CİSMANİ AYRILIQ ANIM - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
1888 | 2024-05-03 09:39

və yaxud  Anasızlığımın  başlanğıcı...

"Hər dəfə onunla diz-dizə oturanda gözlərimi gizlətməyə çalışıram, baxa bilmirəm gözlərinə. Çünki əsən əlləri, qırışlardan bütün gözəlliyini itirmiş sifəti mənim ürəyimi parçalayır. Saçlarında bir dənə də olsun qara tük yoxdu. Mən heç xatırlamıram artıq onun saçlarının qara olduğunu. Elə bil ki, bu dünyaya üzündəki saysız qırışlarla, əsən əlləriylə, bəmbəyaz saçlarıyla gəlib anam. Mənim səsi məlhəm, əlləri ipək, saçları göyçək anamın izi-tozu qalmayıb bu dünyada. Onlar qeybə çəkilib. Çünki mən günahkaram...

Çünki mən onun 1988-ci ildən o yanda qalan illərini qoruya bilməmişəm... Buna görə də baxa bilmirəm gözlərinin içinə. Amma o...

Əllərimi alıb əllərinin içinə... İkimizin əli birlikdə əsir... ikimizin nəfəsi birlikdə titrəyir... və eşidirəm onun səsini:

- Ay oğul, başının tükü nə yaman ağarıb? Niyə bu hala düşmüsən?

Heç nə deyə bilmirəm ona. Nə deyim axı?! Günahlarımı necə etiraf edim?! Bir oğul ki, anasını dişiylə, dırnağıyla yuva etdiyi evdə saxlaya bilmirsə, nəfəsiylə isitdiyi divarların arasında yaşada bilmirsə və bir də bütün gəncliyini, gözəlliyini, dizinin taqətini, gözünün nurunu bələdiyi evdə bu yaşına gətirib çıxara bilmirsə, onda niyə ağarmasın saçları? Onda niyə düşməsin bu hala?!

“Soruşma, ana, məndən heç nə soruşma. Mən sənə cavab vermək gücündə deyiləm...."

Oxuduğunuz  bu  cümlələr  anama  bu ilin 8 mart Qadınlar bayramında  yazdığım  məktubdandır... Onda, yəni  bu  məktubu  yazanda  ağlıma da  gəlməzdi  və heç  gətirməzdim ki, cəmi  46  gündən sonra, yəni 24.04.2024-cü ildə anam bir  mələk  kimi  yığışıb köçüb  gedəcək gəldiyi Tanrı  dərgahına!.. Mən  bu  bəlli  tarixi  yazıb sanki  yuxudan oyanmış kimi rəqəmlərin düzülüşünə   baxdım... eyni  rəqəmlər  sadəcə  sırada yerlərini dəyişmişdi!.. Məncə  bu  heç də  təsadüf  deyil... bu, həqiqətən anamın   bir  mələk  olduğunun təsdiqidir!.. Axı, mələklər də  göy üzündə - Tanrı  dərgahında  yaşayırlar  və  övladlarını, sevdiklərini  oradan izləyirlər...

24.04.2024... gecə... saat 03.44... Artıq  son  beş gündür ki, anam su da  içmir... sadəcə  gözləri  yumulu  vəziyyətdə  ağır-ağır  nəfəs  alır... yanaqları solub... dodaqları çatlayıb... tez-tez   nəm pambıqla  dodaqlarını  silirik... həmin nəm pambıqdan daman su da  onu  sanki boğur... çeçədir... öskürdür... Bütün ailə  yığışıb  onun  ətrafına... Danışdırmaq,  səsini  eşitmək  istəyirik... O  isə  susur... Elə  bil ki,  bütün varlığı ilə  balalarını  dinləyir... bəlkə də...

Oturmuşam çarpayısının  yanında... Və düşünürəm... düşündüklərimi  özüm üçün  qeyri-ixtiyari  pıçıldayıram: - Həyatda ən dəhşətli an - ovcunun içində ana əli, gözünün sancıldığı ana gözləri... və sən bir oğul kimi onu əbədi ayrılığın əlindən almaqda çox gücsüzsən... bağışla, Ana... bağışla...

Həmin gecə  çox  qəribə  bir   hadisə baş verdi... indi də xatırlayanda Ana  qüdrətinə, Ana  gücünə  və Ana  fəlsəfəsinə  mat  qalıram... İlahi, anam bizlə necə  vidalaşdı!!!  Təsəvvür  edin ki , həmin xatırlatdığım anlarda anamın gözlərinin yuvasında  iki  damla  yaş...  və o, son gücü ilə göz qapaqlarını  qaldırıb mənə... hamımıza baxdı... və...   köçdü!!!! Əbədi  evinə... Tanrı  dərgahına  getdi... bu  cür   VİDALAŞMANI  yalnız  analar  bacarar... yalnız  onlar  belə  köçə  bilər...

 

Sanki qurumuşam, sanki donmuşam

Allah göz yaşı da vermir, ağlayım...

Gözləri gözümə köç etdi indi -

Anamın gözünü necə bağlayım?!.

