22 Oktyabr 2021 14:04
7517
MƏMLƏKƏT

Nadir şah Əfşarqul, quldur və şah

Mənbələrin və tarixi ədəbiyyatın araşdırılması bütün aydınlığı ilə sübut edir ki, Nadir şah orta əsrlər hərb tarixinin ən parlaq simalarından biridir. O, bəşər tarixinin Makedoniyalı İsgəndər, Əmir Teymur kimi sərkərdələrinin Asiyadakı uğurlarını təkrar edərək özünə Asiyanın sonuncu böyük fatehi kimi bir ad qazanmışdı. Bu insanın heyrət doğuracaq fəaliyyəti elə indinin özündə də hərb işinin davamçılarının heyranlıqla öyrəndiyi və müraciət etdiyi qiymətli bir mirasdır.Nadir şah fatehlik və sərkərdəlik əzəməti ilə hərbə yeni məzmun gətirən bir şəxsiyyətdir. O, məğlubedilməzlik simvoluna çevrilməklə hərbi peşəkarlığı ən yüksək zirvəyə çatdıra bildi. Nadir şah üçün mümkünsüz olan bir hərbi tapşırıq yox idi. Hətta insan zəkasının təsəvvür edə bilməyəcəyi qərarları qəbul edərək onların icrasında çox böyük məharət, ustalıq və əzmkarlıq nümayiş etdirən Nadir şah müasirləri üçün əlçatmaz olanməqsədlərə çox asanlıqla çatırdı. Məhz bunun nəticəsi idi ki, Nadir şah Səfəvi dövlətinin az qala yarıya qədər əldən getmiş ərazilərini geri qaytardı, Yaxın Şərqi öz imperiyasına qatmış Osmanlı dövlətinin hərb maşınının qarşısını saxladı, sürətlə güclənməkdə olan Rusiya dövlətini onunla hesablaşmağa məcbur etdi, Hindistanı, Əfqanıstanı və Türküstanı fəth etdi və özünün yeni imperiyasını yaratdı.

Nadir şah 1688-ci ilin oktyabrın 22-də Xorasan vilayətinin  Dərgəz mahalının Dəstgird kəndində köçəri maldarlıqla məşğul olan bir ailədə dünyaya gəlib.  Tarixçilər məşhur sərkərdənin hələ uşaq yaşlarından diribaş, hazırcavab, fərasətli və bacarıqlı olmasını qeyd edirlər. XVII əsrin sonu-XVIII əsrin əvvəllərində Səfəvilər dövləti qorxunc bir iqtisadi və siyasi böhran keçirirdi. Ölkənin mərkəzi və şərq hissəsi əfqan işğalı altına düşmüşdü. Azərbaycan, Şirvan və bunlarla həmsərhəd ərazilər  Osmanlı İmperiyası  tərəfindən işğal olunmuşdu. Rusiya da Qafqazda böyük fəallıq göstərməyə başlamışdı. 1723-cü ildə I Pyotr Bakı üzərinə yürüş eedib və Xəzərboyu raziləri  əraziləri ələ keçirmişdi.

Hələ on səkkiz yaşı tamam olmamış o anası ilə birlikdə Xarəzm özbəklərinin Xorasan yürüşlərindən birində əsir alınır və qul edilir. Çox keçmədən əsirlikdən qaçıb Xorasan qayıdan Nadirqulu Əbivərd hökmdarı Baba Əli bəyin yanında qulluğa götürülür. O, başına kiçik bir dəstə toplayıb, Xorasan əyalətlərinin bir neçəsini tutduqdan sonra özünü Nadirqulu bəy adlandırmağa başlayır. Nadirqulu bəyin hünərvər Xorasan yürüşlərinin qarşısı qüdrətli feodal Məlik Mahmud tərəfindən dayandırılır. Nadirqulu kömək üçün şah II Təhmasibə müraciət edir. 1726-cı ildə şah II Təhmasib və Fətəli xan Qacar Məlik Mahmudu devirib, burada Səfəvi şahının hakimiyyətini bərpa etməkdən ötrü böyük qoşunla Xorasana gəlir və Nadirqulu bəy onlarla birləşir.

