VAXTI ÖMÜRƏ ÇEVİRƏN ŞAİR - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
108 | 2025-09-30 16:43

Bu məqamda söhbət Əjdər Oldan gedir

Kitabxanamda başımı qatmışdım. İstəyirdim ki biraz uzaqlaşım son günlərin sıxıntılarından. Ona görə də məqsədsiz şəkildə, yəni hansı kitabı axtaracağımı əvvəlcədən bilmədən rəfləri gözdən keçirirdim. Bu sırada onun kitabları diqqətimi çəkdi. Söhbət Əjdər Oldan gedir! 
Bəli, bu bir həqiqətdir ki, insan cismən təcrid olunsa da, onun sözü hər zaman azadlıqda olur. Yəni bir anlıq gözünüzün önünə “Nəsimi” filmini gətirsəniz, onda mənim dediyimlə razılaşarsınız Hətta Məlikşahın nəvəsi də bütün qadağalara baxmayaraq Fəzlinin kitabını oxuyur, şeirlərini əzbərləyirdi. 

Bu xatırlatmanı mən də bu gün bəlli səbəblərdən müvəqqəti cəza çəkən şair dostum Əjdər Olla bağlı yada saldım. Çünki onun poeziyası, publisistikası hər gün və hər yerdə xatırlanır. Ölkədə keçirilən vətənlə, torpaqla, əsgərlə bağlı ən möhtəşəm tədbirlərdə onun şeirləri səsləndirilir. Bu artıq ruhun, sözün azadlığının bariz nümunəsidir. Və mən də indi kitab rəfimdən əlimi uzadıb götürdüyüm “Günəbaxan zəmisi” şeirlər toplusunu vərəqləyəndə öncə müəllifin səmimi avtoqrafını gözdən keçirdim. Həmin avtoqrafın yazılma məqamını xatırlaya-xatırlaya vərəqlədim kitabı. Diqqətimi şairin 2001-ci ildə dəyərli söz adamı, unudulmaz Məmməd Aslana yazdığı “Təsəlli” şeiri çəkdi. Əjdər Ol Məmməd Aslana yazırdı ki:

Məmməd Aslan gör bir nədən təsəlli tapır,
əsir düşmüş Kəlbəcərin şəkillərindən.
Bu ağ-qara şəkillərdə nə kəklik izi? – 
Baş açılmır qayaların səkillərindən.

Oxşasa da şəkillərin yamac xətrini,
gözü seçmir nərgizlərin sarı sətrini.
Bahar gəlib, gül iyini, yarpız ətrini
Necə alsın şəhidlərin əklillərindən?!

Bir dünya var o da onun başına dardır,
Nisgilini sürütləyib dalınca dartır,
Danışdıqca qanı qalxır, şəkəri artır,
Cınqır çıxmır millətimin vəkillərindən.

Bəli, bu şeir 19 il əvvəl, yəni 2020-ci ilin 27 sentyabrından öncə yazılmışdı. Hamımızın içimizin qan ağlayan, həsrətimizin tüğyan edən zamanında. Məhz onda Əjdər Ol unudulmaz Məmməd Aslanın Kəlbəcər nisgilini misralamışdı, şeirə çevirmişdi. Bu gün bir oxucu olaraq həmin o nisgilin mahiyyətini şair qələminin sözlə çəkdiyi şeir adlı şəkildə görmək, hiss etmək adamı kövrəltsə də, həm də bir yaşamı unudulmaz edir. Yəni yaddaşımızı təzələyir. 

