
Qarşımda bir kitab var. Əslində kitabdan daha çox bir qom bənövşəni xatırladır mənə. Özü də kol dibində boynu bükmüş bənövşəni yox, üstü şehli günəşə doğru can atan qan bənövşəni. Ona görə qan bənövşəni deyirəm ki, onu tanıyanlar, görənlər bilirlər ki, bu bənövşənin ləçəkləri həmişə şehlə dolu olur və həmişə də həyat əlamətlərini özündə əks etdirir. Bax elə qarşımdakı kitabı da həmin bənövşəyə bənzətməklə (müəllifindən üzr istəyirəm, bəlkə də bu bənzətmə yerinə düşmür - Ə. M.) mən özümü götürüb uzaq bir dağ kəndinə, doğulduğum el-obaya aparıram. Və mənə elə gəlir ki, dünyanın ən saf, ən təmiz, ən gözəl ünvanlarından biri olan, axarlı-baxarlı həmin o kəndin yal-yamacında bitən həmin o qan bənövşələr bu gün də üzü bizə tərəf boylanır. Amma qönçəsi şehlə dolu deyil, göz yaşıyla doludu, nisgillə doludu. Və onun qan rəngi, o nisgili, o ağrı-acını öz qoynunda əridib itirə bilməyibdir. Nə isə
Bəli, qarşımdakı "Hekayələr" kitabını çoxdan oxumuşam. Özü də ayrı-ayrılıqda bu hekayələri "525-ci" və "Proloq" qəzetlərində tələsmədən, maraqla, sevgiylə, həqiqi mənada məni özünə çəkən bir ədəbi nümunə kimi mütaliə etmişdim. Və hətta bəziləri haqqında öz fikirlərimi zamanında müəllifə də söyləmişəm, oxuculara da çatdırmışam. Lap sonuncu "Gulu qah-qah xanımın nağılı" hekayəsini "525-ci qəzet"də oxuyanda mənim ədəbi baxışımda bir dəyişikliyin baş verdiyini, yeni nə isə öyrəndiyini aşkarca duydum. Və elə həmin hekayə barəsində düşüncələrimi qələmə alarkən də çəkinmədən Kamal Abdullanın bu hekayəsini ədəbi janr baxımından çox çevik olduğunu və hekayə içərisində sanki bir cəldliyin, necə deyərlər surətin olduğunu hiss etdim. Bir az da açıq ifadə etsəm hekayənin süjet xətti elə qurulmuşdu ki, hadisələr az qala dabanqırma, yəni yüksək sürətlə bir-birini əvəzləməklə yanaşı, həm də zamanlar bir-biriylə üst-üstə düşür, bir zaman ikincini tamamlayırdı.
Ümumiyyətlə Kamal Abdullanın bu "Hekayələr" kitabı müasir oxucu üçün həm yazı üslubu baxımından, həm mövzu baxımından keçmişlə bu günün və gələcəyin vəhdətini təşkil edən bir toplu kimi ortaya qoyulur. Burada hər bir hekayənin özü ayrı-ayrılıqda bir ədəbi nümunə olmaqla yanaşı, həm də mövzuların müəllifin özünəməxsus bir bulaqdan qaynaması, bir ocaqdan köz götürməsi baxımından zəncirvari bir reaksiyanı xatırladan bir yolü keçib gəlir. Ona görə də oxucu hekayənin birindən ikincisinə keçəndə həmin o davamlılığı özüylə aparır və dəyişən hadisələrin fonunda oxucu yalnız qəhrəmanların adını dəyişdiyini yalnız hiss edir. Bu mənim şəxsi qənaətimdir, çünki hekayələrin dili, üslubu, yazı manerası, ortaya qoyulan məram və məqsəd məndə bu qənaəti yaratmışdı.
