YAŞANAN VƏ YAŞADILAN ANLAR - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
159 | 2025-10-09 11:05

“Bayquş və qarovulçu” bunu bizə bəxş etdi

Şəhərin mərkəzindən bir xeyli məsafədə keçirilən tədbirə getmək və özünü orada rahat hiss etmək elə də asan gəlmirdi mənə. Çünki bu məsafəni gedib-gəlmək və orada müəyyən zaman keçirmək digər işlərdən aralanmaq, vaxt sərf etmək tələb edirdi. Düzünü deyim ki, mən hələ lap gənc yaşlarımdan vaxt alan, heç bir xüsusi önəm bəxş etməyən, yaşatmayan tədbirlərdən həmişə uzaq gəzməyə və yaxud da atüstü görünüb aradan çıxmağa üstünlük vermişəm. Ona görə də götür-qoy etmək, gedib-getməmək barədə qərar vermək mənim üçün biraz çətin oldu. Və sonda dostlardan birinin bu tədbirə gedib-getməyəcəyimi soruşması məndə qarşılıqlı sual yaratdı. Və o da çox arxayın bir şəkildə gedəcəyini bildirdi. Bu da oldu mənimçün bir təkan. Artıq qərar verdim:

- Tədbirə gedəcəm!

Oktyabrın 6-da metronun Elmlər Akademiyası stansiyası yaxınlığından məhz bu tədbir üçün təşkil olunmuş avtobusa əyləşib yola düşdüm. Yol mənə çox qısa gəldi. Çünki yol yoldaşım xeyli vaxtdır ki, görmək istədiyim, həmsöhbət olmaq istədiyim dəyərli ziyalımız, yazıçı-publisist, həm də filoloq-alim Abid Tahirli oldu .( Söhbət  zamanı öyrəndim ki, Abid  müəllimlə  İmamverdi  İsmayılov  tələbə yoldaşıdırlar - Ə. M.) Yanaşı oturmuşduq. Yol boyu öncə ədəbiyyatımızın Elçinindən – unudulmaz Elçin Əfəndiyevdən danışdıq... İlyas Əfəndiyevin ruhu qarşısında bir anlıq susduq. Və sonra təbii ki, bizi bu gün qarşılaşdıran tədbirdən, kitab sərgisindən söz saldıq. Abid müəllim bildirdi ki, o, öncəki gün də tədbirdə iştirak edib. Maraqlı təşkil olunub, oxuculara da, müəlliflərə də demək olar ki, birbaşa təmas üçün gözəl bir şərait yaradılıb. Təbii ki, eşitdiyim bu fikirlər XI Bakı Beynəlxalq Kitab Sərgisi barədə artıq məndə müəyyən təəssürat yaratdı. Elə bu təəssüratla da sərginin keçirildiyi Bakı Ekspo Mərkəzinə daxil oldum... Deyilmiş kimi də var idi. Səliqə-səhman və kifayət qədər oxucu. Özünü və sözünü tanıdığım, eləcə də sözünü öncədən oxuduğum imza sahibləri ilə qarşılaşdım, həmsöhbət oldum.  İstər dəyərli şairimiz, dostum Rüstəm Behrudi, istər İlham Qəhrəman, istər Kəramət Böyükçöl, istər Gülər Eldarqızı, istər Şərif Ağayar, istər Sədaqət Kərimova, istər Nəzakət Məmmədli... və digərləri ilə etdiyim söhbətlər, aldığım təəssürat və bir də ki, yeni kitablar unuda bilməyəcəyim anların cizgiləri oldu. Və...

Bəli, əslində mən bura “Bayquş və qarovulçu” kitabının təqdimatına gəlmişdim. Öncədən deyim ki, həmin kitab mənim üçün yadımda qalan, yaddaşıma köçən bir hekayəni özündə ehtiva edirdi. Və mən də o hekayəni mətbuatda oxuyandan sonra bir neçə gün həmin auradan çıxa bilməmişdim. Və nəhayət, hekayənin mənə yaşatdıqlarını, hekayədən öyrəndiklərimi və onun həyatdakı müəyyən təsdiqedici nüanslarını günün birində yazıya çevirmişdim. Mənə görə yazı pis alınmamışdı. Bax həmin o yaşantılar kitab sərgisi ilə bağlı sosial şəbəkədə yayımlanan bilgilərdən əldə etdiyim informasiyanın real mənzərəsini təkrar yaşamağa məni çəkib gətirdi. Yəni sosial şəbəkədə oktyabrın 6-da həmin kitabın təqdimatı olacağını biləndə istədim ki barəsində yazdığım hekayənin digər oxuculara necə təsir etdiyini, onlarda hansı fikirlər yaratdığını dinləyim...

