(Xalq şairi Nəriman Həsənzadənin 95 yaşı tamam oldu)
Bu yaxınlarda Xalq şairi Nəriman Həsənzadə xəstəxanadan evinə döndü. Ona rahatlıq, dinclik, istirahət lazım idi. Amma o, makinanın arxasına keçdi. Ürəyi dolu idi.
Bu il fevral ayının 18-də poeziyamızın Nərimanı 95 yaşına çatır... Mən də böyük şairimizə qısaca da olsa ürək sözlərimi çatdırıram.
Şeir yazdığım gün məğrur oluram,
ilham ki,
xəfifcə sinəmə dolur;
bir şeh damlasıtək
büllur oluram
dünya dünyada yox, məndə əks olur.
Bu misralar böyük Azərbaycan şairi Nəriman Həsənzadənindir. Mən onun daimi oxucularından və həm də tədqiqatçılarından biriyəm. Amma mən nə oxucu, nə də tədqiqatçı kimi Nəriman Həsənzadəni hələ də oxuyub qurtara bilmirəm. Onun şeirləri illər keçəndən sonra da məndə təzə bir ovqat yaradır. Fikirləşirəm ki: «Nəriman Həsənzadə bu şeiri lap indicə yazıb». Alman mütəfəkkiri Höte demişdir: «Mən nə kimi oxucu istəyirəm? Elə oxucu istəyirəm ki, məni, özünü və bütün aləmi unutsun və ancaq mənim kitabımla yaşasın».
Şairlərin adları qarşısında belə ifadələrlə tez-tez qarşılaşırıq; «lirik şair», «vətənpərvər şair», «yurdçu şair, «sevgi şairi», «təbiət şairi». Əlbəttə, belə bir bölgü və bu prinsir çox zaman özünü doğrultmur. Nəriman Həsənzadəyə gəldikdə, o, bütün bunları öz şair varlığında yaşadır. Şair üçün təbiətin gözəlliklərindən yazmaq, poetik boyalarla, sözün rəngləriylə tablolar çəkmək, yaxud Vətəninin, xalqının azadlığı, müstəqilliyi barədə düşüncələrini ifadə etmək, sevdiyi xanımına şeirlər həsr etmək… bütün bunlar onun şairlik missiyasına aiddir. Amma qayıdıram «lirik şair» ifadəsinə. Nəriman Həsənzadə elə ilk şeirndən bu günə qədər lirik şairdir. O, hətta dram əsərlərində də, publisistikasında da lirikdir. Nəriman Həsənzadə səninlə görüşəndə də,hər hansı bir tədbirdə çıxış edəndə də, telefon danışığında da, onlarla adamın əhatəsində olanda da lirikdir. 63 il öncə ustad Mir Cəlal müəllim görün nə demişdi: «Nəriman olduqca həssas bir şairdir. O, bir qartalın uçuşunda, bir lalənin duruşunda, bir körpənin baxışında bütün kainatı, ictimai aləmi və məna dolu həyatımızı görmək istəyir». Nəriman Həsənzadə bir xatirəsində Moskvada, Nazim Hikmətlə görüşlərindən söz açır. O, Xəlil Rza ilə tez-tez Nazim Hikmətin görüşünə gedərdi. «Xəlillə ədəbi mübahisəmiz olardı. Şeiri necə yazmaq lazımdı? O deyirdi Mayakovski ruhunda, qışqıra-qışqıra, yumruğunu stola döyə-döyə. Mən bunun əksinə deyirdim. Nazim Hikmətin yanına getdik. Şərt qoyduq ki, fikrimizi əvvəlcə bildirməyək. Elə də oldu. Amma Nazim Hikmət Xəlilin fikrini müdafiə etməyəndə, o, Nazimin «Kərəm kiimi» şeirini misal gətirdi, bu şeir qışqırıqdır,-dedi. Nazim Hikmət Xəlilin qəlbinə dəymədi, dedi: «Övlad anası ilə necə danışırsa, şeir də elə yazılmalıdır. Pıçıltı ilə, sakit, həzin. Heç kəs anası ilə qışqıra-qışqıra danışmaz».