II Təhmasib Nadirqulu bəyi Xorasanda öz canişini təyin edir. Bundan sonra Nadir özünə Təhmasibqulu xan adını götürür. O, Təhmasibə ilk növbədə təsir qüvvəsi get-gedə böyük sürətlə artan Fətəli xan Qacarı neytrallaşdırmaqdan ötrü lazım idi. Ancaq şah (heç Nadirin özü də ondan geri qalmırdı) bununla da kifayətlənmir.

Məlik Mahmud idarəçiliyinin mərkəzi Məşhəd alınan zaman şah Təhmasibin əmri ilə Fətəli xan öldürülür. Çünki Nadir onu Fətəli xanla Məlik Mahmud arasında gizli sövdələşmə olduğuna inandırmışdı. Bundan sonra Nadirqulu xan şahınsilahli qüvvələrin baş komandanı təyin olunur. Bir qədər keçmiş Nadir Məlik Mahmudun qoşunlarını əzərək, onun özünü qətlə yetirir. Bundan sonra Nadirin saraydakı mövqeyi güclü şəkildə möhkəmlənir.

Hadisələrin sonrakı inkişafı göstərir ki, artıq 1727-ci ildən Nadir şah Təhmasiblə də əlaqələri tam qırır və bütün Xorasanda özünün hökmranlığı uğrunda mübarizəyə başlayır. Nadir nəzarətdən çıxmış kürd və türkmən qəbilələri və şah qoşunları üzərində bir neçə qələbə qazanır. Şah özünün məğlubiyyətini etiraf edir və barışıq üçün yollar axtarır. Bu arada Nadir bir sıra qətiyyətli yürüşlər vasitəsilə bütün şimal-şərqi İranı birləşdirir. Əfqan şahı Əşrəf də artıq onun qalibiyyətli yürüşlərindən narahatlıq keçirməyə başlayır. Əşrəf öz qoşunlarını Xorasana, Nadirin üzərinə yeridir. 1729-cu ilin 30 sentyabrında Mimandost çayı sahilindəki döyüşdə (Mimandost döyüşü) Əşrəfin qoşunları darmadağın edilir. Bu parlaq qələbəsi ilə də Nadir ölkənin yadellilərdən təmizlənməsi uğrunda mübarizəsinin başlanğıcını qoyur. Əşrəfin qoşunları Tehrana  doğru geri çəkilərək, oradan da İsfahana  yönəlirlər. Nadirin əfqanlarla haqq-hesab çəkəndən sonra Azərbaycan üzərinə yeriyəcəyini anladığı üçün Osmanlı sultanı Əşrəfin köməyinə böyük bir ordu göndərir.

Nadirlə Əşrəf arasında həlledici döyüş 1729-cu ilin 13 noyabrında İsfahan yaxınlığında (İsfahan döyüşü) baş verir. Bu dəfə Nadir birləşmiş əfqan-türk qoşunları üzərində parlaq qələbə qazanır. Onların gözü elə qorxur ki, həmin gün bir daha döyüşə girməyib İsfahandan çəkilirlər. Nadir təntənəli şəkildə şəhərə girir və öz əlləri ilə Səfəvi tacını şah Təhmasibin başına qoyur. Üstündən bir qədər keçəndən sonra Nadir öz qoşunlarını əfqanları təqib etməkdən ötrü Fars vilayətinə göndərir. Qaçaqaçda Əşrəf öldürülür və bu da döyüşün taleyini həll edir. Ölkənin şərqi tamamilə təmizlənir. İndi qarşıda yalnız Azərbaycanı və onun yaxınlığındakı torpaqları Osmanlı türklərindən azad etmək qalırdı. 1731-ci ildəki hərbi əməliyyatlar nəticəsində Nadirqulu xan osmanlıları əzərək Azərbaycanı, Həmədanı və Kirmanşahı azad edir. Osmanlılar yalnız Arazdan şimalda qalırlar.

Təhmasib özünün zəifləmiş nüfuzunu bərpa etməkdən ötrü həmin əyalətləri şəxsən azad etmək qərarına gəlir. Ancaq məğlub olaraq, 1731-ci ildə ölkə üçün biabırçı bir sülh müqaviləsi (Kirmanşah müqaviləsi) bağlayır. Həmin müqaviləyə əsasən, Araz çayının şimalındakı bütün ərazilər  osmanlılara verildi.