Bu gün necə deyərlər, hamı yazır, amma bir şey var ki, hamı da oxumur və oxunmur. Bu mənada hekayə yazmaq o qədər də çətin görünmür, ancaq yazılan hekayənin və digər bədii nümunələrin təkcə mövzusu yox, həm də onun oxucuya verdiyi mənəvi qida artıq bu qələm sahibinin gücündən, imkanından asılıdır. Şəxsən mən Kamal Abdulla yaradıcılığına az-çox bələd bir oxucu kimi onun istər romanlarını, istərsə də hekayələrini və digər janrdan olan əsərlərini, o cümlədən də ədəbi rakurslarını maraqla oxuyuram. Çünki bunların hər birində mütləq təzə nə isə görürəm, tapıram və daha çox da onlar mənə görünür və özləri ortaya çıxırlar. Bax, elə ona görə də bu gün Kamal Abdullanın "Hekayələr" kitabını birnəfəsə oxuyanda heç bir artıqlığa, kənara çıxmalara rast gəlmədim. Öncə ona görə ki, bu hekayələri əvvəldə dediyim kimi əksəriyyətini mətbuatda oxumuşdum, sonra həm də ona görə ki, toplum halında olan bu hekayələr xatırlatdığım qan bənövşənin bir qomu kimi mənimlə üz-üzə idi.
Azərbaycan oxucusu indi yaxşı sözün, kamil əsərlərin o qədər də fərqində deyil. Çünki oxu mədəniyyətimiz, oxu maraqlarımız iqtisadi maraqların, məişət dünyamızın kölgəsində qalıbdır. Amma buna baxmayaraq (boz ədəbiyyat da oxucuları bezdirib - bu da bir şərtdi - Ə.M.), oxucu təsadüfdən və yaxud maraqdan qarşılaşdığı yaxşı kitabdan, yaxşı əsərdən ayrılmaq istəmir. Elə Kamal Abdulla da məhz yaxşı əsərlərin, dəyərli kitabların müəllifi olduğundan mən də bir oxucu kimi bu gün səhhətimlə bağlı yaşadığım problemlərin içində həmin hekayələri yanımdan kənara qoymadan birnəfəsə oxudum və hərdən ağrılar imkan verəndə təkrar bu hekayələrə bir də qayıdıram. Çünki onlar mənim həsrətində olduğum qan bənövşənin gözü yaşla dolu olduğu ünvana çəkib aparır...
P.S. Məndə şəxsi bir qənaət də var : -Daxilən inanıram ki, hər bir imza sahibi az. ya çox olmaqla şərti ilə, bəzi müstəsna hallarda isə bütövlükdə ÖZÜNÜ yazır!! Bu mənada həyatda və hər kəsin diqqət mərkəzində olmaqla yazdığını sevdirmək, oxutmaq heç də asan iş deyil! Ən azından ona görə ki, həm yazıçı, həm elm adamı, həm içtimai xadim və həm də məmur-rəhbər olmaqla bütünlük tərəfindən eyni səviyyədə sevilmək heç kimə nəsib olmayıb! Bu , ümumiyyətlə mümkünsüz bir haldı! Çünki, yanaşmalar, dəyər vermək qabliyyəti, eləcə də dərk etmə ölçüsü fərqlidi... Deməli , indiki reallıqda alim, içtimai xadim, rektor və Xalq yazıçısı Kamal Abdullanın yaradıcılığı və fəaliyyəti barəsində kimlərinsə, öncəliklə öz çevrəsindən kənarda tanınmayanların öz arşınlarına uyğun çıxışları təkcə təəssüf yox, həm də gülünc doğurur... Xüsusi ilə ona görə ki, haqqı, kəsilən çörəyi unudanların, tapdalayanların bu günü kimi, sabahları da olmur,olmayacaq da!
Kamal Abdulla isə həm RƏSMİ, həm də qeyri-rəsmi, yəni XALQ tərəfindən yazıçı və Alim kimi bu gün də, sabah da olmaq haqqını qazanıb... Qələminin barı olan elə bu hekayələrlə də!..