Paşinyan məlum olduğu kimi, Avropa turuna çıxıb və ilk əvvəl də böyük bacıları Fransanın prezidenti Makronla görüşüb. Və Makron da böyük bir ölkənin prezidenti ola-ola bilmədiyi, daha doğrusu, bilmədiyi yox ey, bilib, özünü bilməməzliyə qoyduğu məsələlərə toxunaraq Ermənistanın tərəfini saxlayıb. Özü də guya ATƏT- in həmsədr ölkəsidir və bitərəf olmalıdır.
Deyib ki, Azərbaycan ordusu Ermənistanın ərazilərindən çıxmalıdır. Bir qarış da Ermənistan ərazisində Azərbaycan əsgəri yoxdur. Əksinə, Azərbaycanın 10-a qədər kəndi hələ də erməni silahlı qüvvələrinin işğalı altındadı. Ermənistanın özünün ərazisi bizə məxsus olsa da, biz beynəlxalq qanunlara riayət edərək bütün dünyanın tanıdığı və qəbul etdiyi Ermənistan Respublikasının sərhədlərini pozmamışıq. Amma hələ də Ermənistan Silahlı Qüvvələri Azərbaycanın ərazisindədir.
İkincisi, Makron deyir ki, Azərbaycan əsirləri qaytarmalıdır. Azərbaycan müharibə vaxtı götürdüyü əsirləri qaytarıb. Bizdə qalanlar əsirlər deyil, terrorçulardır. Və artıq onların 14-nün istintaqı başa çatıb və iş baxılması üçün məhkəməyə göndərilib. Digərlərinin də cinayətləri hələ araşdırılır.
Biz Fransa deyilik ki, türk diplomatlarını öldürən, türk turistlərini güllələyən erməni terrorçularını həbsdən açıb buraxaq və onları Qarabağa döyüşməyə göndərək.
Və Makron deyəsən, prezidentlərin səlahiyyətindən də xəbərsizdir. Və bizim prezidentdən tələb edir ki, sərəncam verib terrorçuları buraxsın. Dünyanın heç bir ölkəsinin prezidentinin belə bir müstəsna səlahiyyəti yoxdur ki, haqqında cinayət işi qaldırılmış kimisə açıb həbsxanadan buraxsın. Bu yalnız məhkəmənin, daha doğrusu, hakimin səlahiyyətindədi. Prezident məhkəmənin hökmü çıxandan sonra kimisə əfv edə bilər və təbii ki, terrorçuları yox.
Və həm də heç bir dövlətin Azərbaycanın daxili işinə qarışmağa nə hüququ çatar, nə də gücü. Azərbaycan qüdrətli bir dövlətdir, müdrik və dünyanın qəbul etdiyi prezidenti var.
Və Makron cavabını Möhtərəm Prezident İlham Əliyevin Ağdam səfərindəki çıxışında aldı. Bildirdi ki, Avropa Parlamentinin Azərbaycanın əleyhinə çıxartdığı məlum qərarı bir kağız kimi kənara atıb.
Fransa da Avropa Parlamentinin üzvlərindən biridi, deməli, Makronun bəyanatı Avropa Parlamentinin çıxartdığı qərardan da iki dəfə o tərəfə atılıb.
Makron onu da deyir ki, Fransa Ermənistanın yanındadır. İstəyirsən yanında olma ey, lap Ermənistanı qucağına al, xeyiri yoxdu, sizin minmək istədiyiniz qatar çoxdan gedib.
Və sonda. Birinci Qarabağ savaşında Ermənistan Silahlı Qüvvələrinin şəhərlərimizi, kəndlərimizi darmadağın etməsini, 20 minə yaxın vətəndaşımızı şəhid eləməsini, 1 milyona yaxın insanı yurdundan-yuvasından didərgin salmasını qoyaq bir kənara. Həmin müharibə zamanı 4 minə yaxın azərbaycanlını əsir götürmüşdü. Hələ də onlardan bir xəbər-ətər yoxdu. Niyə bu barədə Fransa dilini dinməz yerinə qoyub?