DUYĞULU ÇİÇƏKLƏRDƏN LƏÇƏKLƏR - Vaqif Yusifli yazır
 

VAQİF YUSİFLİ
211 | 2025-06-11 11:03

(Bənövşə Daşdılının yeni şeirlər kitabı haqqında)

 

Bənövşə  Daşdılı (İbadova) Laçın  rayonunda dünyaya gəlib. İxtisasca psixoloqdur. Uzun müddət Bakıda, Yasamal rayonunda  – 18 saylı Pilot məktəbində müəllimlik edib. Şeirə, ədəbiyyata həvəs elə Laçında-Daşdılı kəndində-məktəb illərində başlayıb. Sonralar bu həvəs – şeirə sonsuz məhəbbət onu poeziya aləminə gətirdi. Şeirləri ədəbi almanıxlarda, qəzet və jurnallarda çap olundu. 2018-ci ildə Türkiyənin Sivas bölgəsinin yazarlar və şairlər birliyində bekir Alimin redaktorluğu ilə  dərc olunmuş şeirlər toplumunda onun şeirlərinə də yer ayrılıb. Türkiyədə dərc olunan «100 yılında 100 kelme» – «ATATÜRK  VƏ ÇANAKKALE» hadisələrinə həsr olunmuş şeirləri ödullərə layiq görülüb. Şairənin indiyə qədər  «Yurd həsrəti», «Bənövşəsi solan Laçın», «Səndən aralı», «Sən yanımda olmayanda», «Ünvansız səfərə çıxmağım gəlir», «Unutdum desəm, inanma», «Nə sən həmənkisən, nə mən həmənki», «Hərdən məni yada sal» şeir kitabları işıq üzü görmüşür.

 Mən Bənövşə Daşdılının «Ünvansız səfərə çıxmağım gəlir»  şeirlər kitabına  (2016) «Bənövşənin bənövşələri» adlı ön söz yazmışam. Həmin ön söz Bənövşə Daşdılının bu şeiri ilə başlayırdı:

 

     Həsrətn ağırdır, çəkə bilmirəm,

     Üzümə bağlıdır yolu dağların.

     Daha öz yurduma dönə bilmirəm,

     Uzanılı qalıb qolu dağların.

 

     Kəkotu, əvəlik, qırxbuğum, şomu,

     Özgədir ləzzəti, başqadır tamı.

     Min dərdə dəvadır bir gülün qomu,

     Sinəsi dərmanla dolu dağların.

 

     Beşbulaq yaylağı, Bacılı düzü,

     Qatarpdaşın yayı, Qırxqızın yayı,

     Kişnəyir köhlənlər, mələşir quzu,

     Gözəldir həm sağı, solu dağların.

 

      Zirvəsində daşdan qala quraydın,

     Keşiyində gecə-gündüz duraydın,

     Bitib bənövşə tək boynun buraydın,

     Olaydın Bənövşə, qulu dağların!

 

Bu şeir yazılanda Bənövşə Daşdılının doğulduğu Laçın rayonu işğal altında idi. Odur ki, onun həmin kitabda çap olunan şeirlərində Laçın həsrəti şeirlərinin əsas mövzusu idi.  Amma indi Laçıq azaddır  və məncə, Bənövşə xanımın yeni şeirlərində azad olmuş Laçının və onun kəndi Daşdılının azadlıq havası, gözəllik dünyası öz əksini tapacaq.

 Bənövşə Daşdılının yeni şeirlər kitabı – «İlk sevgimiz nağıl idi əzizim» qarşımdadır. Kitabdakı bölmələrdən biri  «Vətənə aid şeirlər» adlanır.  «Ulu öndərə», «Allah sizi qorusun, ey Ali Baş Komandan», «İlham Əliyevə», «Qarabağın fatehi Ali Baş Komandan» adlı şeirlərdə yeni Azərbaycanın qurucusu-ulu öndər Heydər Əliyev və Qarabağı işğaldan azad edən, Ordumuzun Baş Komandanı xalqın böyük oğlu İlham Əliyev mədh edilir. Bir azərbaycanlı şairənin bu şeirlərdə səslənən ürək sözləri təkcə onun yox, hamımızın ürək  sözüdür. Sonra gəlir azad olmuş Laçına həsr olunan şeirlər...

 

    Bənövşəyəm, mən arzuma yetəcəm,

    Hər kəndinə ziyarətə gedəcəm.

