HƏR İL AD GÜNÜMDƏ - Şahnaz Şahin yazır

Şahnaz ŞAHİN
116 | 2025-03-17 10:18

Esse

 “ Mən sənətkaram, mənim incəsənət əsərim mənim həyatımdır..!” Suzuki

    Bax belə, hər il ad günüm yaxınlaşdıqca məni qarışıq duyğular ağuşuna alır, olduğum məkanı, yaşadığım yeri, ünvanımı,  hətta öz görkəmimi belə dəyişmək keçir könlümdən...Mənə elə gəlir ki, hələ heç dünyaya gəlməmişəm, anamın o mübarək bətnindəyəm, vaxt yaxınlaşdıqca mən də səbirsizlənirəm, anamın qarnını yüngülcə təpikləyirəm, darıxıram, bu qaranlıq, amma xoşbəxt dünyada ömrümün sonu çatdığını hiss edirmiş kimi narahatam, o üz bu üzə çevrilir, mayallaq aşır, ətrafa boylanır, bir sözlə min hoqqadan çıxıram ki, bir daha dönə bilməyəcəyim məkanın dadı damağımda qalsın, yaddaşıma hopsun... Və anam da sağdı, məni dünyaya gətirəcək hələ...

Gətirib qəlbimin içinə əksəm,

Boyunu oxşayıb, nazını çəksəm.

Başının üstündə yarpaq tək əssəm,

Bir də açılarmı bu nar çiçəyi...

  O gün Mart ayının 20 idi, Novruz Bayramı axşamı... İndi də ad günümün bu möhtəşəm günə düşməsini eşidənlərin heyrət dolu baxışlarına tuş oluram. Hələ zarafat da edən olur : “anana zülm eləmisən ki, Novruz bayramında!...”

Anam haqqında heç vaxt keçmiş zamanda düşünə biılmirəm. İl boyu başım çox işlərə qarışır, özümün, doğmaların ya da özgələrin qayğı və problemləri məşğul edir məni, bir də baxıram ki, sanılı günlər qalıb anamın “doqquz aylıq yük”ündən azad olmasına...Yəni mənim dünyaya gəlişimə.. Hə, o vaxt indiki kimi deyildi axı, tibb elminin  bu dərəcədə inkişaf etməsi heç  adamın ağlına da gəlməzdi, ona görə uşağn cinsiyyətini bir də dünyaya gələndə bilərdilər. Mənə qədər artıq ailədə 3 qız, bir oğlan vardı. Ata-anam üçün fərqi olmasa da, on yaşlı Məzahir özünə qardaş gözləyirmiş o gün...Kənddə bütün uşaqları kəndin “mamaça”sı, heç bir tibbi təhsili olmayan, amma bu işi mütəxəssis dərəcəsində bilən Şüşə nənə “tutardı.”.  O qadını indi də xatırlayıram, onun yaşını bilən yox idi, tək-tənha, heç kimi olmayan qoca qarı idi, beli də bükülmüşdü, amma üzündən təbəssüm, dilindən də dua əskik olmazdı. Özünün övladı olmamışdı, əli ilə günyaya gətirdiyi bütün  uşaqları öz balası bilirdi!... Çiy kərpiçdən tikilmiş balaca evi vardı, kənddə hamı uşaqdan böyüyə onun xətrini istəyərdi. ..

Qardaşım söyləyirdi ki, həyətdə həyəcanla gözləyirdim ..., düşünürdüm indicə şad xəbər eşidəcəm, ürəyim çırpınırdı, qardaşım olacağına nədənsə elə əmin idim ki!...Bunu çox sonralar özü etiraf edəcək, mən doğulan günü əvvəlcə pərt olsa da, indi sevinclə, qürur hissilə “ Sən, elə qardaş imişsən, bacı...” deyəcəkdi...Bəli, kainatda xaos yoxdur, baş verənlər mütləq hansısa məqsədlə baş verir..

    Evimizdə ad günümü Novruzla birgə keçirərdilər. Xüsusi hədiyyə filan isə yadıma gəlmir, amma bayramda anam hamımıza mütləq təzə nəsə alardı, özü yaxşı dərzi olduğundan parça alıb öz qədim ayaq tikiş maşınında don da tikirdi...İlahi, o xırdaca payın yerini indi böyük hədiyyələrlə doldurmaq olmur!

   Adımı Şahnaz qoysalar da məni dünyadan gənc  və nakam  getmiş bacımın adı ilə çağırırdılar, sanki ikili ömür yaşayırdım, evdə Minayə, məktəbdə Şahnaz idim. Sonralar daha yuxarı siniflərdə oxuyanda hamıdan tələb etdim ki, öz adımı çağırsınlar. İnsan heç vaxt öz özündən baş aça bilməyib, nə qəmli-kədərli olanda, nə də sevincdən qanadlananda, xoşbəxtlik, bədbəxtlik hissi də elə nisbidir. Əslində hər iki duyğunun rüşeymi bir-birinin nüvəsində gizlənir, yəni, başqa sözlə  bir hiss digərini “doğur!”

Əhvalı da gendən baxana bir cür gəlir, özünə başqa cür. ..

Hissimi saf –çürük edər,

Ruhumu duyan oxşayar.

Ömrümü haqqın duası,

Yolumu duman oxşayar.

 

Açılıb telimdən gedər,

Uçulub əlimdən gedər.

Sağımdan, solumdan gedər,

Canımı yalan oxşayar.

 

Qapımı döyən həmdəmim

Köhnə yurd, ocaq sakini...

Içini çəkib deyər ki:

Bu qədər adam oxşayar!?

Bir də hər il ad günümdə dönüb uşaq oluram, nə yaşım düşür yadıma, nə də yaşadıqlarım. Elə bilirəm həyatım qabaqdadı hələ, nə gözlərim gördükləri dərs olub mənə, nə də çəkdiklərim. Amma görürəm toxunanda başımın daş dəyən yeri ağrıyır.., bax bu da öz əllərimlə sarıdığım dizim deyilmi..!? Bizim hər birimiz əslində ağır bir daşı gecələr qan tər içində dağa qaldırmağa calışan, amma sabah açılar açılmaz daşının sürüşüb yerə düşdüyünü görən yorğun, amma inadkar Sizifik, məhək daşını axtaran Divanəyik, və elə həyat da budur məncə...

Və nəhayət..,

Bu gün ad günümdür, ömürdə bir an,

Sən mənə bir sevən ürək bağışla...

-deyirəm sevdiklərimə, sevənlərimə, əzizlərimə...

Bir də Lev Qumilyovun fikrinə söykənib deyirəm ki, təqvim mənim yaşımı neçə göstərir göstərsin, mən

həmişə 17 yaşındayam....

 

TƏQVİM / ARXİV