adalet.az header logo
  • Bakı -°C

ŞAİR ÖMRÜ -  Vaqif Yusifli yazır

VAQİF YUSİFLİ
302 | 2025-11-25 13:57
A- A+

(Fikrət Sadıq - 90)

Azərbaycan Yazıçılar Birliyinin üçüncü mərtəbəsində, otaqları birində saçına tez qırov düşmüş, bəmbəyazsaçlı, nəhəng cüssəli bir şair əyləşirdi. (Dostu Qabil onu Dədə Qorquda oxşatmışdı). Şeir gətirirdilər yanına, o da oxuyub tövsiyələrini çatdırır, məsləhətlərini verirdi. Şeirlər xoşuna gəlirdisə, müəllifin üzünə gülümsəyib, bir-iki kəlmə xoş söz deyirdi. Sonralar bəyəndiyi şeirlərin üstünü yazıb “Azərbaycan”, “Ul- duz” jurnallarına göndərirdi. Bəyənmədiyi şeirlərin müəlliflərinə gəlincə, şəxsən mənim bir neçə dəfə gördüyüm bu idi ki, Fikrət müəllim Mirzə Ələkbər Sabirdən iki misra söyləyirdi: “Şeir bir gövhəri ziqiy-mətdir, Salmaram vəsfi-druğ ilə onu qiymətdən”. Sonra isə zarafatla deyirdi ki, sənin şeirlərin ağacdakı kal meyvə kimidir, qoy yetişsin, onda gətirərsən. Bu ağsaqqal şair günlərin birində yarızarafat, amma deyərdim ki, tam ciddi səslənən bir şeir yazdı:

Mən sayım, sən sadala,

Gör kimlər şeir yazır?

Mühəndislər, polislər,

Həkimlər şeir yazır.

Deputatlar, vəkillər,

Hakimlər şeir yazır.

Elmdən yorulanda

Şeir yazır hacılar,

Məşədilər, mollalar.

Evin tikilsin, millət,

Bu qədər şair olar?

Əlbəttə, istedadı varsa, həkim də, hakim də, elmi işçi də lap molla da şeir yaza bilər, amma ağsaqqal şairimiz şeirimizdə baş alıb gedən kütləvi qrafomaniyaya qarşı çıxırdı.

O, Şamaxıda doğulmuşdu. Amma Şamaxıda çox az yaşadı, orada ibtidai məktəbi bitirəndən sonra Kürdəmirdə orta təhsilini, Bakıda isə sənət məktəbini bitirdi. Montyor idi, evlərə işıq çəkirdi, altı-yeddi il, Naftalanda, Tərtərdə montyor işlədi, Sovet ordusunda xidməti borcunu yerinə yetirdi. Sonra ADU-nun filologiya fakültəsində təhsil aldı. Sonra isə bütün taleyini ədəbiyyata həsr elədi.

O, ədəbiyyata “altmışıncılar” sırasında gəldi. Yaşca Anardan da, Elçindən də, Fikrət Qocadan da, İsi Məlikzadədən də böyük idi. Bu adları xatırlamağım əbəs deyil “Altmışıncılar” ədəbiyyata təzə nəfəs gə tirdilər, onların şeirləri, hekayələri, povestləri tənqid də olundu, tərifləndi də, amma əsas odur ki, tezliklə bu ədəbiyyatın xarakterini müəyyənləşdirən simalara çevrildilər. Lap əvvəldən Fikrət Sadıq da böyk şairimiz Rəsul Rzanın qələminə düşdü: “Fikrət Sadığın ən yaxşı şeirləri ruhən cavan, ehtiraslı, lakin saçına çox tez müdriklik ağı düşmüş adamı xatırladan şeirlərdir.

«O illərdə özüm də kiməsə oxşamaq istəyirdim.  İlk şekirlərimin çoxu nəzirə idi. Sənət məktəbini qurtarıb işıqçı oldum. Fəhlə oldum. Naftalanda neft kəşfiyyatında işlədim. Doğma Azərbaycanı qarış-qarış piyada gəzdim. Çox şey öyrəndim. O illər ömrümə yazıldı. Bimr az da bərkidim. Şeir yazırdım. Amma çap eləməyə çalışmırdım, doğrusu, hələ ürək eləmirdim. Ürək eləməsəm də, yazdıqlarım məni universitetin filoloji fakültəsinə gətirib çıxartdı.