Nadirqulu xan müqaviləni tanımaqdan imtina edir və qədim türk ənənələrinə görə, xan və əyanların qurultayını çağırır. Qurultay şah Təhmasibi taxtından salaraq, onun III Şah Abbas adlandırılan səkkiz aylıq oğlunu şah elan edir. Faktiki olaraq, bütün hakimiyyət Nadirin əlində cəmləşir. Bundan sonra Nadir iki il ərzində bir-birinin ardınca qazandığı parlaq qələbələrlə bütün Azərbaycanı və Şərqi Gürcüstanı osmanlılardan təmizləyir.

Uzun illər ərzində ilk dəfə olaraq Azərbaycanın geniş hüdudları inzibati qaydada bir şəxsin idarəsinə verilir. Artıq Səfəvilər dövlətinin sərhədləri demək olar ki, tamamilə bərpa edilir və qarşıda onun dağılmış təsərrüfatını dirçəltmək vəzifəsi durur.

 

Nadirin şah elan olunması ilə Əfşarların hakimiyyətə gəlməsi

 

Köhnə Səfəvi sülaləsinin nümayəndələri artıq feodal əyanları və xalq arasında öz nüfuzlarını tamamilə itirmişdilər və ölkəni dağıntıdan xilas etmək iqtidarında deyildilər. Nadir öz nöqteyi-nəzərindən yeganə doğru yola əl atmaq – taxt-tacın həqiqi sahibi olmaq istəyir. Bundan ötrü o yenidən qədim türk qaydasına görə, Muğan düzündə qurultay, (bu dəfə böyük qurultay) çağırır. Bu qurultaya hərbi, mülki və dini əyanları, şəhər və kənd başçılarını yığır. Buraya 100 minə yaxın adam toplanır. Bunlardan ötrü məscid və bazarlar da daxil olmaqla ağac və qamışdan 12 min müvəqqəti tikili salınır. Novruz bayramı günü, 1736-cı ilin 21 martında Nadirqulu xan Suqovuşandakı qurultaya iştirakçılar arasından yeni şah seçmək təklifi verir. Sözlərini bununla əsaslandırır ki, III Şah Abbas hələ ki, uşaqdır, Nadir özü isə işləməkdən yorulub və hakimiyyətdən imtina edir.

Azərbaycanın hərbi elitası – qızılbaşlar öz yüksəlişləri üçün Səfəvilərə minnətdar idilər və buna görə də hakimiyyət sülaləsinin dəyişməsinin əleyhinə idilər. Ancaq öz etirazını açıq şəkildə yalnız Qarabağ və Gəncə bəylərbəyi Uğurlu xan Qacar bildirir ki, o da sonralar bunun müqabilində öz malikanələrinin böyük bir qismini itirmiş olur. Onun hakimiyyətində bircə Gəncə saxlanır və rütbəsi də Gəncə bəylərbəyi adlandırılır, qacarların çox hissəsi isə Xorasana sürgün edilir. Şah elan olunması məsələsi ortaya çıxanda, Nadir özünü zahirən elə göstərir ki, guya yorulub, doğrudan da şahlığı istəmir, qurultay az qala yalvarıb onun razılığını alır və tacqoyma mərasimi keçirilir. Hətta bu münasibətlə qurultay iştirakçılarına erməni və gürcü millətindən olan qul və kənizlər bağışlanılır. Nadir şah türk məişəti mühitində formalaşmışdı. Azərbaycan türkcəsi onun ana dili idi. Nadir şah bu dildə danışırdı, hətta sonralar hərbi yürüşləri zamanı sərkərdələri ilə Azərbaycan türkcəsində ünsiyyətdə olması, Nadir şaha Azərbaycan türkcəsində nəzm əsərlərinin həsr edilməsi haqqında mənbələrdə çoxlu sayda faktlar vardır. Nadir şah hakimiyyətə gələndən sonra bölgədəki türk mühitinin möhkəmləndirilməsi üçün tədbirlər görüldü və göstəriş verildi ki, iki min əfşar Urmiyadan Əbivərdə köçürülsün.

 Adı kimi özü də dünyanın nadir sərkərdələrindən biri olan Nadir şah Əfşarın hərbi qüdrətinin ən üstün cəhəti o idi ki, qələbələrini bu günə qədər heç kim təkrar edə bilməyib. Ömrünün 37 ilindən artığını xarici işğalçılara və ölkə daxilində mərkəzi hakimiyyətə tabe olmayan yerli əyanlara qarşı mübarizəyə sərf edib Nadir şah, 120-dən artıq müharibə aparıb.

