05 Avqust 2024 11:36
69
ƏDƏBİYYAT

Doğmalar arasında!

Siyəzəndə dövlət notariusu işlədiyi təzə vaxtlar idi. Rayon Gənclər İdarəsinin rəisi Vahid Əhmədov yanına gəlib, onunla görüş keçirmək istədiklərini dedi. Açığı onda çox da belə işlərə meyilli deyildi. Vahid müəllim gözəl insan idi. Xətrini dünyalar qədər istəyirdi. Allah ona qəni-qəni rəhmət eləsin, bu işıqlı həyata cavankən əlvida dedi. İdmançı adam idi. Sadəliyinə, səmimiyyətinə söz ola bilməzdi. Xitabət kürsüsündə danışanda da elə dayanır, danışırdı ki, sanki rəqiblə döyüşdə, mübarizədə idi. Boks oynayırdı...

Bu mövzuda söhbətləri bir neçə dəfə təkrarlansa da, müxtəlif yerə yozdu, vaxtı, imkansızlığı bəhanə gətirdi, görüşdən imtina elədi. Bir gün də bu işlə əlaqədar rayon İcra Hakimiyyətinin başçısı Füzuli Hacıyev çağırdı. Füzuli müəllim alim adam - tarix elmləri namizədi idi. Xətrini çox istəyirdi. Daha o deyəndə etiraz edə bilmədi. Dedi:

- Hə... Neçənci dəfədi yanına gəlirlər.

Fikrini bildirdi:

- Yaxşı, nə deyirəm ki... Onda layiqincə keçirməyə çalışaq.

- Əlbəttə ki... Özüm də iştirak edəcəyəm. Rayon fəalları ilə birlikdə. Tədbir Mədəniyyət Mərkəzində keçiriləcək. Bilirsən də, ora da beş yüzdən çox adam tutur. İmkanları daha çoxdur.

- Onda Yerevan Teatrının artistlərinə, AzTv-yə də deyərik.

- Buyursunlar...

O vaxt Yerevan Teatrının artistləri ilə əlaqəsi vardı. Mənsur şeirini əzbərləmiş, "Siyəzən gözəli" şeirinə mahnı bəstələmişdilər.

Hər şey çox maraqlı, yaddaqalan olsa da, onda hələ dərd-qəm içində idik. Torpaqlarımız düşmən tapdağı altında idi. Ürəyimiz açılmırdı. Xüsusilə cəbhədə 1992-1993-1994-cü illərdə çox uğursuzluqlar, xəyanətlər olmuşdu. Onların acı təsirindən hələ də qurtarmaq mümkün deyildi. Ulu Öndərimiz Heydər Əliyevin qəti addımları nəticəsində qısa bir müddətdə respublikamızda qarşı cəbhədə olduğu kimi, arxa cəbhədə də qayda-qanunlar yaradılmağa başladı. İlk növbədə atəşkəsə nail olundu. İyirmi minədək say-seçmə oğullarımız bu mənasız müharibədə həlak olmuşdular. Sonra da Neft Kontraktları. İqtisadiyyatımızın yüksəlməsi üçün əvəzsiz rol oynadı. Daha sonra da Yeni Konstitusiya layihəsinin müzakirəsi və onun qəbul olunması. O günə kimi əsas qanunumuzda 400-dən artıq düzəliş edilmişdi. Əsl mənada yamaqlı paltara oxşayırdı.

Bu gün Siyəzən rayon Mərkəzi Kitabxanasının yeni, müasir tipli binasında kitabxana işçiləri ilə görüşəndə bu kimi məsələlərdən danışdı. Siyəzənlilər sanki onun üçün doğma insanlar idi. Bir yerdə nə qədər işləmək olar ki... İyirmi bir il onlarla tam ünsiyyətdə, münasibətdə olmuşdu. Hər birini öz əzizi, yaxını, doğması bilirdi. Qanunun yol verdiyi dairədə həmişə onlara kömək etməyə çalışardı.

Siyəzəndə dövlət notariusu işlədiyim müddətdə mənim üçün ən müqəddəs yer Mərkəzi Kitabxana idi. Burada öz işinin adını bilən, gözəl bir kollektiv vardı. Etibar kişi kitabxana direktoru kimi uzun müddət bu vəzifədə işləmişdi. Sonra da Şəfiqə xanım. Çox alicənab, öz işinə, kollektivinə hörmət qoyan bir qadın idi. Kitablar üzərində yarpaqtək əsərdi.

Etibar kişi saf, mərd, sözübütöv əsl dağ adamı idi. Saatlarla söhbətləri olardı. Həm də az-çox peşə baxımından yaxın idi. Rayonda hakim məzuniyyətdə olanda uzun müddət onu əvəz etmiş, bu sahədə xeyli təcrübə toplamış birisi idi. Hətta bir dəfə baxdıqları işlərdən ona danşıdı. Hətta sonradan onlardan biri hekayəyə çevrildi. Hadisə belə olub. Əsrin əvvəllərində erməni-müsəlman davasında imkanlı bir ailə gizli yollarla Lənkəran-Astara tərəfdən İrana keçmək istəyiblər. Hətta bu səfər üçün xüsusi sandıq da hazırladıblar. Lakin səfər baş tutmur. Sonralar həmin sandıq evdə əsl mənada baş ağrısına çevrilir. Gəlin hikkə ilə deyir ki, daha həyat dəyişib, indi belə sandıq kimə lazımdı, onu götürüb həyətə tullasınlar. Əlacsız qalıb, bir gün özü belə edəndə, gözlərinə inanmır. Parçalanmış sandıqdan yerə xeyli qızıl pul tökülür. Demə, sandığın alt hissəsi ikigözlü imiş.

