20 Fevral 2025 11:38
215
ƏDƏBİYYAT

Kəbirlilər...

Kəbirlilər Azərbaycanda tarixi mahaldır. Xanlıqlar dövründə (18 əsrin ortaları-19 əsrin 1-ci yarısı) Qarabağ xanlığının tərkibinə daxil olan kəbirlilər əsasən Qarabağda, eləcə də Naxçıvanın Cəhri kəndində, Qazax rayonunun Daşsalahlı kəndində, Yevlax rayonunun Aran kəndində (keçmiş 28 aprel sovxozu), Bakıda, Sumqayıtda, Gəncədə, Mingəçevirdə, Kürdəmirin Qarabucaq kəndində, Füzulinin Gövşad, Kiçikbəhmənli və Böyükbəhmənli kəndində çoxluq təşkil etdiyi və icma şəklində yaşadıqları mövcuddur. Ağdamın bir çox yerlərində, Ağcabədinin Salmanbəyli, Kəbirli, Rəncbərlər, Təzəkənd, Pərioğullar kəndində də kəbirlilər çoxdurlar. Beyləqanın Kəbirli kəndində (2 kənd), Bərdənin Qazaxlar və Xəsilli kəndləri, Tərtərin Kəbirli, Tovuzun Muncuqlu kəndi, Şəmkirin Dəlillər-Çırdaxan ərazilərində xeyli kəbirli yaşayır. Kəbirlilər, eyni zamanda Türkiyədə, İraqda, İranda, Pakistanda, Əfqanıstanda, Dağıstanda, Krimda, Xorasanda, Şirazda, Ərdəbildə, Təbrizdə, Kərkükdə, Mosulda, Gürcüstanda da kəbirlilərin əsasən öz adları ilə olan çoxsaylı kəndləri mövcuddur.

Kəbirlilər-türkdilli tayfalardan biridir. (Tayfa ərəb sözüdür. Əski türklər tayfaya uruq deyirdilər. Uruq-əski türk dillərində “toxum”, “nəsil”, “ailə”, “soy” anlamında açıqlanır)

Mənbələrdə kəbirli kimi də adları çəkilir. Ehtimal ki, xəzərlərin tərkibinə daxil olan kəbər tayfasının nəsilləridir. Erkən orta əsrlərdə Azərbaycana gəlmələri güman olunur. Əsasən Mil və Qarabağ düzənlərində yaşamışlar. Məskunlaşdıqları ərazi Kəbirli mahalı adlanırdı. 18 əsrin ortalarında kəbirlilər Qarabağ xanlığının təşkilində mühüm rol oynamışlar. 19 əsrin ortalarında Qərvəndli, Ulubabalı, Qızıl Məhəmmədli və Arıq Məhəmmədli adla 4 qoldan və 40-a yaxın tirədən (tirə-türk sözüdür, erkən türk qurumlarında işlənən “tirə” termini toplum, yığnaq anlamlarını ifadə edir) ibarət olmuşlar:

                Kəbirlilər qırx tirədir, bir mahal,

                Köç yolunda başlanardı qalmaqal,

                Soy kökünün kimliyinə nəzər sal,

                Oğuz köklü hay-haraylı oğullar,

                Həm o taylı, həm bu taylı oğullar!

                                                                       (Ənvər Əhməd)

... Biz tarixçi deyilik. Amma doğma elimizin tarixini başqalarına çatdırmağı vətənpərvər, torpaq sevdalı, ziyalı kimi özümüzə borc bilirik. Bu işdə bizə İslam Kəbirlinin “Kəbirli elatı”, Ənvər Çingizoğlu və tarixçi alim Fazil Baxşəliyevin “Qarabağın el və obaları”, tanınmış jurnalist Asif Mərzili və Ənvər Çingizoğlunun “Mərzili kəndi və mərzililər”, Ənvər Çingizoğlu və Surxay Əlibəylinin “Qəlbin haray”, eləcə də bu mahalın əzəzolunmaz oğlu, ağsaqqal, mərhum Süleyman Kəbirlinin “Tarixi mahal-Kəbirli eli” və “Kəbirlilərin genealogiya tarixindən” adlı kitabları qolumuzdan tutdu. Yeri gəlmişkən, Süleyman dayı ömrünün ahıl çağında minbir çətinliyə sinə gərərək, kəbirlilərin yaşadıqları bir çox yerləri ziyarət edib, kəbirlilər haqqında dəyərli kitablar çap etdirdi. Əsl Kəbirli fədaisi olduğunu zehni əməyi ilə sübuta yetirdi. Allah ona qəni-qəni rəhmət eləsin !

