24 Dekabr 2024 15:32
214
ƏDƏBİYYAT

Elvin Firudunoğlu  "Zərrə" -dən yazdı

Mənim taleyimdə sadəlövh qadınların yeri az olub... Hamının tanıdığı, hamının heyfi gələn, hamının avam sandığı o sadəlövh qadını mən çox axtarmışam... Niyə?  Onu dinləmək üçün,onu kəşf etmək üçün, onu yazmaq üçün, ən azı onu ayıltmaq üçün..

Həyat hamının tanıdığı, hamının bir mənada axtardığı qadını yaxud insanı yalnız real formada qarşısına çıxarmır. Axtarışda olan, bunu dilinə gətirməyib qəlbində gizlədənlər üçün də dünyanın cazibə qanunu işləyir. Həssaslıq nəticəni sənə mütləq göstərir: bir filmdə, bir yuxuda, bir əsərdə...

İndi nazik bir kitabla təmasdayam, ovuclarımın içində az qala gizləyə biləcəyim qədər... Tərtibatı da sadədir, yəqin yuxarıda yazdığım sadəlövh xarakterinin cazibəsindəndir  mənimlə indi də səsləşir... Elə adı da, özü kimi kiçicikdir -  Zərrə.

İlk sətirlərində həzin bir hərarət adamı ardınca çəkməyə başlayır.Sətirdən sətrə istilik artmağa başlayır, bu qış soyuğunda sanki göz oxşamağa, qəlb ovutmağa, ruh sığallamağa köklənir bu sətirlər...

Əminəm ki, müəllif öz həlim xarakterini, insani duyğularını mütləq şəkildə yazısına siraət etdirib...

Əsərin qəhrəmanı sadəlövh bir qadındır. Lakin, sadəlövh sözü burada yalnız obraza aiddir. İçindəki hadisələr o qədər emosiyaya köklənib ki, adam bu səhifədən sonra dincələrəm deməyə macal tapmır.Oxuyub sadə hisslərlə boş verə bilmirsən...Bu hərarət dolu emosiya adamın hisslərindən yapışıb özüylə aparır... Əsərin maqnitudası oxuyan adamı hadisələri dəqiqliklə analizi və nəticəsilə tanış edir.

Təqdirəlayiq haldır ki, qadın talelərini qadınlar özləri ən gözəl şəkildə obrazlaşdırır, bütün müşahidələrini, təcrübələrini, məhrəmliklərini, kədərini və duyğularını öz qələmləri ilə gözlərdən qəlbə ustalıqla ötürə bilir.Elə mən də axtarığım sadəlövh qadını onun yaradıcığında gördüm.Heyf, gecikmişdim.Onu taleyin sınağından çıxarmağa...

Gülər Eldarqızı - sizlərə bəhs etdiyim həsaslıq dolu bir bədiiliyin müəllifidir.O,  çağdaş ədəbiyyatımızın ən həssas qələm sahiblərindəndir.

Mən illər öncə onun "Burulğan" ını oxumuşdum... "Burulğan" dan qəflətən "Səssiz xatirə"yə keçən müəllif bu iki əsəri ilə sanki bir dənizin rəsmini çəkirdi. Burulğanını öz müşahidəsilə, səssizliyini xatirələrini ləpələri seyr etməklə. " Zərrə" ilə tanış olanda gülümsədim, onun kiçikliyinə məsumiyyətlə yanaşdım.Amma yox!
Sən demə " Zərrə " əsl burulğan imiş, zərrə ləpələrin səssizliyi yox, dalğa imiş. Çırpınan, coşan, üsyan edən, taleyin qayalarına çırpılan...

Gülər Eldarqızının bəzi obrazları subyektin nəticəsi olsa da, mövzusu çərçivəli olsa da  amalı obyektivdir. Onun yaratdığı "Zərrə" adlı dənizdə adam boğulmur, zərrə-zərrə lakin, dalğa- dalğa emosiyalarda insan qəlbinin ümidi qırılmır. Bu keşməkeşli axınların sahilinda bir mayak işığı yanır,İnsanlığın  hələ ölmədiyini xəbərdar etmək üçün...