adalet.az header logo
  • Bakı 4°C
  • USD 1.7

Aqil ABBAS: RƏŞİD PAŞA ÖZÜNÜ NİYƏ GÜLLƏLƏDİ? ( 1-ci yazı)

AQİL ABBAS
128178 | 2020-09-09 10:20

70-ci illərdə tələbə yoldaşım, türkoloq  Ramiz Əsgər  mənə bir kitab bağışlamışdı: Doğan Avçıoğlunun «Milli qurtuluş  tariximiz».

Çox qəribəydi ki, kitab 70-ci illərdən əvvəl  çıxmağına  baxmayaraq, 95-ci ilə qədər Türkiyədə baş verə biləcək hadisələri də  əhatə edirdi. Və onların  80 faizi də düz çıxdı. Kitab  21 cilddən ibarətdi. Ramiz mənə  4 cildini – 1,2,3 və 4-cü  cildini  bağışlamışdı. Həmin kitablar bütün kitabxanamla birlikdə  Ağdamda  yandı. Türkiyəyə yollar  açılandan  sonra  Doğan  Avçıoğlunun bu 21 cildlik  əsərini nə qədər  axtardım və indi də  axtarıram tapa  bilmədim və tapa  bilmirəm. Deyirlər ki, o, çox əski  kitabdır, satışdan  tapa bilməzsiz, kimlərinsə kitabxanasında ola bilər. Qardaşlarım professor  Seyfəddin  Altaylı ilə Yaqub Öməroğlu da  bu işdə  mənə kömək edə bilmədilər.

Nə isə… Gələk  mətləbə.

Kitabın 3-cü cildi belə adlanırdı: «Milli qurtuluş  savaşımızda erməni və Rum sorumu». Və Doğan Avçıoğlu ermənilərin və rumların (yəni yunanların) Türkiyədə törətdikləri cinayətləri, soyqırımı  dəqiq  faktlarla  göstərib.

Bizim söhbətimiz bu deyil.

Kitabda çox maraqlı bir məhkəmənin stenoqramı da dərc edilmişdi. Deməli, biləsiniz ki, 1923-cü ildən  sonra Türkiyədə çox qəribə hadisələr baş verib. Ermənilərin bu ölkədə  törətdikləri  qətliamlara  qarşı mübarizə aparan bir çox  şəxslər cinayətdə ittiham olunaraq həbs edilmişdilər, onların  bir çoxunu  güllələdilər, bir çoxlarını uzunmüddətli həbsxanalara doldurdular, bəzilərini də  adalara  sürgün etdilər. 

Və onlardan biri də Diyarbəkir  valisi Rəşid paşaydı.

Rəşid paşa Parisdə oxumuşdu, doktor idi və Diyarbəkirdə öz vəsaiti  hesabına xəstəxanalar  tikdirmişdi və bu xəstəxanalar əhaliyə pulsuz xidmət göstərirdi.

Rəşid paşanı da həbs etmişdilər  erməni  məsələsinə görə. Çox təəssüf ki,  kitab əlimdə olmadığına görə, stenoqramı olduğu kimi yaza bilmirəm. Amma yaddaşımda olanları qeyd edirəm.

Hakim:

- Siz doktorsunuz, öz hesabınıza şəfaxanalar  açmısınız və həmin şəfaxanalarda insanları parasız  müalicə edirsiniz. Bəs, necə oldu ki, sizin kimi humanist bir adam sürü-sürü erməninin qırımına  yol verdiniz?

Rəşid paşa:

- Əvət, mən  doktoram, amma öncə türkəm. Ermənilərin törətdikləri  insanlıq dışı  vəhşiliklərə göz yuma bilməzdim.

Hakim:

- Siz necə ağır cinayət törətdiyinizi etiraf edirsinizmi?

Rəşid paşa:

- Bəs, siz necə, ermənilərin törətdikləri qətliamlardan xəbəriniz varmı? Özü də təkcə Türkiyədə  yox, Qarabağda, Şuşada bizim ana-bacılarımızın kürəklərində samovar  qaynatdıqlarından  bilginiz varmı? Qarabağda mənim ana-bacılarımın  kürəklərində samovar qaynadırlar, mən də istəyirsiz seyr edərdim?!

Qısası, məhkəmə Rəşid paşa haqqında ölüm hökmü çıxarır: güllələnsin!

Həmin gecə Rəşid paşa həbsxanadan  qaçır, gəlir evinə, belə bir  məktub yazır. Və… «Mənim güllələnməm Türkiyə Cümhuriyyətinə lazımdırsa, mən cümhuriyyətin  qanunlarından  qaçmaram və güllələnməyə razıyam. Amma mən istəmədim ki, məni sizlər  güllələyəsiniz. Sizlərin övladları var , torunları var, onların sizlərə görə heç bir günahı yoxdu. Mən istəmədim ki, gələcək nəsillər  sizin övladlarınızın və torunlarınızın  üzünə  tüpürsün ki, onların babaları, dədələri Rəşid paşanı güllələyiblər. Sizlərin övladlarını və torunlarını bu açaldılmaqdan xilas etmək  üçün özüm özümü  güllələyirəm».

Rəşid paşa bu məktubu  yazıb qoyur, sonra Doğan Avçıoğlu  yazdığı kimi «kafasına kurşun  sıkarak» özünü  öldürür.

Rəşid paşanın ən  böyük  faciəsi güllələnməsi deyildi, ən böyük  faciəsi  o idi ki, gələcək nəsillər ona güllələnmə hökmü  çıxaranların övladlarına və torunlarına  tüpürmədilər. Onların övladları və torunları da sonralar rəşidpaşaların övladlarını və torunlarını ya güllələdilər, ya da zindanlarda çürütdülər.

Qəribədir ki, belə bir qeyrətli türk oğlu haqqında vikipediyada da məlumat yoxdur

 

 

TƏQVİM / ARXİV