  Ömründə bir dəfə uduzub, o da Topal Osmana, Bağdad uğrunda. Onun 105 minlik qoşunundan o zaman cəmi 5 mini sağ qalıb, 100 mini ölüb. Amma o, ruhdan düşməyib. Təsəvvür edin, cəmi 2 ay sonra 105 min qoşundan daha güclü və daha nizamlı 150 minlik qoşun çıxarıb və Topal Osmanı məğlub edib. (Onu əsir götürərək başını kəsdirib.)

  “Düşmənə arxadan zərbə vurmaq taktikası”nı Suvorovun adı ilə bağlayırlar. O, 1799-cu ildə Alp dağlarını dağlarını keçərək orduya arxadan zərbə vurub. Amma əslində bu taktikanı ilk dəfə Nadir şah tətbiq edib. Bağdad yaxınlığında Yanqız istehkamı deyilən bir yer var. İlk dəfə Nadir şah həmin istehkamı almaq üçün 5 min döyüşçünü düşmənin zənn etmədiyi yoldan göndərir. Yəni, təsəvvür edin,  Suvorovdan, hardasa 77 il qabaq bu işi görüb Nadir şah Əfşar.   

  Ümumiyyətlə, Türk-Azərbaycan hərb tarixi üçün Nadir şah Əfşarın xidmətləri çox böyük və əhəmiyyətlidir. Hərbi məktəblərin açılması, ilk dəfə hərbi gəmiqayırma zavodlarının tikilməsi, müharibə üçün top istehsalı, poladəritmə zavodu və s.

  Hərb tarixində Nadir şah balaca toplar icad edib ki, bunlar dəvələr üstünə qoyularaq 360 dərəcə fırlanırmış.

  Nadir şah Əfşar ölkənin iqtisadiyyatını yalnız hərbdə götürdü. Bu da onun səhvlərindən biri idi. Nadir şah hakimiyyəti ələ aldıqdan sonra mərkəzləşmiş dövlət yaratdı, sərhədləri genişləndirdi, 1737-1739-cu illərdə Əfqanıstana yürüş etdi, Hindistanı tutdu, 1742-ci ildə Buxara və Xarəzmi ələ keçirdi. Bütün bunlarla belə, Nadir şah mərkəzləşmiş idarəetmə sistemi yarada bilmədi. Əsas səbəbi, bir aydan artıq otura bilmirdi paytaxtda. Deyirdi: “Paytaxtım atın üstündədir”.

  Nadir şah haqqında təkcə Avropada 200-dən çox mənbə var, təsəvvür edin. Nadir şahı qərb tarixçıləri Napoleon Bonapart, Böyük Fridrix, Hannibal, Velinqton, şərq tarixçiləri isə onu Makedoniyalı İsgəndər və Əmir Teymurla müqayisə edirlər.

  Nadir şahı başa düşmək üçün gərək o dövrün bütün mənbələrinə baş vurasan: Qərb ölkələrinin Nadirə münasibəti, Rusiyanın Nadirə münasibəti, Osmanlı sultanlarının Nadirə münasibəti. Bütövlükdə ətrafda hansı dövlətlər varsa və hansı dövlətlər Nadir şahla maraqlanıbsa, onların münasibətini bilmək lazımdır. Bu zaman aydın şəkildə ortaya çıxar ki, Nadir şah nə istəyirdi?  

  Erkən yaşlarından böyük fiziki qüvvəyə və dözümə malik olub. Bu adam o qədər enerjili olub ki, istənilən döyüşə atılıb. Güllələr sanki ondan sanki yan keçib. Yürüşlərdə bütün döyüşçülər kimi sadə şəraitdə yaşayıb.

  Napoleon kimi nadir sərkərdələrdən idi ki, bütün döyüşçülərini üzdən və adı ilə tanıyıb.

  Nadir şah Əfşar keçmiş inzibati ərazi bölgülər olan Şirvan, Qarabağ, Çuxursəd və Təbriz bəylərbəyiklərini ləğv edərək ilk dəfə olaraq Azərbaycan adı altında vahid inzibati bölgə yaradıb.

  Yeni Şamaxı, Nadirabad, Xivaqabad şəhərlərini salıb, Dəstgirdə mövludxana, Kelatda xəzinə, Qəzvin və Mazandaranda (Əşrəfdə) saraylar tikdirib.

