Aqil ABBAS: KƏSSƏ HƏR KİM TÖKÜLƏN QAN İZİNİ, QURTARAN DAHİ ODUR YER ÜZÜNÜ

AQİL ABBAS
890 | 2022-04-04 14:21

Rusiyanın apardığı işğalçı müharibə nəticəsində Ukraynanın şəhər və kəndləri Ağdamın gününə düşüb. Mariapolun indiki vəziyyətinin şəklinin yerinə Ağdam şəhərinin şəklini qoysan o qədər də böyük fərq etməz. Əhalisi də elə ağdamlıların günündədi. Xalq da baş götürüb yarısı Rusiyaya, yarısı Avropa ölkələrinə qaçır. Atılan raketlər, bombalar baxmır bu uşaqdı, qadındı, qocadı. Bir sözlə, müharibə dəhşətdi. Biz bunu görmüşük, ona görə də dünyanın harasında müharibə olsa o ağrını yenidən yaşayırıq.

Hüqo deyir: «Dünyada uşaq qığıltısından böyük himn yoxdur». Amma böyüklərin mənəm-mənəmliyi uşaq qığıltısını eşidilməyə qoymur.

ABŞ və NATO ölkələri eyni dinə, eyni dilə, eyni mədəniyyətə, eyni tarixə malik olan iki qardaşı bir-birinə qırdırır. Və iki qardaşı bir-birinə qarşı elə nifrətə kökləyib ki, uzun illər bu nifrət onların ruhundan çıxmayacaq. Avropa ölkələrinin hamısı dırnağını bir-birinə sürtür, nə veclərinə, ölən ukraynalıdı, ya rusdu.

Belə bir vaxtda bir türk dövləti və o dövlətin sayın cümhurbaşkanı Rəcəb Tayyib Ərdoğan girib bu qardaş qırğınının arasına müharibəni dayandırmaq, onları aralamaq istəyir.

Ağdamda bir Peti İsmayıl vardı. Deyirdi ki, iki dalaşanın arasına girib ayırmağa çalışmayın, arada şillə-təpik də sizə dəyəcək, bıçaq da sizə dəyəcək, məhkəmədə də ilk şahid sizi çağıracaqlar.

Peti İsmayılın sözü olmasın, Türkiyə elə həmin vəziyyətdədi, girib araya, ona şillə-təpik dəyir, o da bıçaq yarası alır. Üzvü olduğu NATO-nun və ABŞ-ın bütün təzyiqlərinə baxmayaraq, geri çəkilmək istəmir. Və yəqin ki geri də çəkilməyəcək.

Sözə bax ey, ABŞ deyir ki, Rusiyadan aldığın S-400-ləri ver Ukraynaya. Duxun çatır özünün «Patriot»larını ver də Ukraynaya. O «Patriot»ları ki heç Türkiyəyə qıymadı.

İnşallah, bu müharibənin qalibi müharibəni kəsən ölkə olacaq – Türkiyə olacaq! Sayın Rəcəb Tayyib Ərdoğan olacaq!

Oxuyuram ki, təklif edirlər ki, Ərdoğana Nobel Sülh mükafatı verilsin. Deyəsən «Yeni Müsavat»ın əməkdaşı Elşad Paşasoy yazmışdı bunu.

Verməzlər, dostum. Nobel Sülh Mükafatı verənlər müharibənin daha da şiddətlənməsini istəyir, kəsilməsini yox. Sayın Ərdoğanın ən böyük mükafatı bu dünyanın göz yaşlarına dəyməyən uşaqların qığıltısı olacaq. Dünyanın ən böyük himni.

TƏQVİM / ARXİV