Könül öləcək
Və bir gün anladı ki, dözümü tükənib: Öləcək...
Könül ölür
Könülün gəlin olduğu ailə çətin oldu. Ailədə kimsə normal düşünə bilmirdi. Ağıl sorunları vardı. Məsələn, isti çaya "bu soyuqdu”, soyuq suya "qaynardı” deyə bilərdilər. Kimsəni razı sala bilmirdi. İllərlə dözdü Könül. Son zamanlarda bir – neçə dəfə anasına, bacısına "Dözə bilmirəm” demişdi. Uşaqlarını götürüb getmişdi. Amma bizdə milli ”döz” psixologiyası da var axı.
Yoldaşınınsa "görüntüləri” artır, qısqanclıq sindromları başlayırdı. Düşüncə, sağlamlıq, tərbiyə sorumları olan kişilər adətən qadınlarına zülm edir. Bu zülmünsə işgəncə növləri çoxdu. Qadınlar adətən susur... Susduqca yoxa çıxırlar... Könülün həyatında özündən başqa hamı vardı...
Könül anlayırdı ki, yoxa çıxır- ölür...
Könül oldü
Könül ölürdü. İnsan kimi ölürdü... Onu yaşadan övladları idi. Ana kimi həyata tutunmağa çalışırdı. Övladları məktəbli idi. Onların taleyi üçün narahat Könül çabalayırdı. Demə narahatlıq da yaşada bilir. Çox istəyirdi onlar oxusun, seçilsin. Həyat yoldaşının bütün əziyyətlərinə, sinir krizlərinə, şıltağına dözürdü. İki oğlunun anasına bir manat qıymayan şəxsi maşın sürən Ər isə narazı gəzirdi.
Demə Ərin "ayrılıq planı” vardı. "Anangilə baş çəkək” deyə bir gün axşam saatlarında onu evdən çıxardı. Liftdə qapının açılmamasını da düşündü. Götürdüyü bıçaqla iki oğlunun anasını kəsik – kəsik etdi: 48 bıçaq yarası. Sonra ”Mənə xəyanət edir” dedi...
Sonra?
Ana haray saldı: Balamı verin...Gəlmək istəyirdi, "olmaz” dedim.
Axı bizdə dəyərli atalar misalı var "Ər evindən meyitin çıxar ancaq”.
Bacı için – için ağladı: "İki gün əvvəl dözə bilmirəm demişdi”.
Ehhh...Heç olurmu ? Bəs milli dəyərlər? ”Gəlin süpürgədi.Hara qoysan, orda qalmalıdı. Dözməlidi.Ər onun ağasıdı”. Qul psixologiyası.
Oğlanın xalası özünü qınadı: "Mən deyirdim, bu qızı qorumaq lazımdı. Öldürəcək bir gün. Heç bu cür gəlinə qıyarlarmı”?
Ah...Xala! Hansı gəlinə? Yaxşı gəlin boşanmaz ki! Dəlidən, xəstədən, narkomandan, qaynanadan, baldızdan, heç kimdən boşanmaz. Könül ağılsız idi elə əri kimi. Dəliydi. Ağıllı qız qalardımı?
Hələ nə qədər Könüllər ölüb, ölür və öləcək...
Həyat yoldaşı tərəfindən öldürülən gəlinlərin işlərinin əksərində "qısqanclıq zəminində” damğası var. Mən məsələn, qanun keşikçisi, olsaydım, o sözü deyəni canı çıxanacan döyərdim. Öldürmüsən! Həyatının yoldaşını, sevdiyini öldürmüsən –deyə - deyə ölüncə döyərdim.
Anlamıram ki, bu düşüncəylə necə yaşamaq olar? Kim deyir ki, aylarla xoş söz eşitməyən, sığal görməyən, döyülən – söyülən, xəyanət görən və s. qadın ərinə sədaqətli olmalıdı? Kim deyir? Mən xəyanətə bəraət vermirəm. Əsla! Mən heç düşüncəyə xəyanəti qəbul etmirəm. Amma...Qadın bu gün yorğundu, sənə qulluq etmək istəmir, "olmaz” deyirsən. O istirahətinə xəyanət edir. Qadın darıxır, gəzməyə getmək istəyir, sənin həvəsin yoxdur. O razılaşır, həvəsinə xəyanət edir. Qadın işləmək istəyir, icazə vermirsən, arzusuna xəyanət edir. Qadın təzə geyim istəyir, "yoxdur” deyirsən. Etmədiyin bazarlıqdan sənə süfrə açır, deyinirsən (razı qalanda sevinir) və s. Niyə özünə etdiyi xəyanətlərə görə onu qınamırsan? Hə... Ancaq sənə xəyanət etməsin. Sənin sərhədlərində qalsın-mənliyinə xəyanət etsə belə. Özünə hər gün xəyanət etsin, təki sən razı qalasan.
Nə qədər utancverici, nə qədər alçaldıcı nə qədər ürəksıxıcı yanaşmamız var. Hətta belə xəbərlərdə kişilərə bəraət verən "kişi” şərhlərinə də rast gəlmək olur. Özü də elə alçaqca söyüşlə yazırlar ki...Xəyanət faktının həqiqiliyindən asılı olmadan, doğrunu bilmədən "əcəb edib”yazanları həbs eləmək lazımdır. Potensial qatillərdi. Və qadını öldürənlər (bu bacı, övlad da olur) bilirsiz niyə xəyanətlə əsaslandırır? Çünki əmindilər onlara haqq verən tapılacaq. Əslində heç birinin dəlili-sübutu olmur. Onu başqası ilə görmüsənsə, o kişini öldür ilk olaraq. Bunların qısqandığı kişilər hanı görəsən? Xəyanət varsa, səbəbkar da var. Bəs niyə görünmürlər? Niyə? Onlara kəsilən hökm bəraətdirmi? Ay sizin dağılmalı kafanız dağılsın!..
P.S. Hadisə 9 – cu mkr;Cavadxan küçəsində olub. İş Binəqədi Rayon Prokurorluğundadı. İnanmaq istərdim ki, qatil layiqli cəzasını alacaq.


Bakı -°C
