adalet.az header logo
  • Bakı -°C

KÖÇ - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
372 | 2026-02-05 18:32
A- A+

ƏVVƏLİ BURADA

(İkinci yazı)

Ömrün ağrılı anlarından fraqmentlər

Adətdir, təzə yurda düşəndə öncə ətrafa göz gəzdirirsən. Həm mənzərəni, həm də qonşu olacaq adamları görüb-tanımaq marağı bir instikt olaraq səni məcbur edir buna. Və yavaş-yavaş başlayırsan tanışlığın əlifbasını öyrənməyə, amma...

Amma bu heç də asan olmur. Çünki nəyə əl uzadırsan, nəyə diqqət yetirirsən, mütləq səni köhnə yurda çəkir, sənə oranı xatırladır. Gah müqayisə edirsən, gah da qoyub gəldiklərin üçün təəssüflənirsən. Bu mənada məni ən çox təəssüfləndirən həyatmın “Ədalət”lə bağlı olan ilk anıdır. Daha doğrusu, o anı yaşadığım ilk məkandır. Çünki Azərbaycan Ordusundan ehtiyata buraxılandan sonra ilk üz tutduğum yer “Azərbaycan” Nəşriyyatı oldu. İlk qarşılaşdığım isə tələbəlikdən tanıdığım, “Ədalət” qəzetinin baş redaktoru Aqil Abbas  oldu. Elə Nəşriyyatın ikinci mərtəbəsində qarşılaşmanın ilk anındaca iş tapdım. Aqil müəllim məni “Ədalət”in cəbhə müxbiri vəzifəsinə götürdü...

1980-ci ildən bağlı olduğum bu Nəşriyyatla həyatımın ikinci Nəşriyyatlı günləri başladı. Və daxilən əmin oldum ki, həyat qələmi yerə qoymağa məcbur edəndə elə bu Nəşriyyatda “Ədalət”lə, “Ədalətçilər”lə sağollaşıb gedəcəm. Haqlarını halal etmələrini istəyəcəm. Amma...

Amma bu arzum da ürəyimdə qaldı. Köç imkan vermədi bu arzumu çin etməyə. Ona görə də son bir həftədir ki, “Azərbaycan” Nəşriyyatının qarşısından, Mətbuat prospektindən keçəndə özümdən asılı olmadan içimdən bir sızıltı keçir. Çünki 1980-ci ildə də “Azərbaycan” Nəşriyyatının 6-cı mərtəbəsindəki “Təşviqatçı” jurnalından Qarabağ hadisələrinə görə ayrılıb getmişdim doğulduğum ünvana. İndi də Nəşriyyatın həmin mərtəbəsindəki “Ədalət”lə birlikdə köçürdüm Nəşriyyatdan. Düzünü deyim ki, köçmürdüm, köçürürdülər. Məsləhət belə olmuşdu. Mən də, məsləhətə qulaq asanlar hamısı da iynələrini sancmışdılar yaxalarına. Yəqin ki, “Dərziyə köç dedilər, iynəsini sancdı yaxasına” məsəli yadınızdadır...

Bəli, təzə yurdda gözüm ilk öncə Nəşriyyatda hələ də mənim yolumu gözləyən dibçəklərə yer axtarmaq oldu. Amma otaq nə qədər səliqəli olsa da, təkcə mənə aid deyildi. İndi biz 6 nəfər bir çətirin altındaydıq. Və burda dibçəkləri ancaq xatırlamaq mümkündür. Elə mən də o xatirələrin ağrısını canımdan çıxarmaq üçün hələ isinmədiyim otaqdan küçəyə çıxıram. Özü də könüllü yox, içimdə çatmayan havanın, tıncıxan ürəyimin səsinə qulaq asıb. Çıxıram və:

 

Xoş gəldin, demədi, susdu bu ünvan,

Sanki adımı da silib yadından.

Qaldım bu ünvandan biraz bədgüman –

Məni nədən silib o, həyatından?!

 

Çözüb ilməsini xatirələrin,

Dolaşdım bu nimdaş dalanı, tini.

Məni bu küçəyə gətirənlərin –

Köhnə qoxusunu alana kimi!..

