adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Aqil ABBAS: MÜƏLLİMLƏR MİLLİ QƏHRƏMANLARDIR

AQİL ABBAS
889 | 2022-06-09 17:30

Universiteti bitirəndən sonra cəmi bir il müəllim işləmişəm, Ağsu şəhər internat məktəbində. Mən qaynayıb-qarışan adamam. Ağsululara necə qaynayıb-qarışmışdımsa, hələ də məni ağsulu bilirlər. Bu da mənə xoşdu. Cəmi bircə il işləyə bildim, sonra qaçdım. Bir tərəfdən məni yaradıcılıq cəlb edirdi, digər tərəfdən də müəllim məsuliyyətini daşıya bilmədim. Çox ağır bir məsuliyyətdir. Bunu müəllim işləyənlər anlayar.

Həmişə müəllim sənətinə hörmət eləmişəm. Müəllim haqsız olsa da müəllimin tərəfini saxlamışam, hətta buna görə qınansam da.

Pah atonnan, dünya dağılıb müəllim şagirdin qulağını çəkib – tutun bu məllimi, güllələyin bu müəllimi, işdən çıxarın. Və maraqlanmayın ki, bu şagirdin qulağını müəllim niyə çəkib və ya ona bir şapalaq vurub. Belə xırda məsələlər üstə nə qədər müəllimi işdən çıxarıblar. Müəllimin bircə sənəti var – müəllimlik. İşdən çıxan müəllim sudan çıxarılan balıq kimidi.

Orta məktəbdə oxuyanda hamımız elə bilirdik ki, müəllim çörək yemir. Dünyada ən təmiz adam bilirdik müəllimləri. Hətta ağlımıza da gəlməzdi ki, müəllim xanımı ilə yatır. Müəllim yerişindən, duruşundan bilinirdi. Bahalı geyməsə də hamıdan səliqəli geyinərdi. Paltarının üstündə toz ləkəsi də olmazdı. Cəmiyyətə nümunə idi. Məktəb direktorları rayon partiya komitəsinin katiblərindən hörmətli tutulurdu. Müəllim məclisə girəndə hamı ayağa qalxardı, məclisin yuxarı başına keçirilərdi.

Mən orta məktəbdə oxuyanda heç bir müəllimimizin siqaret çəkdiyini görmədim. Başqa məktəb müəllimlərinin də siqaret çəkdiyini görmədim.

O vaxt belə bir adət vardı – şagird müəllimi görəndə başındakı papağı çıxarardı. Nəinki öz müəllimlərimizi, başqa məktəbin müəllimlərini görəndə də özümüzü yığışdırar, papağımızı çıxarardıq.

Yaxşı yadımdadır, 3-cü kursda oxuyanda qışda Ağdamda küçədə qəfil fizika-riyaziyyat müəllimimiz Kamal Əşrəfoviçi gördüm. Qarşı tərəfdən gəlirdi, dərhal papağımı çıxarıb bir kənara çəkildim. Yaxınlaşıb məni qucaqladı və güldü:

- Dedi, indi yekə kişisən, papağını niyə çıxarırsan?

Mən də dedim:

- Nə qədər yekə kişi olsam da müəllim önündəyəm.

Müəllimlərimi heç vaxt unutmadım və unutmaram – nə orta məktəb müəllimlərimi, nə də universitet müəllimlərimi.

Bəxtiyar Vahabzadəni, Mircəlal Paşayevi, Firudin Hüseynovu, Vəkil Hacıyevi, Təhsin Mütəllimovu, Əkbər Ağayevi, Əkbər Bayramovu, Cəlal Allahverdiyevi, Ağamusa Axundovu unutmaqmı olar? Bunlar mənə universitetdə dərs deyib.

Kamal Əşrəfoviçi, Cahangir müəllimi, Cəfər müəllimi, Zakir müəllimi, Uzun Mamed müəllimi, Adilə xanımı, Səmayə xanımı, Fituris xanımı, Leyla xanımı, Xavər xanımı necə unutmaq olar?

Fizika-riyaziyyatdan mənə dərs deyən Cəfər müəllim haqqında bir hadisə düşdü yadıma, onu ayrıca yazaram, indi sizi yormaq istəmirəm.

Və bu yazını niyə yazdım? Neçə gündür saytlarda, sosial şəbəkələrdə bir litseydə qadın müəllimlərin yığışaraq məclis təşkil etmələri ilə bağlı bir video paylaşılır və qəzet, sayt əməkdaşları hamıdan bu məsələyə münasibət öyrənir və hamı da müəllimləri qınayır.

Niyə axı? Müəllim də bizlərdən biridir də. Artıq zəmanə də o zəmanə deyil, uşaqlar müəllimlərdən çox bilir. Uşaqlar bilir ki, müəllim də çörək yeyir, müəllim də xanımı ilə yatır, müəllim də siqaret çəkir və sair və ilaxır. Və indi uşaqlar müəllimlərdən daha bahalı geyinir.

Müəllim də bizlərdən biridir. O da əylənə bilər, rəqs edə bilər, zarafat edə bilər.

Müəllimlərin üstünə çox düşməyin, onsuz da problemləri çoxdur. Bir dəfə yazmışam, yenə yazıram: «Bu maaşla bizim ipə-sapa yatmaz övladlarımıza dərs deyən müəllimlərin hamısı milli qəhrəmanlardı».

TƏQVİM / ARXİV