VURULAN SİNƏMİZ VƏ QOVULAN DİLİMİZ - Fazil Mustafa yazır

FAZİL MUSTAFA
1641 | 2022-09-06 11:01

Gürcüstanda Ana dilimizin, yəni Azərbaycan türkcəsinin tədrisi ilə əlaqəli yeni və naqolay bir qərar qəbul edildi. Durum budur ki, Gürcüstanın Təhsil və Elm naziri Mixeil Çxenkeli 19 avqust 2022-ci il il tarixində “Milli kurrikulumun təsdiq edilməsi haqqında” əmrə dəyişiklik edilməsi ilə bağlı №93/ნ saylı sərəncam imzalayıb. Yeni qəbul edilmiş sərəncamda ana dilimizlə bağlı belə bir müddəa yer alıb: “Azərbaycan dili və ədəbiyyat fənninə həftədə minimum 3, maksimum 5 saat vaxt ayrılır. Eyni zamanda, məktəb ikinci xarici dilin tədrisinə 1 və ya 2 saat ayırmaq qərarına gələrsə, Azərbaycan dilinin tədrisinə maksimum 3 saat ayrılmalıdır.” Bu sərəncam 1 sentyabr 2022-ci il tarixindən qüvvəyə minib.

Bu qərarın bizim üçün mənfi sayılacaq bir neçə hədəfi var. Məlumdur ki, Borçalıda yaşayan soydaşlarımız əsasən şivə ilə danışır və oradakı gənclərimizin əhəmiyyətli hissəsi Azərbaycan dilinin qarammatikasına uyğun yazı yaza bilmir. Əgər dərs saatları 5-dən 3-ə düşərsə, bu, ana dili və ədəbiyyat dərslərinin 40% daha az tədris edilməsi deməkdir. Bunun əsas fəsadı ana dilini öyrənməyə daha az vaxt verilməsi ilə soydaşlarımız arasında mədəni bağların zəifləməsində özünü göstərə bilər.

Digər tərəfdən dünya təcrübəsindən də bilirik ki, ana dilini yaxşı bilməyən fərdlərin uğur qazanması xeyli çətin olur. Gürcüstanda yaşayan gənclərimiz yalnız orta məktəbdə öz ana dili ilə təmasda olurlar. Məişət həyatında istifadə etdikləri söz leksikonu isə daha məhduddur. Nəticə olaraq bu gənclər ana dilini yaxşı öyrənmədən başqa dilləri yaxşı bilsələr belə, bir çoxu uğur qazana bilməyəcək. Bu səbəbdən də ana dilində həftədə dərs saatının minimum 5 saat nəzərdə tutulması daha səmərəli olardı. Xatırladaq ki, bizdəki gürcü məktəblərində bu müddət minimum 5 saat nəzərdə tutulub.

Həmin keşiş var idi ha, ötənlərdə düşüb zavallı xalqımızın qumçu kəsiminin qabağına sinəsinə döyürdü, çağırın heç olmazsa bir ağız da doğma kilsəsində ana dilimizin halına ağlasın. Eyb etməz, əvəzində oradakı baş mollamız da gedib keşişin kilsəsində xaç çevirər. Keşişlə birlikdə ağlayıb yürüyənlər bari yara olmuş sinələrini qabağa verib bir partiya da dilimiz üçün ağlasınlar. Şəxsimə yönəlik ard-arda başlarından böyük və qum dolmuş ağızları ilə cavab verənlər də bari dönüb aradabir gürcü hökumətinə dilimizin təəssübkeşləri kimi kəskin etirazlarını bildirsinlər.

Bu addıma heç cür Gürcüstanın iç məsələsi kimi baxmaq olmaz. Məhz bizim içimizin məsələsi və hətta yanğısı kimi baxılmalıdır. Çünki və nə yazıq ki, Gürcüstanda Azərbaycan türkünün artıq ana dilindən, Kamandarın sazının nostalgiyasından və süfrədəki xəngəl çeşidlərindən başqa bir milli realitəsi qalmayıb. Ana dilində təhsil alma imkanları get-gedə daralır, bu təhsili verəcək kadrlar da yoxa çıxmaqdadır. Bunu yalnız gürcü tətəfi məqsədli şəkildə etmir, həm də Bakıda oturub iştahla “gürcü” adı ilə kodlaşdırılan xəngəli yeyən vəzifəli-vəzifəsiz bütün azərbaycanlıların duyarsızlığı edir. Bu səbəbdəndir ki, soydaşlarımızın yaşadığı məkanlardakı məscidlərin mütləq əksəriyyətində də qum üfunəti tüğyan edir. Artıq Quma göndərilənlərin sayı Bakıya universitetə gələnlərin sayını çoxdan ötüb.

Ana dili xalqı Vətən torpağına bağlayan əsas cazibədir. Onu addım-addım Bakıda məktəblərimizdən qovan zehniyyətlə, Təbrizdə, Borçalı və Başkeçiddə qovan zehniyyət eynidir və bizə, yəni dünyagörmüş, fəqət tarix boyu burnunun ucundan uzağı görməmiş azərbaycanlılara eyni mərkəzdən baxırlar.

TƏQVİM / ARXİV