  Məşhəddə İmam Rza məqbərəsini genişləndirib, məscidin Şah kitabxanasına ən çox ianə verib və bura 400 əlyazma bağışlayıb.

  Ölkənin xristian təbəələrinə çox dözümlə yanaşıb, onların azad etiqad hüququna hörmət edib.

  İncil, Tövrat və Quranın müəyyən qisimlərini türk dilinə təcrümə etdirib.

  Nadir şahın türk dünyası qarşısında mühüm xidmətlərindən biri də bu idi ki, iki türk xalqı – Osmanlı və Səfəvilərdə məzhəb ayrılığna son qoymaq və düşmənçiliyi aradan qaldırmaq üçün hər iki məzhəbin qəbul etdiyi ortaq (Cəfəri Sadiq) məzhəb təklif edib. Bu barədə sonralar 19-cu əsr Azərbaycan tarixçisi və yazıçısı Abbasqulu ağa Bakıxanov təəssüflə yazırdı: “Bu məsələ dəfələrlə Osmanlı dərbarına təqdim edilsə də, qəbul olunmadı”.

Bu gün Azərbaycanda İslam dini sahəsindəki bir çox islahat məhz Nadir şahın adı ilə bağlıdır.

Təsadüfi deyil ki, ustad şairimiz Şəhriyar vətəninin acı taleyini ürək ağrısı ilə təsvir etdiyi “Azərbaycan” şeirində yuxarıda qeyd edilən həqiqətləri dilə gətirir:

Bütün dünya bilir - sənin qüdrətinlə, dövlətinlə
Abad olub, azad olub mülk-i İran, Azərbaycan,
Bisütun-i inqilabda Şirin-Vətən üçün Fərhad
Külüng vurmuş öz başına zaman-zaman,
Azərbaycan,
Qurtarmaqçün zalımların əlindən Rey şümşadını
Öz şümşadın başdan-başa olub al qan, 
Azərbaycan.

 

Nadir şahın ölümü

Saray tarixçisi Mirzə Mehdi xan Astarabadi şahın ölümündən bir neçə il sonra Nadir şahın qətlini belə təsvir edib:

"Hicri-qəməri tarixi ilə 1160-cı il Cəmadül-Sani ayının 11-i axşamı (bazar gecəsi, 1747-ci ilin iyun ayının 20-də) Xəbuşan yaxınlığındakı Fəthabadda qurulan düşərgədə Məhəmməd bəy Qacar İrəvani, Musa bəy Əmirli Əfşar, Qoca bəy Kəndirli Əfşar, Saleh xan Qırxlının, keşikçibaşı Məmmədqulu xan Əfşarın və bir sıra digər keşikçilərin dəstəyi ilə gecəyarı Nadir şahın çadırına daxil oldular. Nadir şah həmin gecə arvadlarından Məhəmməd Həsən xanın qızı Sitarənin (Cukinin) çadırında yatmışdı. Qətlçilər Nadirin hansı çadırda yatdığını öyrənib, gözətçini boğdular və Sitarənin çadırına daxil oldular və Nadirin üzünü gördükdə qorxu onları elə bürüdü ki, onlar qapıdan içəri girməyə cəsarət etmədilər. Amma Məmmədqulu xan və Saleh xan çadırı xəncərlə cırdılar və bir neçə nəfər içəri daxil oldu. Nadir şah yerindən atılıb, Saleh xanı görən kimi onu söydü. Qılıncı çəkib onu qovdu və onlardan ikisini qılıncı ilə vurdu. Bu vaxt ayağı çadırın ipinə ilişib yıxıldı. Ayağa qalxana qədər Saleh xan onun kürəyinə bir qılınc vurdu. Bu zaman Məhəmməd xan Qacar gəlib əzəməti göylər qədər olan, qüdrəti aləmə sığmayan Nadir şahı qətlə yetirdi".

Nadir şah bir despot, qəddar şah obrazı kimi yeridilib beynimizə. Ölkələr fəth edən bir hökmdar üçün bu, çox normal bir haldır. Məgər İsgəndər Hindistanı, Napoleon Avropanı, Romanovlar Qafqazı məgər zurna-balaban, nağara ilə almışdılar? Beləliklə, Nadir şah Əfşarın yaratdığı Əfşarlar dövləti də bütövlükdə Şərq, ümumtürk və Azərbaycan tarixində silinməz izlər buraxıb.

İLTİFAT