adalet.az header logo
  • Bakı 6°C
  • USD 1.7

Aqil ABBAS: UDUZMAĞIMIZIN 40 SƏBƏBİ VAR 

AQİL ABBAS
114912 | 2020-09-08 10:03

Məşhur anekdotdu. Şah deyir, məni qarşılayanda niyə toplardan  atəş açmadınız? Vəzir deyir:

-  Şahım, bunun  qırx səbəbi var.

- Say görüm.

-  Birincisi,  barıt  yoxdu.

- Day qalanını  saymasan da olar.

 İndi baxıram Lüksemburqa  evimizin   içində məğlub  olmağımızın  bütün  günahını Mahir Əmirəlinin  üstünə  atırlar. Mahir Əmirəli çox ciddi  səhvə yol verdi və 26-cı dəqiqədə  komandanı  pis  vəziyyətdə qoydu.

Mahir  meydançadan   çıxarılanadək yenə də Lüksemburq  bizdən   yaxşı  oynayırdı və iki dəfə də  qol  epizodu   yaratmışdı. Və bir oyunun taleyi ki bir futbolçudan asılıdı , deməli, o komanda yerində deyil.  Bundan başqa, çoxlu  misallar  çəkə  bilərəm ki, komanda on nəfərlə qalıb  və oyunu aparıb.

Komanda sanki məşqçisiz oynayırdı. De Byazini və özü ilə gətirdiyi bir ZİL-130 italyan məşqçiləri indidən yıxıb  sürümək  istəmirəm. Onsuz da bir azdan özü də, yığıb  gətirdikləri  də  yıxılıb  sürünəcəklər.

Əgər həmin gün «Qarabağ»ı və ya «Neftçi»ni  milli komanda  adı altında oyuna   buraxsaydılar, Lüksemburq  burdan  gözüyaşlı gedəcəkdi.

Yaxşı ki Qara  Qarayev  varmış. Yoxsa,  Lüksemburq   Fransa  ilə oyundakı faciəni bizə yaşadardı.

Bir məsələyə də toxunmaq istəyirəm. Millimizə ən çox  ona görə lağ  edirlər ki, Lüksemburq kimi cırtdan  bir ölkəyə (əhalisi  626 min, 2586,4  kv. km) uduzub. Düz yanaşma deyil. Şopenhauer deyir ki,  əhalinin  çoxluğu  hələ onun  böyüklüyünə dəlalət  eləmir. Əslində o, çox kobud ifadə  edib, o cür yazmaq istəmədim və Çinlə Hindistanı  misal gətirir. Futbolda  əgər əhalinin çoxluğu  ölçü vahidi olsaydı,   Çinlə Hindistan hər dəfə dünya  çempionu  olardı.

Dostlar, Lüksemburq Avropanın göbəyindədi, Avropanın ey. Qonşuları da futbol  ölkələridi –  Almaniya, Fransa və sairə,  bizimki kimi Ermənistan, Gürcüstan, Dağıstan, İran  deyil.

Heç kimi  qınamayın, nə qədər ki Azərbaycanda  ölkə çempionatı  keçirilmir, Bakı  çempionatı keçirilir, nə qədər ki uşaq  futbolu  yoxdu, nə qədər ki rayonlardakı Olimpiya stadionları axşamlar yalnız imkanlı  adamların arıqlamaq  meydançasıdı və ən əsası, nə qədər ki özümüzün gül kimi  məşqçilərimiz küçədə  it  döyəcək (ifadəyə görə  üzr istəyirəm)…

… Ağdamda Arif Zöhrabov  adlı bir dostum  vardı, indi də var. Muzeyin direktoru Yusif  Əhmədovla həmişə məzələnərdi. Yusif müəllimin  olardı 75 yaşı. 

Arif müəllim deyirdi:

- Yusif müəllim, bilirsən   muzey nəyə deyilir?

- Nəyə deyilir, ə?

- Deməli,  işlənib işdən  düşmüş, heç kəsə lazım olmayan əşyaları yığırlar  işlənib  işdən  düşmüş, heç  kəsə lazım olmayan bir  lazımsız binaya. Qapısına da işlənib  işdən  düşmüş, heç kəsə  lazım olmayan bir qıfıl  vururlar. Və işlənib  işdən  düşmüş, heç kəsə  lazım olmayan bir adamı da  qoyurlar  ora müdir…

… Və Avropada işlənib işdən  düşmüş, heç bir  komandaya lazım olmayan  foqtsları  gətirib  komandaya  baş məşqçi  qoyacaqlar, artıq   həmin milli komanda da,  yuxarıda qeyd etdiyim muzeyə dönəcək.

Mahir Əmirəli başda olmaqla bütün futbolçularımızı ruhdan  düşməməyə çağırırıq. Özünüz öz  oyununuzu qurun və oynayın.

TƏQVİM / ARXİV