 

Ulduz çiçəklədi kirpiklərimdə,

Titrədi ruhumun həssas telləri...

Suala çevrildi bildiklərim də

Əsdikcə içimdən şaxta yelləri.

 

Gördüm üzə gülən heç nə yox burda,

Doğranıb ağaclar, sökülüb səki.

Qərib tək qayıtdım bu təzə yurda,

Bir də qəribliyim olmasın təki!..

 

Bəli, bu təzə yurd əslində Bakını tanıdığım gündən bildiyim bir ərazidə yerləşir. Şəhəri tanıyanların dilində desəm, paytaxtın “gözü”dür. Bulvarın “qulağının dibi”dir. Muğam Mərkəzi də burdadır, Xalça Muzeyi də burdadır, Filarmoniya da burdadır, Funikulyor da burdadır, hətta Bəhram Gur da. Amma “Azərbaycan” Nəşriyyatı yoxdur burda. O mühit, o aura, o həmkarlıq, o tanış simalar, o ərklər, o zarafatlar, o xatirələr qalıb Yasamal Qəbiristanlığının yanında. Mən yaşanan həmin o hisslərin təsiri altında Sizə yeni ünvanın da koordinatlarını vermək istəyirəm. İşdi birdən axtararsınız, yolunuz düşər, onda...

 

Şəhərin

Dənizlə öpüşən yerində

"Azneft" dairəsində...

Böyük

Məmməd Arazın

Dünyalar sığışan

Hücrəsində

Bir küncdə

Yer tapıldı

Mənə də ...

 

...Şəhərin bu nöqtəsində

Məmməd Araz ruhunun

İstisində

Bilmirəm nədənsə

Hələ də

Bir "Şikəstə" keçir

Könlümdən,

Şikəstə!..

 

Mən aşiq gözümdə nəm,

Səsimdə, sözümdə nəm...

Hamı eyni ovqatda -

Mən isə özümnənəm...

 

Şəhərin dənizlə öpüşən yerində -

Yəni, sizə nişan verdiyim

Ən kövrək

Xatirələr mərkəzində -

Bir tumurcuq büzüşüb -

Ürəyimdə -

Özü də lap dərində!

 

İçimdəki köç ovqatı o qədər özünə yer edib ki, başqa heç nə düşünə bilmirəm. Məni qınamayın, hələ bu yazının birinci hissəsində vurğulamışdım ki, həyatımda mənimçün ən ağrılı söz “Köç”dür. Bu köçün yozumunu da vermişdim. İndi atüstü bir də xatırladım. Köç məni doğulduğum yurddan da, pənah gətirdiyim Füzuli şəhərindən də, üz tutduğum Beyləqandan da, paytaxtda sığındığım ünvanlardan da müxtəlif formalarda qoparıb. Bunun ən acı forması silah gücünə qaçqınlıq olub. Amma neyniyim ki, köç  özü ən zəhləm gedən sözə, işarəyə çevrilib mənimçün. Hardansa qopub ayrılmağıma bünövrə olub. İndi də illərlə nəfəsimlə, xatirələrimlə, təbiətin bir guşəsinə çevirdiyim dibçəklərlə sığınacağım olan, dərdimi, ağrımı, sevincimi bölüşdüyüm ovuc içi  boyda bir otaqdan da köçdüm. Amma inanın, mən hələ ordayam. Qopub Məmməd Arazın ruhu mütləq hakim olan yeni ünvana gələ bilməmişəm. Bu, mənim anlayışsız, sayğısız olmağım deyil. Əksinə, bu, böyük bir şərəfdir. Sadəcə olaraq isindiyin bir ocaq hər kəsə öz canı qədər, öz köynəyi qədər yaxındır axı. Mən də o yaxınlığın uzaqlığını yaşamağa alışmalıyam. Əgər alışa bilsəm. Elə bu məqamda da düşünürəm ki:

 

Bitirirəm bu ömrü

Xatirələr fonunda.

Bu da belə bir yazı –

Qədər imiş, sonunda.

  • Fevral:
  • 6

TƏQVİM / ARXİV