Şəfiqə xanım ona xüsusi qayğı ilə yanaşardı. Hər dəfə kitabxanaya gələndə şirincə söhbətləşər, onu pürrəngi çaya, mürəbbəyə, şirniyyata qonaq edərdi. Kitablarla bağlı söhbətlər də öz yerində. Şəfiqə xanım çapdan təzə çıxmış bütün kitablarını oxuyar, yeri düşəndə də onlardan elə həvəslə söhbət edərdi ki...

Bir gün də ona dedi ki, səninlə görüş keçirəcəyik. Ancaq nədənsə bu görüş xeyli uzanmaqda idi. Tərs kimi İcra başçısı da ona qohum adam idi. Ancaq yenə bir faydası olmurdu. Başçını kitab yox, onun üçün lazım olan torpaq alqı-satqısı, pul, vəsait məsələləri maraqlandırırdı. Hətta bir dəfə məlum oldu ki, dövlət notariusuna verməyə torpaq tapmadıqları halda, hakim xanıma nə az, nə çox düz dörd pay, yəni 20 sot torpaq sahəsi veriblər. Yəni dörd adamın payını.

Bax bu da o vaxtkı ədalət, xoşagəlməzlik. Əlbəttə, belə hallara qarşı mübarizə gedirdi. Bu, vicdan məsələsi idi. Hər bir vəzifəli şəxsin yanına nəzarətçi qoymayacaqdılar ki. Əyri yol gedənlər onsuz da tez və ya gec ifşa olunub, sıradan çıxırdılar. Necə ki, xanım hakim özü də belə bir işin, hərəkətin qurbanı olub, Yasamal rayonunda hakim vəzifəsi ilə vidalaşdı.

Belə yerdə deyiblər də, artıq tamah daş yarar, daş da qayıdıb baş yarar. Aqillər bu səbəbdən insan üçün dörd keyfiyyəti üstün biliblər: cəsarət, qorxmazlıq, tənbəllikdən uzaq olmağı, borca meyilli olmamağı.

Xüsusilə onun üçün xoş idi ki, neçə ilin ayrılığından sonra kitabxanaçı qızlar onu görcək onu salamlayaraq səsləndilər:

- Əlisəfa müəllim xoş gəlib!

- Həmişə siz gələsiniz.

- Sizi görmək bizim üçün xoşdur.

O da onları salamlayaraq gülümsədi:

- Çox sağ olun. Elə mənim üçün də sizlə görüşmək xoşdur. Kitablar oxunurmu?

- Əlbəttə ki...

- Onlardan bir göstərin.

Ona bir neçə kitablarını göstərdilər. Həqiqi mənada əldən-ələ keçməkdən üz qabığları didilmiş, soluxmuş, səhifələri qabarmış kitablar idi. Hiss olunurdu ki, bu kitabları bir nəfər aparıbsa da, onları evdə çox adamlar oxumuşdur. Siyəzəndə evlərdə kitabları çox idi. Ancaq indi burada kitabxanada məhdud sayda olması onu təəssüfləndirdiyi üçün gülümsər halda dedi:

- Belə yox... Onda mən sizə kitab göndərərəm. Lap bir kisə...

Gülümsədilər:

- Çox sağ olun.

- Buna ciddi ehtiyacımız var.

- Təşəkkür edirik.

- Var olun.

Həqiqətən də, Siyəzən rayon Mərkəzi Kitabxanası bir qədər rayon mərkəzinin kənarında yerləşsə də, binasının müasirliyi, həyət-bacasının abadlığı, yaşıllığı ilə göz oxşayır. Əvvəllər buralar xoşagəlməz vəziyyətdə idi. İcra başçısı Novruz Novruzovun gəlişindən sonra hər şey dəyişdi. Yaxşı deyiblər ki, zər qədrini zərgər bilər. Novruz müəllim özü də sənət adamı idi. Bir neçə kitabı çap olunmuşdur.

Siyəzən rayon Mərkəzi Kitabxanasının yeni binası əvvəl Heydər Əliyev Mərkəzi üçün tikilmişdi. Sonradan şəhərin mərkəzində daha böyük, möhtəşəm bir mərkəz tikildiyi üçün bu bina Mərkəzi Kitabxana üçün ayrıldı və ağıllı bir iş oldu. Bura əsl mənada həm də istirahət mərkəzlərindən biri kimi tanınır. Yaşıllıqlar qoynunda xeyli oturacaq yerləri, uşaqların əyləncəsi üçün müvafiq yerlər var.