    Bir Allaha min yol şükür edəcəm,

    Səcdəgahım, qibləgahım, ocağım,

    Ata yurdum, həm əbədi, əzəli,

    Tapammadım Laçın kimi gözəli.

 

Laçına həsr olunmuş ən yaxşı şeir  «Gözün aydın»dır.

 

     Qayıdıb biz gəlirik,

     Torpaqlar, gözün aydın!

      Suyundan içəcəyik,

      Bulaqlar gözün aydın!

 

      Dağından duman itdi,

      Dığalar qaçdı getdi.

      Gülün bu payız bitdi,

      Yarpaqlar, gözün aydın!

 

Kitabda olan əksər şeirlər məhəbbət mövzusundadır. Əlbəttə, Azərbaycan poeziyasını sevgisiz, məhəbbətsiz təsəvvür etmək olmaz. Elə bir şair tapammazsınız ki, sevgidən – bu ali hissdən şeir yazmasın. Azərbaycan poeziyasının Füzuli, Nəsimi, Xətai, Seyid Əzim Şirvani, Əliağa Vahid, Səməd Vurğun, Mikayıl Müşfiq, Bəxtiyar Vahabzadə, Əli Kərim, Nəriman Həsənzadə, Nüsrət Kəsəmənli, Əbülfət Mədətoğlu,  kimi şairləri ilə yanaşı, Məhsəti Gəncəvi, Xan qızı Natəvan, Fatma xanım Kəminə, Mirvarid Dilbazi, Nigar Rəfibəyli xanım şairlər də sevgiyə-bu ali duyğuya sevgi dolu şeirlər həsr etmişlər. Bənövşə Daşdılının da hisslərn təmizliyindən saflığından yaranan sevgi şeirləri onun ürəyindən qopan duyğulardır.

  Nədir məhəbbət, insan iyə cavanlığında da, yaşa dolanda dabu hiss onu tərk etmir? Nədir illər boyu ürəyin yaxıb-yandıran? Nədir bu göz yaşları?  Bu suallara Bənövşə Daşdılının şeirləri cavab verər:

 

    Bun ə eşqdi, Allahım?

    Gec gəldi, tez də bitdi.

    Göyü yandırdı ahım,

    Məni də Kərəm etdi.

 

  Səni necə sevdiyimi  axı özün bilirdin.

  Yumub gözlərimi yaz seli kimi çağladım.

  Öyrənirəm sənsizliyə yavaş-yavaş.

 

  Ayrılıq havası çalırıb süzdüm,

  Çəməni aradım, çölləri gəzdim.

  Dəryaya baş vurdum, göllərdə üzdüm

  Axtardım, amma ki tapa bilmədim.

 

Əlbəttə, belə misalların sayını artırmaq olar. Nəticədə deyə bilərəm ki, Bənövşə Daşdılı  heç də uğursuz bir sevginin acılıqlarını  qələmə almır, o, sadəcə, unudulmaz, həmişə xəyallarında yaşayan o gözəl sevgidən danışır.

 Kitabda müəllifin iki qəzəli ilə də tanış oldum. «Mənə» və «Getdim» rədifli qəzəllərdə bəzi sınıqlar, bir-birilə uyuşmayüan sözlər, ifadələr olsa da, ahəngi, ritmi gözlənilib.

  Bənövşə Daşdılının şeirləri içərisində qoşmaları haqqında ayrıca danışmaq olar. O, xalq şeirinin – folklorun heç vaxt öz təravətini itirməyən bu formasında bir neçə gözəl nümunə yarada bilib. Elə onun şeirləri barədə sözümü də «Mənim» adlı qoşmapsı ilə bitirirəm:

       Mən dağlar qızıyam, dağ vüqarlıyam,

       Bircə üzüm, bircə sözüm var məim.

       Qartalda almışam iti baxışı,

       Baxmağa işıqlı gözüm var mənim.

 

       Yazda seyrangahım, payız ovlağım,

       Yay mövsümündə də var Dəlidağım,

       Sərin su içməyə çoxdur bulağım

       Bacılı düzü tək düzüm var mənim.

 

       Çox dağlar aşmışam, dərə keçmişəm,

       Ceyran bulağında su da içmişəm.

       Otuz il Laçında ayrı düşmüşəm,

       Qartallı dağlarda izim var mənim.

 

       Bənövşəyəm, oldum qəmlərə sirdaş

       Əzəldən düşübdür bəxtimə sal daş.

       Tikanlı kol oldu ömrümə yoldaş,

       Bənövşə həyalı üzüm var mənim.

TƏQVİM / ARXİV