Bir dəfə çox imkanlı dostum mənimlə görüşəndə soruşdu: - Sənin neçə evin var! Sözün düzü onun bu sualından tutuldum.Dedim ki, düzün danışım, yoxsa...
Əlbəttə, düzün desən , yaxşı olar.Mən də düzün dedim:- Əslinə qalanda bir mənzilin var! O da Yeni Günəşlidə. Özü də o evi mən almamışam, ha! Ötən əsrin 80- çi illərində həyat yoldaşım Bakı Şəhər Kooperativ İdarəsindən alıb. Dostum bir anlıq fikrə getdi:- Mən də elə bilirəm, üç - dörd yerdə evin var. Axı varlı kişinin oğlusan, üstəlik də 35 ildir ki, yaxşı yerdə işləyirsən və görürəm ki, heç maşının da yoxdur,- dedi.
Onun sualına cavab olaraq" Atam varlı adam olub, amma Allaha and olsun ki, onun var- dövlətində gözüm olmayıb. Hələ rəhmətlik atam mənə tələbə olanda ev almaq istəyirdi. Dedim ki, istəmirəm.Bunu yaxın qohumlarım və dostlarım yaxşı bilir və atamdan mənə qalan yeganə var- dövlət iki metr uzunu, bir metr də eni olan Gəncə xalçasıdır. Və bir də onun verdiyi tərbiyə , mədəniyyətdir. Məncə, bundan böyük var- dövlət ola bilməz?! Cavabım dostuma ləzzət elədi! Sonra da dilləndi:- Halal olsun sənə, ata malına arxayın olmamısan, elə buna görə də Faiq Oismətoğlu olmusan. Hamı deyir ki, sən tələbəlik illərində özünü elə sadə aparmısan ki, heç kim bilməyib ki, varlı kişinin oğlusan!
Çox təəsüf ki, indi adamlara istedadına, savadına və əxlaqına görə, yox, maşınına, evinə, vəzifəsinə və puluna görə, qiymət verirlər. Belə bir atalar sözü yadıma düşür:" Dəryaca ağlın olsa, kasıb olsan gülərlər." Kasıb danışanda ağzından qızıl tökülsə də, ona əhəmiyyət verməzlər, amma vəzifəli, pulu adam danışsa, ağzından zəhər tökülsə də, baldır və kişinin oğlu qızıl xırdalayır deyəcəklər! İstənilən Xeyir- şərə gedəndə sənin üst- başına və gəldiyin maşına baxıb münasibət göstərirlər! Təəssüf, min təəssüf!!! Əsas məsələ var- dövlət, vəzifə, ev , maşın deyil.
Əsas məsələ istedad, savad, əxlaq, ədalət və insanlıqdır! O sadaladığım mülklər bizim deyil, Allahındır.Və bizim olan yaxşı və pis əməllərimizdir.Və Tanrının yanına var- dövlətimizlə yox, əməllərimizlə gedəcəyik! On evin olub, narahat yaşayana kimi, bir evin olub, rahat yaşamaq daha gözəldir! Allah-təala Süleyman Peyğəmbərə həm Peyğəmbərlik, həm də padşahlıq qismət eləmişdi. Üstəlik də ona 750 il ömür vermişdi. Süleyman Peyğəmbərə qalmayan dünya, görəsən, indi kimə qalacaq???