İşğaldan azad olunduqdan sonra bu günədək Ağdam şəhərini ən azı 2 min nəfərə yaxın insan ziyarət edib – həm bizlər, həm də xarici ölkələrdən gələn nümayəndə heyətləri, səfirliklər, xarici jurnalistlər və sair və ilaxır.
Ağdam bir meşənin içində yerləşirdi. Ermənilər təkcə abidələri və evləri dağıtmayıblar, həm də şəhərdəki bütün ağacları qırıblar. İndi şəhər boz bir səhraya oxşayır.
İndiyədək olan olub, yəni əvvəlki ziyarətçilər qaldı əvvəldə.
Bəlkə bu gündən sonra Ağdama yola düşən, istəyir bizlər, istəyir xaricilər, adama heç olmazsa bir ağac əkək? Deyərlər ki, minalanıb. Əvvəla, şəhərin xeyli hissəsi minadan təmizlənib.
Deyək ki,İmarətdə əkmək olar, məscidin ətrafında əkmək olar, məscidin önündə əkmək olar, keçmiş Lenin bağında əkmək olar.
Şəhərdə Allahverdi Bağırovun, Canpoladın, Ərşad Nadirovun (General Ərşad) və daha yüzlərlə şəhidin uyuduğu qəbiristanlıq əvvəllər Böyük Vətən Müharibəsində həlak olanların şərəfinə salınmış böyük bir park idi. Həmin parkda da çinar ağacları əkmək olar, şəhidlərimizin ruhu da çinarlaşar.
Ağdam Rayon İcra Hakimiyyəti artıq yolların kənarında ağacəkmə kampaniyasına başlayıb.
Əgər ziyarətçilərimiz də bu kampaniyaya qoşulsalar, onların bu şəhərə hədiyyəsi olar. Özü də Dostluq bağı adlanar.
Ya Allah, qollarınızı çırmalayın, cənablar!
P.S. Bu təklif təkcə Ağdam üçün keçərli deyil. İşğaldan azad olunmuş bütün şəhər və qəsəbələrimizə də aiddir. Sevindirici haldır ki, artıq Zəngilanda və Bəsitçayda belə bir kampaniyaya start verilib. İlk çinar tinglərini də Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva, eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva əkiblər.
Həmişə demişəm, yenə də deyirəm, Qarabağın torpağı o qədər bərəkətlidir ki, daş əkərsən, çiçəkləyər. Bu kampaniyanı genişləndirsək iki-üç ilə Ağdam və digər şəhərlərimizdə gül-çiçək açar.