Və bütün bunlardan sonra Nəriman müəllimin özünə söz verək: «Şeir mənim aləmimdə bütöv bir kainatdır, müxtəlif səslərlə, rənglərlə birlikdə təbiətin özüdür, əslidlir, surəti deyil. O da canlı orqanizmdir, təbiət qədər və doğma və amansızdır. Mən indiyə qədər nə çəkmişəmsə, şeirdən çəkmişəm. Onun ağırlığı altında təntimişəm, amma həmişə bu, mənə fərəh verib. Ağrılardan doğan sevincim olub. Mən bu əzabı həyatda bəlkə də heç bir əyləncəyə dəyişmərəm. Axı, bir də bu məndən asılı olan şey deyil. Mənim səadətim də bundadır».
Azərbaycan poeziyasında mükəmməl ŞAİR obrazı ilə çox qarşılaşmışıq. Bütün şeir və poemalarında Nəriman Həsənzadənin ÖZÜ görünür, o, bu əsərləni BAŞ QƏHRƏNIdır. Daha doğrusu, onun hər bir əsərində daxili aləminin, ruhi həyəcanlarının cizgiləri öz əksini tapır.Şair bütün varlığı ilə yaşadığı dünya və mənsub olduğu xalqla bir nəfəs alır. Dünya bütün sevincləri və qəmi, acısı və şirini, dincliyi və qovğası ilə şairin varlığında yaşayır.
Bir insan olsaydım, nə idi dərdim,
yaşardım hər fəsil bir paltar geyib
Evimdə çay içib,
çörək də yeyib,
Bir insan qəmini çəkə bilərdim.
Sinəmdə xalqların bədbəxt taleyi,
bəzən bir aldanmış qadın gileyi,
bəzən bir torpağın batan çeşməsi,
bəzən bir üzsüzün üzə durması,
könlümün yayını çəkib qırırlar.
Nəriman Həsənzadənin Şair obrazı onun fəal həyat mövqeyində, dünya, cəmiyyət, xalq, Vətən və yaşadığı mühit haqqında poetik düşüncələrində əks olunur. O, Sovet dönəmində də, müstəqillik dövründə də HƏQİQƏT uğrunda mübarizə aparmış, yalanı, riyakarlığı, antişumanizmi qətiyyətlə pisləmişdir. Onu Bakıda döyülən bir jurnalistin taleyi də, gürcü şairi İ.Çavçavadzeyə xaincəsinə atılan güllə də, restoranda pişiyinə ad günü keçirən bir müğənninin harınlığı da, Ziya Bünyadovun qətli də, Xatın harayı da, iki Azərbaycanı bir-birindən ayıran tikanlı məftillər də… eyni dərəcədə düşündürüb. Şair 90-cı illərin əvvəllərində İranda oldu, «Cənub həsrəti» silsiləsi də bu zaman yarandı:
Keçdim Culfadakı dəmir körpüdən,
orda fars dayanıb, burda rus durür.
Qarşıda-
İkiyə bölünmüş Vətən,
ortada-
bir Araz, bir namus durur.
Nəriman Həsənzadənin yaradıcılığından tarixi bir xətt keçir. Bu xəttin bir ucu XX əsr Azərbaycan həqiqətləri,əsrin ziddiyyətli, təzadlı hadisələri, müstəqillik, azavdlıq mücadilələri, bir ucu Cənub həsrəti, bir ucu Nizamidən bəri bizim böyük sənətkarların faciəli taleləri, bir ucu dünyanın indisindən antik dövrünə qədər keçdiyi yoldur. O, həmişə poeziyasında qəhrəmanlığı vəsf edib. Nuru Paşadan poema yazıb, Qasaq Kərəmi tərənnüm edib... Akademik Nizami Cəfərovun bu fikriylə tam şərikəm ki: «Nəriman Həsənzadənin bütün yaradıcılığının baş qəhrəmanı Tarixdir». Onun «Nəriman» və «Zümrüd quşu» epik-dramatik poemaları, «Atabəylər» və «Pompeyin Qafqaza yürüşü» mənzum pyesləri düşünülmüş bir bədii konsepsiyanın reallaşmasıdır.