        Sevindirici haldır ki, bu kitabların ərsəyə gəlməsində Ağcabədinin Salmanbəyli kəndindən olan, köklü nəslin nümayəndələri Fikrət Məhərrəm oğlu Əliyev və İsa Səfər oğlu Zeynalov çox fəal iştirak edirlər.

        ...Qarabağda hal deyəndə halay vuran, huy deyəndə alay dağıdan, dağı yerindən oynadan, yağı görsə bağmalayan, Nadir şaha baş əyməyən, boş yerə öyünməyən, dostun arxasında duran, düşmənin alnından vuran, ac görəndə yedizdirən, yetimi halal südlə əmizdirən bir oba tanıyıram: Kəbirli !

        ... Talehsiz şair Nazim Əlioğlunun tanınmış iş adamı, əsl Kəbirli ziyalısı, əməkdar mühəndis, Qarabağ müharibəsi iştirakçısı, xeyirxah insan Qasım Məmməd oğlu Qasımova həsr etdiyi poemanın misraları burada yada düşür:

 

                Arzular ürəkdə pətəklənəndə,

                Ömür-“yaşa” deyir, “kama çat” deyir.

                Ümidlər bar üçün çiçəkləyəndə,

                Ürək “çağla” deyir, “qur-yarat” deyir.

 

Kəbirli elinin tarixi milli dövlətçiliyimizin, mədəni –etnoqrafiik , siyasi tariximizin tərkib hissəsidir. Kəbirli tayfaları Qarabağ elləri içərisində tarixən öz mövcudluqlarını qoruyub saxlayan bir neçə tayfadan biridir. Artıq elmi şəkildə sübut edilmişdir ki, Qarabağda meydana gəlmiş qədim türk tayfalarından biri olan kəbirlilər hələ mahaldan öncə V-IV minilliklərdə burada əkinçilik, heyvandarlıq və maldarlıqla məşğul olmuşlar. Kəbirlilər əfşar və bayatlar kimi yerli abarigen əhali hesab edilir.

... Azərbaycan ilk dəfə Hülakülər dövründə dövlət kimi vahid şəkildə qüdrtləndi. Bu filosov-şair Əhməd Elburusun “Ölməzlik” dramatik dastanında öz geniş əksini tapıb.

... 1256-cı ildə Bağdad üzərinə hücum edən kəbirlilərin ulu babası Hülakü Ələmut  qalasını ələ keçirir, başqa məhbuslarla birlikdə Nəsrəddin Tusini də azad edərək, onu özünə şəxsi məsləhətçi təyin edir. O, yaxşı bilirdi ki, N.Tusinin Şərq ölkələrində böyük nüfuzu var və xalq ona sonsuz ehtiram göstərir.

Hülakü xanın vəzirlərindən ikisi kəbirli idi...

Kəbirlilər, cavanşirlər, otuzikilər, kolanılar Qarabağın köklü sakinləri hesab olunurlar. Bəli, bu artıq elmi şəkildə sübut edilmişdir. Məlumdur ki, müəyyən tarixi dövrlə əlaqədar olaraq son orta əsrlərdə Kəbirli eli Cavanşir elinin tərkibində olmuşdur. XVIII əsrdən başlayaraq (1712-ci ildə) Kəbirli eli Cavanşir mahalının tərkibindən çıxaraq sonralar müstəqil mahal (Kəbirli mahalı) olmaqla, öz tərkibində müxtəlif tayfa və tirələri birləşdirmişdir...

Son illərdə Qarabağın qədim türk ellərindən olan kəbirlilərin tarixi ilə bağlı səmərəli araşdırmalar, tədqiqatlar aparılmaqdadır. Aparılan bu tədqiqatlar nəticəsində məlum olur ki, Kəbirli eli də zaman-zaman burada formalaşmış Azərbaycan dövlətinin qurulmasında və inkişafında müstəsna rol oynamışdır.

