adalet.az header logo
  • Bakı 12°C

Birləşmiş Millətlər Çayxanasında da bir çaynik çay İçərişəhərdəki kimi 20 manatdı?! - Aqil ABBAS yazır

AQİL ABBAS
1180 | 2023-06-08 09:00

Müharibəni də adam balası kimi apara bilmirlər. Özü də nə Rusiya, nə də Ukrayna. Sizə gülməli gələ bilər ki, müharibəni adam balası kimi aparmaq nə deməkdir. Adam balası kimi aparmaq müharibə qanunları ilə aparmaq deməkdir.

Necə ki 44 günlük müharibədə biz müharibəni adam balası kimi aparırdıq, yəni ermənilərin yaşadığı şəhər və kəndləri bombalamırdıq, raket atəşinə tutmurduq, dinc əhalini qırmırdıq, nəinki qırmırdıq şey-şüylərini yığışdırıb gedəndə əsgərlərimiz kömək də edirdi, əsir götürdüklərimizi də gündə üç dəfə yeyirib-içirib toy toğlusu kimi saxlayırdıq. Amma ermənilər şeytan balası kimi aparırdı müharibəni. Şəhər və kəndlərimizi, dinc əhalimizi uzaq mənzilli raketlərlə vurur, əsirlərə işgəncə verir, diversiya qrupları yaradıb terror həyata keçirir və sair və ilaxır.

İndi Rusiya-Ukrayna müharibəsində də hər iki tərəf bütün hərbi cinayətlərə əl atır – şəhər və kəndləri bombalayır, dinc əhalini qırır.

İndi də Kaxovka Su Elektrik Stansiyasını partladıblar. Kəndlər, şəhərlər su altında qalıb. Elə yerlər var ki, suyun hündürlüyü 12 metrədək qalxıb. Sel qabağına keçən hər nə var yuyub aparıb. Yüz minlərlə insan evindən-eşiyindən didərgin düşüb. Fəlakətin nə ilə nəticələnəcəyi hələ bilinmir. İnsan tələfatı haqqında da məlumat verilmir.

Mütəxəssislərin fikrincə, SES-i bərpa etmək mümkün deyil, yəni anbardakı su qurtarana qədər fəlakət davam edəcək.

Anbarın partladılmasında Ukrayna Rusiyanı, Rusiya isə Ukraynanı suçlayır.

Kosmosdan yerdəki siqaret kötüyünün «Marlboro» və yaxud «Camel» olduğunu aydınlaşdıra bildikləri halda (həm ABŞ, həm də Rusiya) bu cinayəti kimin törətdiyini bilmək o qədərmi çətindir?

44 günlük Zəfər qələbəsindən, Qarabağ işğaldan azad edildikdən sonra ATƏT yenə burnunu Qarabağa soxmağa çalışır. Ermənilərin başına dəyən Dəmir Yumruq ATƏT-in də burnuna dəydi, çəkildi və hələ də donquldanır.

Bir ATƏT də Rusiya-Ukrayna münaqişəsi ilə bağlı yaratmışdılar, harda sülənirlər? Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı əslində Avropa Təhlükəlilik və qeyri-Əməkdaşlıq Təşkilatına çevrilib. Çünki ABŞ-ın başçılığı ilə NATO dövlətləri belə istəyir.

NATO-nun başqanı deyib ki, müharibə hələ uzun çəkəcək. Çünki ABŞ və NATO üzvü olan dövlətlərin fikirləri təkcə Rusiyanı dalı üstə qoymaq deyil, həm də Ukraynanı bir neçə yerə parçalamaqdı. Çünki nə NATO-ya, nə də Avropa İttifaqına 46 milyonluq və 860.000 kv.km-lik Ukrayna lazım deyil.

Heyf Ukraynada şəhid olan azərbaycanlılara və Ukraynanın dinc əhalisinə.

Görəsən, Birləşmiş Millətlər Çayxanasında da bir çaynik çay İçərişəhərdəki kimi 20 manatdı?!

TƏQVİM / ARXİV