Burada olduğum müddətdə Ulu Öndərimiz Heydər Əliyevin ölməz misralarını xatırlayıram: "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" Bu təəssürat altında da kitabxanaçı qızlara bildirirəm:

- Bəli, 2022-ci il mənim üçün uğurlu oldu. Nəinki bizim, bütün türk dünyasının fəxri Milli Qəhrəmanımız Mübariz İbrahimov haqqında "Mübariz cəsurluğu", general Polad Həşimov haqqında "General qətiyyəti" romanlarım çap olundu. Daha böyük uğurum isə budur ki, 2023-cü ildə Ulu Öndərimiz Heydər Əliyevin 100 illiyinə bədii söz töhfəsi olaraq "Qarlı zirvə" romanım çap olundu...

- Çox gözəl...

- Bu günlərdə Milli Elmlər Akademiyasında "Ədəbi proses – 2023"ə yekun vurulanda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli geniş məruzə etmiş və onun da kitabı barədə xoş sözlər demişdir.

Kitabxananın direktoru Gülnar Muradova, İnformasiya resursları şöbəsinin müdiri Gülnarə İbrahimova, proqramçı Aytən Paşazadə, Oxuculara xidmət şöbəsinin müdiri Yeganə Adıyeva iş başındadırlar. Kitabxanaçı qızlardan Gülnar İbrahimova, Nabat Səfərova, Ülkər Kərimova, Yeganə Adıyeva xüsusi fəallıq göstərirlər.

Binada Həsən bəy Vəzirovun, Qasım bəy Zakirin, Əhməd Ağaoğlunun, Qurban Pirimovun, Mirzə Sadığın (Sadıqcan), Məşədi Məmməd Feyzullayevin, Bülbülün, Üzeyir Hacıbəyovun, Niyazinin, Süleyman Ələsgərovun portretləri diqqət cəlb edir.

İstər-istəməz yadına alman filosofu Hegelin sözləri düşür: "İnsanın ağlı, düşüncəsi, təfəkkürü inkişaf edibsə, o öz işləri ilə məşğuldu. Yox, inkişaf etməyibsə, o daima başqalarının işi ilə məşğuldu, başqalarının işinə qarışır".

Abbas Tufarqanlının bu bayatısı isə qəlb titrədir:

Qaradır qaşın, ördək,

Yaşıldır başın, ördək.

Həmişə cüt gəzərdiniz,

Hanı yoldaşın, ördək.

Bəli, 44 günlük Vətən müharibəsi bizə böyük zəfər gətirdiyi kimi, həm də kədərli, ürək sıxıcı anları oldu. Burada nümayiş olunan şəhid şəkillərinə, portretlərinə baxdıqca həm qürurlanır, həm də ağrınırıq. Yaxşı deyiblər ki, müharibə ancaq qəbiristanlıqların sayını artırır. Bizim işimiz isə haqq işi idi. Biz müdaxilə etmirdik, itirilmiş torpaqlarımızı azad edirdik. Şükürlər olsun ki, hər şey uğurla nəticələndi. Bütün bunlara görə isə Prezidentimiz – Ali Baş Komandanımız İlham Əliyevə minnətdarıq. Onun qətiyyətli addımları, hərəkətləri ilə çox şeylər həll olundu. İndi də azad seçkilərə gedirik. Layiqlilərə səs verək!

İstər-istəməz yada Bəxtiyar Vahabzadənin məşhur misraları düşür:

Bir ağacın iki qolu,

Bir ananın iki oğlu.

O da ulu, bu da ulu,

Azərbaycan - Türkiyə!

Əlbəttə, qardaşlıq, yoldaşlıq, dostluq möhkəm olanda çox şeylər əldə etmək olur. Necə ki, Qarabağ müharibəsində Türkiyənin qətiyyəti, maddi-mənəvi dəstəyi ordumuzun daha da güclənməsinə səbəb oldu. Gözəl şairimiz Mikayıl Müşfiq demişkən:

Cahan ki solmayan bir bağça, bağdır,

Burda rəvamıdır gülmədən ölmək?

Yazıq o şəхsə ki, qaraqabaqdır,

Nə qədər yaraşır insana gülmək!

Siyəzən oğulları, övladları istər birinci, istərsə də ikinci Qarabağ döyüşlərində həmişə fərqlənənlər sırasında olmuşlar. Bu gün şəhid olanların məzarları önündə minnətdarlıqla baş əyir, sağ qalan qazilərimizə, veteranlara, möhkəm can sağlığı və xoşbəxtlik arzulayırıq.

Hərdən yadıma Mədəniyyət mərkəzində, Mərkəzi Kitabxanada keçirilən tədbirlər, görüşlər, yubileylər yada düşür. Necə böyük, gözəl, təntənəli idi. Demək olar ki, çoxunda da ona söz verilər, çıxış edər, öz sözünü deyərdi. Söz xatirinə yox... Gənclərimizə, gələcək nəsillərə nə isə vermək, öyrətmək naminə. Axı biz belə oxuduq, fəaliyyətdə olduq, belə tərbiyə olunduq.

Əlisəfa  Azayev