…Təhsil illərimdə və ondan sonrakı ömrümdə həmişə məni bir sual düşündürüb: bu günün şeiri necə olmalıdır?

Dünənin şeiri, üstəgəl sabahın şeiri bərabərdir bu günün şeirinə. Bu tapmacanı ağac timsalında açaq. Kök varsa, gövdə tutacaq, qol-budaq atacaq. Kök-dünən, gövdə-bu gün, qol-budaq – sabahdır, bu günün şeiri ağacın gövdəsidir.

Bütün zamanlarda müasir şeir gövdə olub.

Gövdə ağaca necə lazımsa, şeir də cəmiyyətə eləcə gərəkdir».

Yaşının «ekvator xəttini» keçəndən sonra qələmə aldığı bu sətirlər mən deyərdim Fikrət Sadığın şair ömrünün həm başlanğıcını, həm də davamını çox gözəl səciyyələndirir. İndi, 70 yaşının zirvəsindən ötən illərə boylananda da «bu günün şeiri necə olmalıdır?» sualına eyni cavabın veriləcəyi şübhə doğurmur. Və bir də şeir haqqında Fikrət Sadığın dediyi bu fikir bütün zamanlar üçün məqbuldur: «Şeir o zaman hamının olur ki, ordakı dünyaduyum ən azı on adamın ürəyindən xəbər vermiş olsun. Yəni heç olmasa on adam sənin yazdığını görüb, duyub, amma qələmə alıb yazmayıb, ya yazıb çatdıra bilməyib, amma sən bu sözləri onlardan əvvəl demisən. Odur ki, hamıya doğma olub».

Budur, bu doğmalığın təzahürü olan bir şeir – «Üçüncü simfoniyanı dinləyərkən».

    Bir ağız Osvensim fəryadı,

    Bir tutam yaslı bulud.

    Sonra günəşin addım səsləri,

    Sonra tufanqabağı sükut,

    Dalğaların parçalanması,

    Qayaların ovulması,

    Bir də Dədə Qorqud.

 

    Sonra Kərəm yanğısı,

    Sonra çilik-çilik sınan su,

    Tanış çiçək qoxusu.

    Doğma yurd.

 

    Sonra da bir sual;

    Saçları dağılmış dünyamızı,

    Raket ucları darayacaqmı

    Yoxsa kotan dişləri?

    Sonra Rodenin fikirli insanı.

    Nigarançılıq.

    Sonra da sonuncu akkord-

    Ümid!

Dahi bəstəkar Qara Qarayevin musiqisindən yaranan bu şeir-təəssürat o zaman tez-tez səslənən assosiativ şeirin ən parlaq nümunələrindən idi. Göründüyü kimi, burada ustad  Rəsul Rzanın «rəngləri»nin  təsiri (forma baxımından) aydınca seçilirdi. Ancaq təsir, yaxşı mənada heç vaxt təqlidə, yamsılamaya çevrilmir. R.Rzanın bu baxımdan «altmışıncılara» təsiri ustad-şagird münasibətləri səviyyəsində dərk olunmalıdır. «Altmışıncılar»  R.Rzadan həyata,  gerçəkliyə münasibətdə cəsarət, sözə münasibətdə isə poetik sərbəstlik əxz etdilər.

Fikrət Sadıq  poetik fərdiyyəti etibarilə bir çərçivəyə sığan şair deyil. Bunu necə anlamaq olar?  Ən sadə halda: onun poetik təfəkkürü  Azərbaycan şeirinin bütün vəznlərində və əksər formalarında çevikliyi ilə diqqəti cəlb edir. Buraya F. Sadığın  «Kök-el ədəbiyyatıdır, ağız ədəbiyyatıdır, folklor tükənməz çeşmədir. Yalnız ədəbiyyat bu çeşmədən su içməsə solar» fikrini də əlavə edək. Doğrudan da, F.Sadıq bu mənada layladan, bayatıdan ən müasir şeirə qədər böyük bir yol keçir.

