adalet.az header logo
  • Bakı -°C
10 Mart 2026 11:58
71
MƏDƏNİYYƏT
A- A+

Özündən əvvəl səsi tanınan adam - Əntiqə Kərimzadə yazır…

İncəsənət elə bir məfhumdur ki, o, yalnız  fədailəri yadında saxlayır. O, yalnız  fədakarlara xidmət edir. Əlbəttə, Ramiz Əzizbəyli də həmin fədailərdəndir.  Kino sahəsində  əvəzsiz xidmətləri ilə yaddaşlara həkk olan, ürəklərə hopan Ramiz Əzizbəyli 20 iyul 1948-ci ildə Bakı şəhərində anadan olub.

 Atası Hacıağa ömrünün son illərinə qədər 11 uşaqlı ailəsini “Yasin” oxumaqla dolandırıb. Onun 10 yaşı olanda atası dünyasını dəyişir. Ailənin kiçik övladı olan Ramiz üçün  anası və bacısı ona hər cür şərait yaradırlar ki, o, atasızlığı hiss etməsin. Orta mətkəb təhsili ilə yanaşı rəsm dərnəyinə də gedib. Qılıncoynatma, üzgüçülük, gimnastika, güləş, futbol, atçılıqla da məşğul olub.
Onun sənətə gəlişi 1957-ci ildən başlayıb. Veriliş və televiziya tamaşalarında azyaşlı aktyor kimi çıxış edir. Azyşalı olmağına baxmayaraq, maraqlı restləri ilə sevilir. 

İlk dəfə AzTV-nin uşaq redaksiyasında daimi üzv kimi işləməyə başlayır. Hətta adına müvəqqəti əmək kitabçası da açılır. Azyaşlı olduğu üçün əmək haqqısı onun özünə verilmir.  Həmin maaşı poçtla evə göndərirlər.

1959-cu ildə kinostudiyanın dublyaj redaksiyasına cəlb olunub. O vaxta qədər uşaq rollarını da böyüklər səsləndiriblər. İlk dəfə uşaq obrazlarını səsləndirməyi ona həvalə edirlər. Bundan sonra o, kinostudiyada fəhlə kimi işə başlayır. Həmçinin İncəsənət İnstitutunun mədəni-maarif fakültəsində qiyabi təhsil almağı  başlayır. Oranı bitirəndən sonra aktyor və rejissor kimi fəaliyyət göstərir.

1987-ci ildə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının “Debüt” studiyasında çəkdiyi “Pirverdinin xoruzu” qısametrajlı bədii filmi ilə özünü rejissor kimi təsdiqləyir. Beləliklə bu film bir neçə beynəlxalq festivalda Azərbaycan kino sənətini uğurla təmsil edir, Kiyev şəhərində keçirilən Ümumittifaq Kinofestivalında “ən yaxşı rejissor debütünə görə” nominasiyasının qalibi olur.

Ramiz Əzizbəyli xalqın içindən çıxmış sənətkar idi. Xalqın mənəvi tələblərindən xəbərdar idi. O, xalqımızın nə istədiyini çox gözəl bilib və bütün işləri ilə də tamaşaçıların sevimlisi olmağı bacarıb. Təkcə “Bəxt üzüyü” filmi hər şeyi deyir. “Bəxt üzüyü” müasir kino tariximizə yüksək bədii keyfiyyətli və ən yüksək kassa gəliri gətirən film kimi daxil olub. Film Daşkənddə keçirilən Asiya və Latın Amerikası ölkələrinin ənənəvi kinofestivalında xüsusi diploma layiq görülüb.

“Bəxt üzüyü” filminə Ramiz Əzizbəyli həyat yoldaşı Zümrüd xanımı çəksə də, sonradan o, çəkilən hissələri montaj edib.
Ömrünü kinoya həsr edən sənətkar  bəzi səbəblərə görə öz həmkarlarından zaman- zaman incik düşür.

O, kiçik qızı Xədicəni yaxın dostu olan Rasim Balayevin baldızının oğluna verir. Lakin Xədicənin ailə həyatı uğurlu olmur və həyat yoldaşından ayrılır. Bu məsələ Ramiz Əzizbəylini çox sarsıdır. O, Rasim Balayevdən küsür və ömrünün sonuna qədər onu bağışlamır..

Ramiz Əzizbəylinin yaxın dostu Afaq Bəşirqızı ilə münasibəti kinoya görə soyuyur. Və aralarında incik olur. Bu barədə o, müsahibələrinin birində deyir:

“Mənim çəkdiyim filmlə zirvəyə qalxdı, sonra o zirvədən mənə daş atdı. Acığıma gedib “Bəxt üzüyü - 2”ni çəkdi. Mənə çox pis təsir etdi. Çox bərbad, səviyyəsiz bir iş çıxdı ortalığa”.

Xalq artisti üç dəfə insult keçirib. O, uzun müddət yüksək qan təzyiqi və şəkər xəstəliyindən əziyyət çəkib. Onun bir ayağındakı barmaqları amputasiya edilib. Ramiz Əzizbəyli 8 dəfə əməliyyat keçirib. Hər dəfə narkozdan ayılanda Allaha şükür edib. Bir müddət əvvəl sənətkar Zığ qəsəbəsində yerləşən koronavirus xəstələrinin müalicə aldığı modul tipli hospitala yerləşdirilib. İnfarkt keçirdiyi açıqlanıb.

Xəstəlik onu daha çox küsəyən uşağa çevirmişdi. Ömrünün son illərində verdiyi müsahibələrinin birində deyib: 
“Ən çox incikliyim anamdandır. Onu tez-tez yuxumda görürəm. Gərək məni bu dünyaya gətirməyəydi”.
Sənət dostlarından gördüyü soyuq münasibətlə barışa bilmirdi. 

Yaşamaq uğrudan sözün əsl mənasında savaşan Ramiz Əzizbəyli 9 iyun 2021-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edir.