Araz qırağında, küləkli gündə,
Mən bir söyüd gördüm çayın üstündə.
Dağılmış saçını gah yel yolurdu,
Gah da ki, tikanlı məftil yolurdu.
Əyilib o tayı öpürdü söyüd,
Əyilib bu tayı öpürdü söyüd.
Sandım ki, yel əsir əsr yarımdı.
Dondu damarımın elə bil qanı.
Sanma qanunlara mən qulaq asdım,
Bölmədim bölünmüş Azərbaycanı,
Söyüdlə birlikdə bağrıma basdım.
1962-ci ildə, Araz qırağında yazılmış bu şeirin o illərdə qələmə alınmış «Araznamə»lərdən fərqi burasında idi ki, şeirdəki hüzn və elegiya vay-şivən səviyyəsinə enmir.
Nəriman Həsənzadədən nəyi öyrənmişik, nəyi öyrənirik? Həyat həqiqətlərini (o həqiqətlər ki, şeir dililə ifadə olunanda onları hökm kimi qəbul edirsən), Vətən sevgisini (içindəki Azərbaycan sevgisinə Nəriman sevgisi qarışır), tariximizi, türkçülüyümüzü, kimliyimizi, müstəqil düşünmək istəyimizi, Azadlıq təşnəliyimizi və bir də… qadını sevməyi… Onun nəzərində Yer üzünün ən gözəl məxluqatı Sevgili-Qadındır. Qadın kimdir? «Qadın üz döndərsə, sönər məhəbbət. Nəğmələr yayılmaz obaya, elə. Qadın xoşbəxt edər, istəsə əlbət. Dünyada ən bədbəxt kişini belə. Qadınsız çətindi həyatı sevmək. Sevgisiz həyat da bir həyat deyil»..
Gedirsən, darıxıram,
get, qayıt külək kimi.
Çiçəyim, bitmə gedib
çəməndə çiçək kimi.
Kölgəni yerdə görüb
göydə uçan durnalar,
Səni də durna bilib
qatarına çağırar.
Nəriman Həsənzadənin səksəninci illərin sonlarına qədər yazdığı sevgi şeirlərində ayrılıq küləkləri əsmir, məhəbbətin insana bəxş etdiyi mənəvi gözəllik, kişinin bu məhəbbətin təsiriylə kamilləşməsi diqqəti cəlb edir. Ancaq həyat yoldaşı sara xanım vəfat edəndən sonra Nəriman Həsənzadənin şeirlərində hicran küləkləri əsməyə başlayır.Azərbaycan poeziyasında Füzulidən sonra QƏM poeziyasının ən qəmli bir şeirləri yaranır:
Yer üzü vətəndi, qəbir də vətən,
bu gözün ağıdı, o qarasıdı.
Lakin bu dünyada olmayıb deyən,-
Bunun vətən hansı, qürbət hansıdı?!
Ayrılıq bir əbədi bir qəmdi, nə qəm,
nə arzuya qıyır, nə yaşa baxır.
Mən daşa baxmaqdan daşa dönmüşəm,
Üz-üzə durmuşuq: daş daşa baxır.
Mən Nəriman Həsənzadəni – iki yaşında atasını, iyirmi beş yaşında anasını, əlli beş yaşında həyat yoldaşını itirən, amma milyonlarla insanların sevgisini qazanan bu böyük şairimizi bütün Azərbaycan oxucuları adından təbrik edirəm… İlk Xalq şairimizdir ki, ömür nərdivanlarından keçə-keçə bu yaşı da adlayır…


Bakı -°C
