adalet.az header logo
  • Bakı -°C
02 Iyul 2026 13:44
64
ELM VƏ TƏHSİL
A- A+

Bağçalara elektron qəbula başlanılır

Məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qəbulu prosesinə başlanılır.

Adalet.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, iyulun 7-si saat 11:00-dan etibarən Regional Təhsil İdarələrinin və Naxçıvan Muxtar Respublikasının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə, iyulun 9-u saat 11:00-dan isə Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün elektron növbələrin yaradılmasına başlanılacaq.

2021 və 2022-ci il təvəllüdlü uşaqlar üçün elektron növbələr saat 11:00-da, 2023, 2024 və 2025-ci il təvəllüdlü uşaqlar üçün isə saat 15:00-da aktivləşdiriləcək.

Bu il ilk dəfə olaraq qəbul prosesi "myGov" platforması üzərindən həyata keçiriləcək. Valideynlər və ya qanuni nümayəndələr "myGov" kabinetində "Xidmətlər" bölməsindən Elm və Təhsil Nazirliyinin "Məktəbəqədər təhsil müəssisələrinə qəbul" xidmətini seçərək elektron müraciət edə biləcəklər.

Qəbul sistemi vasitəsilə bir uşaq üçün maksimum üç məktəbəqədər təhsil müəssisəsi seçmək mümkündür. Yaradılmış növbə boş yer olduğu təqdirdə minimum beş gündən sonra sorğuya çevriləcək. Sorğu yaradıldıqdan sonra valideyn və ya qanuni nümayəndə yeddi gün ərzində tələb olunan sənədləri müvafiq məktəbəqədər təhsil müəssisəsinə təqdim etməlidir. Əks halda sorğu ləğv ediləcək və növbə üzrə digər uşağın qəbulu aparılacaq.

Bildirilib ki, ötən tədris ilində yaradılmış növbə və sorğular arxivləşdirilərək valideyn kabinetinə əlavə olunub. Həmin növbə və sorğular 2026-2027-ci tədris ili üzrə qəbul prosesində etibarlı hesab edilmir.