adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Aqil ABBAS: ŞUŞADA AXŞAMLAR DOĞAR ILDIZLAR, ONLARDAN GUR YANAR BİZİM  TONQALLAR

AQİL ABBAS
53243 | 2021-03-21 09:42

Xan əminin ruhu bu dəqiqə Şuşada qartal kimi süzür ey. Baxır  ey Şuşaya, yanan tonqalları  görür. Şuşanın başında dağılmış dumanı görür. «Qırmızı koftalı, yaşıl tumanlı» bayrağımızı görür və…

… Və o bayrağı Şuşada ucaldan Ali Baş Komandan İlham Əliyevi görür, ailəsini görür. Şuşanın başındakı dumanları  dağıdan əsgərlərimizi görür.

Bir sözlə, Xan əmi azad Şuşanı görür.

İlaxır çərşənbə. Millətimiz üçün ən müqəddəs,  ən sevimli və bir il boyu  arzuladığı bir gün. Bu dəfə ilaxır çərşənbənin tonqalı daha gur yanırdı. Bu dəfə ilaxır  çərşənbə tonqalının başına  bütün millət halay çəkmişdi.

Və bu ilaxır çərşənbədə Möhtərəm Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım övladları Leyla xanımla birlikdə Şuşadaydı. Və bütün dünyanın  diqqət mərkəzindəydilər. Əvvəlcə Xocavəndin Hadrut qəsəbəsində Möhtərəm Prezident Azərbaycan  bayrağını  qaldırmışdı. Hadrutdan Şuşaya  çəkiləcək yolun  təməlini qoymuşdu, Tuğ kəndində olmuşdu. Ordan da bu qarlı-dumanlı havada ailəsi ilə birlikdə Şuşaya qalxmışdı.

Və Şuşada bir daha bütün dünyaya, eləcə də  ermənilərin havadarlarına, onlara  arxa duranlara, gizli silah satanlara qətiyyətlə öz mesajlarını verdi.

30 ildi azərbaycanlıların müqəddəs tarixi və dini  abidələrini, eləcə də xaçpərəst albanların məbəd və kilsələrini dağıdan ermənilərin bu vandal  hərəkətlərinə göz yumanlara  idi bu mesaj.

Dünya dövlətlərinin yaratdığı İŞİD deyilən bir terror  ordusu Suriyada tarixi abidələri dağıdanda (məsələn, Palmirada) bütün xarici mətbuat, bütün ABŞ və Avropa bar-bar bağırırdılar ki, bu, insanlığa  sığışmır. Amma Ermənistanın  işğal elədiyi ərazilərdə  dağıdılan  tarixi və dini abidələrlə  bağlı  lal  və kor  olmuşdular.

Möhtərəm Prezidentin Zəfər qələbəsi artıq onların  dillərini də açıb, gözlərini də, amma hələ ki, tam yox.

Ali Baş Komandan Şuşanın bünövrəsini qoyan xanlar xanı Pənah xanın  sarayında da oldu. Təbii ki, erməni vandalları  270 yaşı olan bu sarayı da darmadağın edib. (Faşistlər Lev Tolstoyun evini dağıtmamışdılar). Amma  Ali Baş Komandanın  sərəncamı ilə  bu saray da əvvəlki  görkəminə qaytarılacaq. Pənah xanın  ruhu sevinəcək, bu sarayda doğulan  İbrahim xanın, Mehralı xanın  ruhu  sevinəcək.

Görkəmli dövlət xadimi və şair Vaqifin  məqbərəsində oldu, bərpa  işləri ilə tanış oldu. Yenidən Cıdır düzündə oldu.

Bilirsiniz, Şuşaya getmək olar. Ali Baş Komandan yanvarda da  Şuşada olmuşdu.

Amma bu səfər tamamilə fərqlidi. Bu səfər hamının öz evində qeyd elədiyi ilaxır  çərşənbəyə  düşürdü.

Ali Baş Komandan da ailəsi ilə birlikdə İlaxır  çərşənbəni Şuşada qeyd eləməklə bütün dünyaya   mesaj verdi ki,  mənim evim dünyanın  mədəniyyət paytaxtı Şuşadır.

 

TƏQVİM / ARXİV