 

Sönüb varlığımda həyat izləri

İçimin tüstüsü qara buluddu...

Bu hansı günahım, hansı ahımdı -

Yanımdan sürüşüb anamı tutdu?!

 

Söz tapa bilmirəm -dilim də dönmür

İçimdən keçəni mən açıb tökəm...

Bilirəm, analar köç edir, - ölmür -

İndi gücüm yoxdu, önündə çökəm!..

 

Ana, göz yummaram tay bundan sonra

Sənin gözlərini güldürmək üçün!..

Hər gün axtaracam, gəzəcəm çarə -

Ana ölümünü öldürmək üçün!

 

***

...Kimsə anamın üzünü  örtdü... Həyatımda ilk dəfə acı-acı hıçqırtı ilə ağladım... sonra  bu  hıçqırtı dəhşətli  hönkürtüyə  çevrildi...

Ürəyim saplağından  üzülmüş kimi  idi... Məni sakitləşdirmək istəsələr də toparlana  bilmirdim... əyilib  anamın üzündən  öpdüm...

Solğun yanaqları  bir  anın içində  buz  kimi  olmuşdu... İlk ağlıma  gələn bu oldu ki, bəlkə anama soyuqdu... bəlkə anam üşüyür??? Təkrar əlimi üzünə, ağappaq saçlarına çəkdim... yox... yanılmışam... mən onu öpəndən sonra onun Ana hərarəti qayıtmışdı... məni ovundurmaq  üçün...

  

Təsəlli verən hər kəsə -

"Sağ ol!" - söyləyib susuram...

Tapmayıb başqa bir nəsə -

İçimdə sözdən küsürəm!..

 

Bu anım ahın tüstüsü

Canımı ütür istisi!..

Pozulub ömrün ütüsü -

Mən tay ümidi kəsirəm!

 

Dolaşır ayağım, dilim

Uzanır saqqız tək ilim...

Anamı aparan ölüm -

Başı aşağı gəzirəm!..

 

Lap ilkdən belədi axın -

Deyən, ay uzaq, ay yaxın!

Məndə oğulluğa baxın -

Bir həftədir ki, dözürəm!..

Deyirlər torpağın üzü soyuqdu... unutdurur... ya da inandırır cismani  yoxluğa... Bəlkə də belədi... amma  şəxsən mən bu deyimlə razılaşmıram... Ananı necə unutmaq  olar? Bax elə  bu  yaşımda da ağrı  mənə  güc  gələndə "Ay Ana"- deyib ufuldayıram... Yaşımızdan asılı olmayaraq  hamımız  beləyik... Sadəcə   bu  ayrılıq  bizi  ana  nəfəsinə, ana qucağına, başımızı qoyub  mürgülədiyimiz  ana  dizinə  həsrət  qoyur... bu  cismani  təmasları əlimizdən alır!!!

 Beyləqandakı  məşhur   məzarlıqda - Cərgis peyğəmbər ziyarətgahı ərazisində - atamın məzarı yanında  torpağa tapşırdım ANAmı... Dəfndən öncə  məzara  diqqətlə  baxdım... hətta  məzarqazanlardan soruşdum ki,  necədi? Rahatdırmı  yeri anamın?

Təəccüblə üzümə  baxan  məzarçı "Narahat  olma,  rahatdı" - dedi... Baxışlarından  və sözü  deməyindən  hiss etdim ki, məndən ağlı  bir  şey  kəsmədi... ona  görə də "yola  verdi" məni... Onu da qınamıram... Axı o mənim ağrımı mənim kimi  duya  bilməz? Ona  görə qazılmış məzarın  ayaq  tərəfinə  keçib  susdum... anamı dəfn etdik... Onun  əbədi evinin qapısı bağlandı... Və mən  yenə də özümü  tuta bilmədim... Göz  yaşlarım  Anamın məzarına  damdı...

 

Nə zəng gözləyirəm, nə də ismarıc

Artıq son ümid də döndü ilğıma...

Bu da məzar yeri - on-onbeş qarış -

Gəlməzdi bu mənim heç vaxt ağlıma!..

 

Diz çöküb son dəfə öpdüm üzündən,

Göz yaşım oyada bilmədi onu...

Dünyanın ən acı selin gözümdən -

Tərpənib, ovcuyla silmədi onu...

 

Özümü sıxmağım uğursuz oldu,

Hönkürtü içimdə üsyan elədi...

Bu necə qədərdi, bu necə yoldu -

Heç kim "Yolun açıq olsun!" - demədi.

 

Bəlkə fikirlərim yersiz, mənasız

Ya da kimlərəsə gülünc görünür...

Mənsə barışmıram, çünki anamın -

Əbədi deyilən evi hörülür...

 

... Bu  yazdıqlarım   anamla keçirtdiyim son anın mənzərəsidi... amma  hamısı deyil...  İndi  hamısını  yazmaq  gücüm  yoxdu... Və  bir də həmin "Əbədi  evin" kandarından da "Analı günlərim"  başladı...  Bundan sonra yaşayacağım  günlərim... "Əbədi evində" nur içində  yat , ANA!..

TƏQVİM / ARXİV