Kitab təqdimatını Azərbaycan ədəbiyyatının çox önəmli simalarından biri olan, həm şəxsiyyət, həm də alim kimi çox böyük sayqı duyduğum akademik Nizami Cəfərov idarə edirdi. Buradaca bir məqamı xüsusi qeyd etməliyəm ki, Nizami müəllim idarə etdiyi tədbirlərdə səmimiyyəti ilə, tədbirin səbəbi ilə sanki bir ortaqlıq yaradır. Adama elə gəlir ki, o təkcə tədbiri idarə etmir, həm də öz tədbirində iştirak edir. Bax bu da hörmətli akademikimizin həm tədbirin özünə, həmdə onun iştirakçılarına böyük sayqısının göstəricisdir. Mən yazıçı-publisist, millət vəkili İmamverdi İsmayılovun “Bayquş və qarovulçu”  kitabının təqdimatında həm auditoriyanı, həm də onu idarə edəni bədii sözə münasibətin üst qatında gördüm. Əgər bu auditoriyada iştirak edənlərin təkcə adlarını bir-bir xatırlatsam, oxucu yəqin ki, mənim nə demək istədiyimi birmənalı qəbul edər. Diqqət yetirin, “Bayquş və qarovulçu” barəsində fikir bildirənlər, yəni millət vəkili Ziyafət Əsgərov, professor Cahangir Məmmədli, akademik İsa Həbibbəyli, millət vəkili Zahid Oruc, böyük yazıçımız Seyran Səxavət, AYB-nin katibi, yazıçı Elçin Hüseynbəyli...

Təkcə bir məqamı vurğulayım ki, öz tələbəsi barəsində ürək dolusu, həm də sevgi ilə danışan professor Cahangir Məmmədli xüsusi vurğuladı ki, müəllim üçün tələbəsinin uğurları ən ali mükafatdır. Özü də bu mükafat bədii yaradıcılıq sahəsində ola, o, biraz da artıq önəm kəsb edir. Çünki söhbət yaratmaqdan gedir. Sevinirəm ki, yaradıcılığını izlədiyim tələbəm bugün bizim hamımızın maraqla oxuduğumuz hekayənin müəllifidir.

Tədbirin yaratdığı ovqat dinlədiyim çıxışıların məzmun və mahiyyətini bir istiqamətə yönəltmişdi. İstər hörmətli Ziyafət müəllimin, istər dəyərli akademikimiz İsa Həbibbəylinin və digərlərinin çıxışlarında hekayənin Azərbaycan reallığı ilə, yəni işğaldan azad olunmuş torpaqlarımızın yaşadığı faciə ilə əlaqəsi o qədər sadə, həm də məntiqli şəkildə paralelləşdirilirdi ki, deyilənlərlə razılaşmamaq mümkünsüz olurdu. Burada mənim üçün yaddaqalan detallardan biri də müəllifin, yəni   yazıçı - publisist  İmamverdi İsmayılovun  görüşünə gələnlərin coğrafiyası idi. Belə ki, onun oxucuları arasında orta məktəb, uşaqlıq dostları ilə yanaşı, tələbə yoldaşları, həmkarları, hətta seçiciləri də var idi. Reqlamentə görə təqribən bir saat dairəsində nəzərdə tutulmuş bu tədbir xeyli çəkdi. Əgər yanılmıramsa 3 saatdan artıq davam edən bu təqdimatda oxucular da danışdı, müəllif də. Oxucular da məmnun qaldı, müəllif də.

Burada bir yaşantımı da vurğulamaq istəyirəm. Belə ki, hörmətli Nizami müəllim kitabla bağlı danışarkən vurğuladı ki, kitabın içərisinə hekayə ilə bağlı bir neçə müəllifin yazısı da daxil edilib. Mən akademikimizin dilindən adımı eşidəndə çox mütəəssir oldum. Sonra kitaba baxdım. Bu mötəbər mündəricatda imzamı görmək sevincini təkrar yaşadım.

O ki qaldı bu tədbirə... Mən hələ də birmənalı olaraq bu fikirdəyəm ki, yazıçı-publisist İmamverdi İsmayılov oxucularına, biz oxucular da ona həyatın ən gözəl anlarını yaşadıq və yaşatdıq. Zənnimcə, müəllif üçün bundan dəyərli və bundan xoş heç nə ola bilməz.

  • Oktyabr:
  • 3

TƏQVİM / ARXİV