Azərbaycanın Milli Qəhrəmanı Fred Asif hər dəfə ermənilərlə döyüşdən qabaq əllərini göyə qaldırıb Allaha belə yalvarırdı.
Ümumiyyətlə, türklər heç vaxt müharibələrdə uşaqlara, qadınlara və qocalara əl qaldırmayıblar. Yalnız əllərində silah olanlarla vuruşublar. Bu, türklərin böyüklüyüdür.
Bir məşhur bolqar filmi var, bolqarların Osmanlılara qarşı üsyanına həsr olunub. Osmanlının bir əyaləti olan Bolqarıstan kralı oğlunu türk Sultanına girov verir ki, heç vaxt sənin əleyhinə üsyan qaldırmayacam, əgər qaldırsam oğlumun başını kəsmək sənin haqqındır. Vaxt keçir, kral üsyan qaldırır. Qoşunlar üzbəüz dayanıb, bolqar kralının 14-15 yaşlı oğlu türk Sultanının yanında at belindədir. Sultan bir sözünü tutmayan bolqar kralının qoşununa baxır, bir çevrilib öz qoşunlarına baxır, bir də kralın girov oğluna. Gülümsəyir, qamçı ilə kral oğlunun mindiyi atın arxasına vurub deyir:
- Get atanın yanına.
Hətta həmişə türklərə düşmənçilik bəsləyən bolqarlar da bu tarixi hadisəni təhrif etmirlər.
Mənim «Dolu» əsərimdə və eləcə də «Dolu» filmində Drakon əsir götürülmüş erməni qızına baxıb döyüşçülərinə deyir ki, bunu buraxın.
Döyüşçülər pərt halda soruşur ki, necə yəni buraxaq.
Drakon:
- Biz arvad davası eləmirik, torpaq davası edirik.
Və əsir erməni qızını buraxır.
O vaxt məni tənqid eləmişdilər ki, Drakon niyə əsir erməni qızını buraxır. Bəs, Drakon nə etməli idi? Əsir erməni qızını zorlamalıydı, sonra döyüşçülərinə zorlatmalıydı, sonra da güllələməliydi?
Bu bir türk əsgərinə, özü də Drakon kimi bir döyüşçüyə yaraşardı?
«Dolu» əsərimdə Fred Asifin filosofcasına dediyi çox məsələlərdən istifadə etmişəm.
Qarabağ qazisi Elməddin Sərdar 16-17 yaşında Fred Asifin batalyonunda vuruşub.
Deyir:
- Bir gün hazırlaşıb iki «Qrad» maşınını da götürüb gedirik Mərzilinin başı üstündən erməni kəndləri olan Çartazı və Tağı raket atəşinə tutmağa.
Hazırlıq işlərimizi görəndən sonra uşaqlar dedi ki, Komandir, başlayaq? Fred Asif dedi, yox, gözləyin. Sonra əllərini göyə qaldırıb həmişə olduğu kimi Allaha yalvardı: «Ya Allah, bizim atdığımız qradlar erməni uşaqlarına və qadınlarına dəyməsin».
Əməliyyatı yerinə yetirib qayıdanda Fred dedi ki, ə, bir tikə pendir-çörək olsaydı… Aşağıda bir çoban qoyun otarırdı, döyüşə başlayandan da bizi izləyirdi. Maşınları onun yanında saxlayıb soruşduq ki, bəlkə pendir-çörəyin ola? Tez boxçasını açıb pendir-çörək çıxartdı, verdi bizə, sonra da qaçdı bir erkəyi yaxalayıb yıxdı yerə ki, başını kəssin, Fred qoymadı ki, lazım deyil. Çoban dedi, döyüşdən çıxmısınız, istəyirəm sizə bir kabab verim. Fred qalxıb onun əlindəki bıçağı aldı ki, çox sağ ol. Çoban Fredi tanımır, amma döyüşçülərin qırımından görür ki, bu kimdirsə, deyəsən Komandirdi. Pendir-çörəyimizi yeyib ayrılanda yalvardı ki, neçə qoyun istəyirsiz götürüb aparın, kəsib yeyərsiz. Fred güldü, dedi ki, sağ ol, lazım deyil. Çoban sonra dedi ki, Komandir, yüz qoyun verirəm o maşının birini verin mənə. Ermənilər tez-tez bizə hücum edir.
Fred də qayıtdı ki, yox, maşını sənə verə bilmərik, amma arxayın ol, ermənilər nə vaxt bu kəndlərə hücum eləsə biz yanınızda olacağıq.
Fred Asif o Fred Asifdir ki, Milli Qəhrəman adını götürməmişdi ki, analarımız-bacılarımız nə qədər erməni əsirliyindədir mən bu adı daşıya bilmərəm.
Ölümündən sonra Milli Qəhrəman vəsiqəsini və ordenini anasına vermişdilər.
P.S. Yeri gəlmişkən, Ağdamda könüllü batalyonların birinin komandiri olan General Ərşad (Ərşad Nadirov) 8 nömrəli məktəbin həyətindəki qərargahında ermənilərin atdığı raketlər nəticəsində şəhid olmuşdu. Çox qəribədir ki, uzun müddət döyüşən və sonda şəhid olan General Ərşada (Ərşad Nadirova) bu günədək şəhidlik statusu verilməyib. General Ərşad məşhur futbolçu, vaxtilə milli komandanın futbolçusu Vüqar Nadirovun atasıdır, özü də vaxtilə «Qarabağ» komandasının oyunçusu olmuşdu.
Bu da belə…