Deməli, pandemiya elan olunandan sonra rayonlararası avtobus marşrutlarının hamısı bahalanıb. Rayondan Bakıya və ya Bakıdan rayona gedən camaat taksidən istifadə etmək məcburiyyətində qalıb. Benzinin qiymətinin 10 faiz bahalaşmasına baxmayaraq, taksilər qiyməti 100 faiz qaldırıblar, elə şəhər daxilində də. Buna bir səbəb də ərzaq məhsullarının qiymətinin 20, hətta 30 faiz bahalaşmasından irəli gəlir.
Deməli, şəhərlərarası marşrutlarda 30-40 kv.metrlik məkanda 60-70 nəfər ağız-ağıza gedə bilər. Hələ dayanacaqlardakı vəziyyətdən danışmırıq. Amma rayonlara gedən avtobuslarda (təbii ki, ayaq üstə gedənlər yoxdu) oturacaqlarda 30-40 nəfərin getməsi qadağan olunub.
Niyə? Nəyə əsaslanıblar? İnsanlara bu zülmü niyə verirlər? İnsanları iqtidardan niyə incik salırlar? Xalqa bu düşmənçiliyi niyə edirlər?
Niyə insanlar aldıqları minimum 250 manat əmək haqqının yarısını Bakıya gəlib-getmək üçün taksilərə verməlidirlər?
Hələ bunların içində qazilər, yaralılar var ki, müharibədən az qala 5 ay keçməsinə baxmayaraq, hələ də əlillik kağızını almaq üçün bəzən ayda iki və ya üç dəfə Bakıya gəlməli olurlar.
Müdafiə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hələ də onlara əlillik dərəcəsi vermək üçün öz aralarında bir dil tapa bilməyiblər. Bu nazirlik onun üstünə atır, o nazirlik bunun.
Hələ əlillik dərəcəsinin verilməsindəki problemləri demirəm. Döyüşçü dizindən aşağı ayağını itirib və bədənində neçə qəlpə, deyirlər ki, sən 3-cü dərəcəli əlilsən. Çünki Nazirlər Kabinetinin qərarı belədi.
Parlamentdə də deyilir, mətbuat da yazır, Nazirlər Kabineti isə bu məsələyə yenidən baxmaq istəmir.
Bir Operativ Qərargah yaradıb, o da yalnız qadağalarla məşğuldu: ara məsafəsi saxla, maskan bir az burnundan aşağı düşübsə cərimə, restoranda yeyib-içə bilərsən, amma ad gününü qeyd edirsənsə cərimə, polisə aparmaq və sair və ilaxır. İdman zallarını bağla, toy edə bilməzsən, toy cəhənnəm, yas da edə bilməzsən, dəfndə də 10 nəfərdən artıq adam varsa getdin eyyy…
Bu pandemiya deyil ey, nədisə bir bəladı, keçirdiblər xirtdəyimizə.
Təbii ki, özümüzü qorumalıyıq, müəyyən qanunlara əməl etməliyik. Özümüzü qorumaqla ailəmizi, eləcə də milləti qorumuş oluruq. Amma bu qədər qadağaların altında insan əzilir.
Operativ Qərargah, dədəm-nənəm saa qurban, bu millətə yazığınız gəlsin.
Mejduproçim, şəhərimizin az qala yarısı artıq bir ildir ki,vaxtilə lağ elədiyimiz uruslar kimi boçkada çimir. Şəhər iy verib iylənir. Bu iyin bircə xeyiri odur ki, iy hiss etdiyinə görə bilirsən ki, koronavirusa tutulmamısan.