehsalata buraxsın.
«Qrafinya de Monsoro» filmində Şiko demiş, yuxarıdakılar da onlara məsləhət verdiyimə görə məni bağışlasın.


Bakı -°C