Azərbaycanda XVIII əsrin ortaları, XIX əsrin I yarsında (Xanlıqlar dövründə) Qarabağ xanlığının tərkib hissəsinə daxil olan Kəbirli mahalında əsasən Kəbirli tayfası yaşamışdır. Mahalın adı da Kəbirlilərin adı ilə bağlı olaraq belə adlanmışdır. Mahalın paytaxtı Boyat kəndi idi (bu kənd hazırda Ağcabədi rayonunun ərazisindədir)

... Pənahəli xan Sarıcalı-Cavanşir Boyat qalasını qaynı Hacı Səhliyalı bəy Hacı Əlibəy oğlu Kəbirlinin məsləhəti ilə tikir. O, vəzifə bölgüsündə öz oymaq sarıcalılar və arvad qohumları olan Kəbirliləri irəli çəkir. Pənahəli xan Boyad nayihəsinin ərazisində Kəbirli  mahalını yaradır. Xanlığın paytaxtı sonra müdafiə cəhətdən daha münasib olan Şahbulaq qalasına köçürülür. Daha sonra Pənahəli xan Şuşa şəhərini (Pənahabad adı ilə) salaraq, onun xanlığın paytaxtı edir.

Pənahəli xanın ölümündən sonra (1762-ci il) hakimiyyətə onun oğlu İbrahimxəlil xan gəlir. Pənahəli xan vəsiyyətlərindən birində oğluna belə demişdi:

-“Ey oğul, ömür boyu Qarabağ və digər əhatəndə olan tayfalar içərisində yalnız Kəbirli mahalına etibar et, kəbirlilərə arxa çevir, kəbirlilər yaman gündə etibarlı, cəsur, üzü dönməz, bərk ayaqda fikirləri haçalanmaz və ölümdən qorxmaz kişilərdir”.

1806-cı ildə İbrahimxəlil xan qətlə yetirilərkən onun ətrafında öldürülənlərin (İbrahimxəlil xan, arvadı Tabu bəyim, oğlu Abbasqulu ağa, qızı Səltənət bəyim, eləcə də Hacı Hüseynalı bəy Kəbirli, Hacı Səhliyalı bəy oğu Kəbirli, Mirzə Haqverdi bəy Əli bəy oğlu Kəbirli, Xacə Həsən Əcəm oğlu Kəbirli, Hümmət bəy İbrahim bəy oğlu Qərvənd Cavanşir, Qaranın iki oğlu, Teymur və başqa 3 nəfər şuşalı sakin əksəriyyəti Kəbirlilər olmuşdur.

... Cəmi yaylaqları bir üzük hesab etsək, onun qaşı, sözsüz Sarıyerdir ! Onun bir tərəfi (şərqi) Qarağac, Göyçə-tərəfi (qərbi) Dikpilləkəndir. Yurdlarını Qaraxan tərəfdən Çilligöl, Qurbağalı çay, Bəylik yalı, Ətyeməzli yeri, Ocaq dərəsi və Göyçə tərəfdən başlayanda Qırmızı dağ, Hacı Hüseyn yurdu, Qənbər qalağı, Musa əyrisi, Zal dərəsini göstərmək olar. ... İndiki Ermənistanın ərazisində Kəbirli dağının mövcudluğu və yüzillərlə burada kəbirlilərin yaşaması və yerlərin adları Göyçənin və Zəngəzurun əzəli, tarixi Azərbaycan torpağı, Vətən olduğundan xəbər verir.

Zal dərəsi tanınmış şair Ənvər Əhmədin babası Zal kişinin yaylaq yeri olub. Buna görə də Zal dərəsi adlanır. Ənvər Əhməd də Sarıyerdə dünyaya göz açıb. Bura öna görə Sarıyer deyilir ki, bu yer yaylaq olmasına baxmayaraq üç ay yayda oraya bir dəfə də olsun duman gəlməz və otlaqlarlnda tikan belə bitməz. O, bura gələnləri günəşlə qarşılayıb, günəşlə də yola salar...

Bu yerdə Kəbirli mahalının “Doluşdular” nəslindən söhbət açsaq yerinə düşər. Bu nəslin (Hacıyevlər-Sofiyevlər) bir çox nümayəndəsi repressiyaya məruz qalmışdır.

Hacıyevlər nəsli Kəbirli mahalında “Doluşdular” adı ilə bütün Qarabağda məhşurdurlar. Zəmanısinin tanınmış əsilzadəsi Hacı Əkbər oğlu Rüstəmin 8 oğlu, 3 qızı olmuşdur.

Kərbəlayi Rüstəmin ömür-gün yoldaşı Mələk xanım Sofiyeva Hacı Abbas qızı məşhur bəy nəslindəndir.