Həqiqətə söykənib demək istəyirəm ki, insan sıxılanda, darıxanda, yüklənəndə, anlaşılmayanda, haqsızlıqla qarşılaşanda canından da bezir, zamandan da küsür, vaxtdan da inciyir. Və sənə elə gəlir ki, vaxt yerində donub, saatın əqrəbləri fırlanmır. Amma gerçəkdə bu belə deyil. Zaman adlı dəyirman öz işini görür. Görülən əvvəldə dediyim halları yaşayan bəndə üçün görünməzdir. Şair isə əksinə, vaxtın, zamanın bütün cizgilərini, ilmələrini, naxışlarını qələmin ucu ilə durğu işarələrindən tutmuş sözə qədər köçürə bilir. Elə Əjdər Ol da “Vaxt getmir ki...” şeirində bax mənim sizə çatdırmaq istədiyim məqamı poetik fikir edib və yazıb ki:

Payız soldu... qışı qəfil şaxta vurdu,
Qaranquşlar uçub gəldi, yuva qurdu.
İndi də yaz baş qaldırır puçur-puçur,
Vaxt getmir ki... Vaxt ya qaçır, ya da uçur!

Gerçək budur, reallıq budur. Vaxt həqiqətən bizi gözləmir.  O, ya qaçır, ya da uçur. Biz isə ona çatmağa, onunla birlikdə olmağa cəhd edirik. Bacaranımız, cəld tərpənənimiz yapışır vaxtın ətəyindən.

Bizlər də ona ya sevinclə, ya da qısqanclıqla deyirik ki, zəmanə adamıdır. Vaxtın qədərini, dəyərini bilir, ona uyğun da yaşayır. Sizi deyə bilmərəm, mən bu deyimlə o qədər də razılaşmıram. Çünki bəzən vaxtı, zamanı kiminsə, nəyinsə şəninə, boy-buxununa, istəyinə, maddi durumuna görə yaşamağa çalışanlar da olur. Əslində bunlar vaxta, zamana  yox, həmin o özlərinin uyğunlaşdırdıqları maddiyyat və mənsəb sahibinə yarınırlar. Bu da olur ömür. Amma Əjdər Ol ömrü tamam başqa prizmadan, başqa bucaq altında şeirə gətirir, şeirləşdirir. Əjdə Ola görə:

Ağrılara, əzablara darılma,
Öz işindən bərk-bərk yapış, yorulma,
Çalış ölmə, çalış itmə, vurulma,
Canım-gözüm, ömür elə budur, bu!
Tale, qismət deyirdin ha, odur bu!

Yağlı vədlər, yaman “ayır-buyurlar”,
Demə mənə nə ad, nə san qıyırlar.
Tez artmağa axı kimi qoyurlar?!
Canım-gözüm, ömür elə budur, bu!
Yarışmağa meydan budur, cıdır bu!

Adamsan da incidərlər adamı,
O dünyadan haraylama atanı,
Alan yoxsa, dur özün al qadanı,
Canım-gözüm, ömür elə budur, bu!
Dadına bax, gör nə şirin daddır bu!

Neynəsən də hər gələn gün xoş olmaz, 
Adam gedib ağladana qoşulmaz,
Fors eləmə dünya sənsiz boşalmaz,
Canım-gözüm, ömür elə budur, bu!
Səni, məni diri-diri udur bu!

Keçmək olmur payızından, yazından, 
Üzülürsən bir gözəlin nazından,
Əşi, yüz yol mən demişəm azından,
Canım-gözüm, ömür elə budur, bu!
Ürəkdə od, gözümüzdə sudur bu!

Hər istəkdə, hər diləkdə düyün var,
Nə istəsəm, olmasa da deyin: var!
Əjdər Olsan, kimsən, boş hay-küyün var,
Canım-gözüm, ömür elə budur, bu!
Adəm budur, Nəbi budur, Xıdır bu!

Mən də tez-tez xatırladığım bu şeirin ovqatına uyğun olaraq həm özümə, həm mənim fikirlərimə sayğı ilə yanaşanlara, xüsusilə, şeirin müəllifi, dəyərli şairimiz Əjdər Ola demək istəyirəm ki, həqiqətən     ÖMÜR BUDUR! – Bizim yaşadığımız!! Onun bütün mahiyyətinə hərəmiz öz səviyyəmizdən baxaq. Yəqin ki, bu ömürlə barışarıq.


 

TƏQVİM / ARXİV