adalet.az header logo
  • Bakı -°C

Aqil ABBAS: HANDE XANIM, NƏ OLAR, DANIŞMAYIN DANA!

AQİL ABBAS
408814 | 2020-08-22 10:45
A- A+

Hande xanım, əti ətimizdən, dili dilimizdən, qanı qanımızdan olan bir qız kardeşimizsən. Sizi çox sevirik, əziz qonağımızsan, daha doğrusu, sizlərin və bizlərin işlətdiyi bir laf var, öz evinizdəsiniz və gözümüz üstə yeriniz var.

Və sevinirik ki, bizlərdən biri dünyanı barmağına dolayan o boyda Ümumdünya Səhiyyə Təşkilatında çalışır. Və ona da sevinirik ki, həmin təşkilat bura qurbağa yeyən fransız, iki dünya müharibəsinin banisi nemes, Hindistanı 300 il əsarətdə saxlayan ingilis yox, bizlərdən biri olan sizi göndərib.

Amma nə olar, siz Allah, danışmayın. Siz danışmayanda daha gözəl, daha cazibədar görünürsünüz. Nə olar, danışmayın də! Ayağınızın altında ölüm, atam-anam sizə qurban, yeyin-için, ara günlər istəyirsiz Qəçreşə gedin, istəyirsiz Qəbələyə gedin, hara istəyirsiz, amma danışmayın!


Dövlətin bu namərd xəstəliklə apardığı gərgin mübarizə nəticəsində artıq yoluxanlar azalır, sağalanlar çoxalır. İnsanlarda bir ümid yaranıb ki, tezliklə bu xəstəlikdən canımız qurtulacaq. Həyat yavaş-yavaş bərpa olunur, adamlar yenidən işinə-gücünə çıxır və sair və ilaxır.

Baxıram, televizyonda deyirlər ki, Hande xanım virusla bağlı açıqlama verib və şəklinizi qoyublar ekrana və sizin açıqlamanızı oxuyurlar. Sevindim ki, yəqin təzə nəsə bir xəbər var. Nəvələr də səs-küy edirdi, tez başqa otağa keçdim ki, yaxşı dinləyim.

«Xoş» və şok açıqlamanızı dinlədim. Dediniz ki, bu virus hələ bir il də, hətta iki il də davam edəcək. İnsanların ürəyində təzə-təzə yaranan, hələ gözlərinə çıxmamış ümidi elə ürəklərində də öldürdünüz.

Lap ATƏT-in həmsədrləri kimi apardınız özünüzü.

Nə olar, danışmayın. Ayağınızın altında ölüm, dədəm-nənəm sənə qurban, danışmayın. Azərbaycanın o qədər gəzməli, görməli yerləri var ki. Gedin ürəyiniz istədiyi qədər istirahət edin, amma danışmayın.


  • Noyabr:
  • 28

TƏQVİM / ARXİV