Vaxtilə Xalq yazıçısı Elçin F.Sadığın 50 yaşına həsr etdiyi bir məqaləsində yazırdı: “Fikrət Sadıq çox görmüş, dediklərini bilavasitə təcrübədən keçirmiş, bilavasitə duymuş, hiss etmiş şairdir.  Fikrət çətinliklərdən yazır- özü çətinliklər çəkmişdir, müharibə illərinin ac-yalavac, fərəhsiz uşaqlığından, yeniyetməliyindən yazır – özü belə yaşamışdır; işıqçəkən bir fəhlənin həyatından poema yazır-özü işıqçəkən fəhlə olmuşdur.

Bu sadə suallvarın arxasında Fikrət poeziyasının həyatdan gəlməsi və həyata bağlılığı dayanmışdır, torpağa, xalqın güzəranına bələdlik dayanmışdır. Fikrət öz xalqının psixologiyasını, təfəkkür tərzini yaxşı bilir və duyur, onun poeziyasının özü də həmin milli təfəkkür tərzinin yetişdirməsidir».

      Çörəklə sınvağa çəkiblər xalqı,

      Qarışıq salıblar haqla-nahaqqı.

      Bu yazıq camaat neyləsin, axı,

      Vətən satılanda-kitab satılmaz.

Onun ömür yolunu illərdə əks etdirən qısaca tərcümeyi-halına nəzər salıram. Uzun illər işıqçı olub… Elə bəlkə şeirldərindəki  işıq da ömrünün o işıqlı günlərindən yaranıb. Ədəbi fəaliyyətə tələbəlik illərində, universitet nəşriyyatının buraxdığı «Gənclik nəğmələri» almanaxında dərc etdirdiyi «Artist» şeiri ilə  başlayıb. «Cığır» adlı şeirlər kitabı (1963) onun poeziyaya ilk cığır açmaq istəyindən doğub. Daha sonrakı illərdə  «Ömrün bir günü» (1965), «Dəniz küçəmizə gəlir» (1968), «Sevgi yağışı» (1970), «İşığın yaşı» (1974), «Ağ cığır» (1979), «Yerdən göyə ümid» (1981), «Məndən soruşsalar» (1985), «Dünya öz işindədir» (1989), «Seçilmiş əsərlər» (1991) və b. kitablar çap olundu. Gözəl tərcümələri də var. Ancaq böyük Şəhriyardan tərcümə elədiyi «Azərbaycan» şeirinin bəzi beytlərini xatırladaq:

      Könlüm quşu qanad çalmazsənsiz bir an, Azərbaycan,

      Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan!

      Səndən uzaq düşsəm də mən, eşqin ilə yaşayıram,

      Yaralanmış qəlbim kimi qəlbi viran, Azərbaycan!

      Vətən eşqi məktəbində can verməyi öyrənmişik,

      Ustadımız deyib heçdir vətənsiz can, Azərbaycan!

      Yarəb, nədir bir bu qədər ürəkləri qan etməyin,

      Qolubağlı qalacaqdır nə vaxtacan, Azərbaycan!

      Övladların nə vaxtadək  tərkivətən olacaqdır?

      Əl-ələ ver, üsyan elə, oyan, oyan, Azərbaycan!

Misilsiz şeirdir, həm də misilsiz tərcümə! Başqa söz tapa bilmirəm.

Daha nəyi  xatırladım? F.Sadıq çox yerdə işləyib. Naftalanda, Kürdəmirdə işıqçı olmağından dedim. Şamaxıda kənd müəllimi (əsli elə oralıdır), rayon qəzeti redaksiyasında ədəbi işçi, Ensiklopediyada elmi redaktor, sonra şöbə müdiri, «Gənclik» nəşriyyatında redaktor, kinostudiyada elmi-kütləvi və sənədli filmləri birliyi idarəsində baş redaktor (qeyd edim ki, «İçərişəhər», «Naxçıvan», «Süleyman Rüstəm» sənədli filmlərinin ssenariləri onundur), Yazıçılar İttifaqında bədii ədəbiyyatın təbliği bürosunun direktoru..Həmişə öz halal əməyi və qonorarı  ilə gün-güzəran keçirən F.Sadıq iki oğul, bir qız atasıdır. Oğlu Orxan artıq istedadlı nasir kimi tanınır, dğrd kitabın müəllifidir.

… Fikrət Sadıq dünyasını dəyişsə də, onun şeirləri və xatirəsi həmişə qəlbimizdədir.

 

  • Oktyabr:
  • 31

TƏQVİM / ARXİV