adalet.az header logo
  • Bakı 18°C

Aqil ABBAS: DEYƏSƏN, TAKSİLƏR OPERATİV QƏRARGAHA MAYA QOYUBLAR

AQİL ABBAS
46203 | 2021-03-10 15:37

Deməli, pandemiya elan olunandan sonra rayonlararası  avtobus  marşrutlarının  hamısı  bahalanıb. Rayondan Bakıya və ya Bakıdan rayona gedən camaat taksidən istifadə etmək məcburiyyətində qalıb. Benzinin  qiymətinin  10 faiz  bahalaşmasına baxmayaraq, taksilər qiyməti 100 faiz qaldırıblar, elə şəhər daxilində də. Buna bir səbəb də ərzaq məhsullarının  qiymətinin 20, hətta  30 faiz bahalaşmasından irəli gəlir.

Deməli, şəhərlərarası  marşrutlarda 30-40 kv.metrlik məkanda 60-70 nəfər  ağız-ağıza  gedə bilər. Hələ dayanacaqlardakı  vəziyyətdən danışmırıq. Amma rayonlara gedən  avtobuslarda (təbii ki, ayaq üstə gedənlər yoxdu) oturacaqlarda 30-40 nəfərin getməsi qadağan olunub.

Niyə? Nəyə əsaslanıblar? İnsanlara bu zülmü niyə verirlər? İnsanları  iqtidardan  niyə incik salırlar? Xalqa bu düşmənçiliyi niyə edirlər?

Niyə insanlar aldıqları  minimum  250 manat  əmək haqqının yarısını Bakıya gəlib-getmək üçün taksilərə verməlidirlər?

Hələ bunların içində qazilər, yaralılar var ki, müharibədən az qala 5 ay keçməsinə baxmayaraq, hələ də əlillik kağızını almaq üçün bəzən ayda iki və ya üç dəfə Bakıya gəlməli olurlar.

Müdafiə Nazirliyi ilə Əmək və Əhalinin  Sosial Müdafiəsi Nazirliyi hələ də onlara əlillik dərəcəsi vermək üçün öz aralarında bir dil tapa bilməyiblər.  Bu nazirlik  onun üstünə atır, o nazirlik bunun.

Hələ əlillik dərəcəsinin verilməsindəki  problemləri demirəm. Döyüşçü dizindən  aşağı  ayağını itirib və bədənində neçə qəlpə, deyirlər ki,  sən  3-cü dərəcəli əlilsən. Çünki Nazirlər  Kabinetinin  qərarı  belədi.

Parlamentdə də deyilir, mətbuat da yazır, Nazirlər Kabineti isə bu məsələyə yenidən baxmaq istəmir.

Bir Operativ Qərargah yaradıb, o da yalnız qadağalarla məşğuldu: ara məsafəsi saxla, maskan bir az burnundan aşağı düşübsə cərimə, restoranda yeyib-içə bilərsən, amma ad gününü  qeyd edirsənsə cərimə, polisə aparmaq və sair və ilaxır. İdman zallarını  bağla, toy edə bilməzsən, toy cəhənnəm, yas da edə bilməzsən, dəfndə də 10 nəfərdən artıq adam varsa getdin eyyy…

Bu pandemiya  deyil ey, nədisə bir bəladı, keçirdiblər xirtdəyimizə.

Təbii ki, özümüzü qorumalıyıq, müəyyən qanunlara əməl etməliyik. Özümüzü qorumaqla ailəmizi, eləcə də milləti  qorumuş oluruq. Amma bu  qədər qadağaların altında insan əzilir.

Operativ Qərargah, dədəm-nənəm saa qurban, bu millətə  yazığınız gəlsin.

Mejduproçim, şəhərimizin  az qala  yarısı artıq bir ildir ki,vaxtilə lağ elədiyimiz uruslar kimi  boçkada çimir. Şəhər iy verib iylənir. Bu iyin bircə xeyiri  odur ki, iy hiss etdiyinə görə  bilirsən ki,  koronavirusa tutulmamısan.

TƏQVİM / ARXİV