Kəlbəlayi Rüstəm kişinin böyük hörmətə və var-dövlətə sahib olmaqla Aranda “Haramı düzü”, yaylaqda isə “Sarı yer” adlanan yerlərdə böyük torpaq sahələri var idi.

Sofiyevlər soyu barəsində deyər ki, Hacıyevlər nəslinin ana tərəfi, yəni repressiyaya (güclü) uğramış 8 qardaşın anası Hacı Əsgər oğlu Kərbəlayi Rüstəmin həyat yoldaşı Mələk xanım Sofiyevanın atası Hacı Abbas, ana tərəf isə Hacı Alıqulu ağa olmaqla Kəbirlinin məşhur bəy nəslindəndir.

Hacı Alıqulu ağanın oğlu general Cabbar bəy XIX əsrin sonraları, XX əsrin əvvəllərində Zəngəzurun pristavı olmuşdur. O şərəcədən olan insanlar Cabbar bəyin qoçaqlığından çox danışırlar. Bir dəfə Laçın ərazisinin bəyi Soltan bəy ermənilərlə vuruşarkən Cabbar bəyə kömək üçün müraciət etmişdir. Cabbar bəy bir dəstə adamla köməyə gəlmiş, erməniləri məhv edərkən özü də qolundan yaralanmışdır.

Cabbar bəy Niyazov çıx qısa və mənalı ömür sürmüşdür. 1876-cı ildə Qarabağın böyük Kəbirli mahalında dünyaya göz açan Cabbar bəy əvvəl mədrəsədə, sonra isə Tiflisdə təhsil almışdır. Az müddət ərzində öz savadı, qabiliyyəti, ağlı və igidliklərinə görə müxtəlif məsul vəzifələrdə çalışmışdır.

Hacı Alıqulu oğlu Cabbar bəy 1903-cü ildən 1918-ci ilədək Zəngəzur və Qubadlı qəzasının pristavı olmuşdur. 1918-ci ilin sonunda gənc yaşında dünyasını dəyişmişdir. Kəbirli mahalının qədim qəbristanlığı olan Sofularda dəfn olunub. Kəbirli mahalı Cabbar bəy kimi qəhrəman oğulları ilə fəxr edir...

Nəticə

Kəbirli elinin ictimai-siyasi və mədəni həyatının monoqrafiyada lazımi səviyyədə işıqlandırılması, həmçinin nəzərdən keçirilmiş rəsmi sənədlərin, müxtəlif dövrlərdə çap olunmuş arxiv materiallarının, Azərbaycan və İran müəlliflərinin əsərlərinin və eyni zamanda elmi ədəbiyyatda toplanmış tarixi məlumatların müqayisəli təhlili prosesi belə nəticələri söyləməyə imkan verir:

  1. Kəbirli elini etnoqrafik baxımından təhlil etdikdə belə nətiəcəyə gəlmək olur ki, elin formalaşmasında və inkişafında təbii-coğrafi şəraitlə yanaşı siyasi hadisələrin də mühüm rolu olmuşdur.
  2. Kəbirli eli etnik-estetik təfəkkürü, araşdırmaların nəticələrinə nəzər yetirsək, görərik ki, təxminən XVII əsrin ortalarında formalaşmışdır. O dövrə qədər Cavanşir elinin tərkibində oymaq kimi fəaliyyət göstərmişdir.
  3. Kəbirli eli çarizmin müstəmləkçilik zülmünə və ayrı-seçkilik siyasətinə baxmayaraq Azərbaycan mədəniyyətinin daşıyıcılarından biri kimi tarixi missiyasını şərəflə yerinə yetirmiş, Azərbaycan mədəniyyətinin bir çox sahələri üzrə görkəmli şəxsiyyətlər yetirmişdir.
  4. Kəbirli elinin keçdiyi tarixi inkişaf yolu böyük elmi-idrakı və təcrübi əhəmiyyətə malikdir. Ona görə də bu tarixi irsi hər zaman örənməyə ehtiyac var.

Bu da xüsusi qeyd olunmalıdır ki, Kəbirli eli Qarabağ xanlığının qurulmasında önəmli rol oynayıb. Kəbirlilər Qarabağ xanlığının siyasi həyatında konkret zaman və məkan hədlərinə sığmayan əməlləri ilə aparıcı mövqelər və şöhrət qazanmışdılar. Bu təkzibedilməz, tarixə düşmüş həqiqət və faktdır...

Adil Misirli , Qarabağ üzrə bölgə müxbiri.