adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Bakıda zəlzələ olsa… - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
1410 | 2023-02-27 11:51

 

Yeni tikilmiş yüksək mərtəbəli binaların uçub- uçmayacağını bir Allah bilir!

Qardaş Türkiyədə 7.7 bal gücündə baş vermiş zəlzələ bütün dünyaya bir örnək olmalıdır. Ən azından ona görə ki, o binalar standartlara uyğun və yüksək keyfiyyətli inşaat materiallarından tikilsəydi minlərlə ev uçmaz, 50 minə yaxın insan dünyasını dəyişməz, ondan da çox adam yaralanmazdı. Görünən odur ki, bu faciəvi hadisədən hələ də bir çoxları və o cümlədən Bakıda yüksək mərtəbəli binalar inşa edən şirkətlər elə bir nəticə çıxarmırlar.

Əgər yadınızdadırsa, 2000-ci ildə paytaxtımızda zəlzələ oldu. Onda indiki kimi Bakıda çoxlu sayda 40, 30, 16 mərtəbəli binalar inşa olunmamışdır. 10-15 16 mərtəbəli bina var idi və əksər binalar da sovet dövründə inşa edilmiş 9 və 5 mərtəbəli evlər idi. O evlərin heç biri zəlzələ zamanı uçmadı, Ən yaxşı halda bəzi binalar zədələndi. Mütəxəssislər də bunu onunla izah edirdilər ki, sovet dönəmində binaların tikintisinə, standartlara və inşaat materiallarının keyfiyyətinə xüsusi diqqət yetirilib. Binalar keyfiyyətli tikildiyi üçün həmin zəlzələyə davam gətirə bilib.

Bəs bu gün Bakıda vəziyyət necədir? Bax bu barədə heç də mütəxəssislər və ekspertlər birmənalı fikir səsləndirmirlər. Çoxmərtəbəli binaları inşa edən şirkətlər deyir ki, bizim tikdiyimiz evlər 8 bal gücündə zəlzələyə tab gətirə bilər. Amma ekspertlər isə bildirirlər ki, heç kəs öz ayranına turş demir. Çünki yüksək mərtəbəli binaların heç də hamısı keyfiyyətli inşaat materiallarından ucadılmayıb. Ona görə də əksər yüksək mərtəbəli binalar o zəlzələyə tab gətirib- gətirməyəcəyini zaman göstərəcək. Ancaq görünən odur ki, 10 il bundan qabaq 6-cı Paralelni küçəsində inşa edilmiş bina öz- özündən çökmüşdü. O binada çökmə zamanı ölən də var idi, xəsarət alan da. Amma xoşbəxtlikdən itki az olmuşdu. Sonradan məlum oldu ki, bina keyfiyyətsiz inşaat materiallarından tikilib.

Çox təəssüf ki, bu gün Bakının seysmik zonası olan yerlərində belə yüksək mərtəbəli binalar inşa edilir və inşa edilməkdədir. Məsələn, Yeni Günəşli yaşayış sahəsində 15-dən çox 16 mərtəbəli bina tikilib. Və bu gün də Yeni Günəşlinin “D massivi”ndə “Fatimeyi-Zəhra” məscidinin yanında və kərpic zavodunun 5 addımlığında 6 yüksək mərtəbəli binanın inşası davam eləyir. Xüsusən də “ Ana kür” Məzil Tikinti Kooperativi nə az- nə çox Yeni Günəşlidə dörd belə bina ucaldıb. Üstəlik də ikisini tikməyə başlayıb. Kooperativin sədri Vahid Abdullayev nə qanundan qorxur, nə də Allahdan. Düşünmürlər ki, belə seysmik zonada yüksək mərtəbəli bina tikmək nə dərəcədə təhlükəlidir. Ümumiyyətlə, aidiyyatı qurumlar, Bakıda yeni tikilən yüksək mərtəbəli binaların inşasına xüsusi diqqət yetirməli, bütün təhlükəsizlik tədbirlərini nəzərə almalı və istifadəyə verilən binaları qəbul edərkən, kimliyindən aslı olmayaraq, onlara güzəşt edilməməlidir.

Bunlar hamsı aydındır. Aydın olmayan odur ki, hətta 9 mərtəbəli binalarda belə sakinlər evlərin arasındakı beton hissələri dağıdaraq mənzili genişləndirmiş və tikintinin layihəsini kobud surətdə pozmuşdur. Bu isə hər hansı zəlzələ baş verərsə, binanın möhkəmliyini zəiflədir və onun uçma təhlükəsini daha da artırır.

Allah eləsin Bakıda zəlzələ baş verməsin. Əgər baş versə, kor-təbii sürətdə tikilmiş binaların uçub- uçmayacağına görəsən kim zəmanət verəcək?! Bax onda da faciə baş versə, Türkiyədəki kimi keyfiyyətsiz bina tikənlər yaxalarını dövlətin və xalqın əlindən qurtara bilməyəcklər.


 

TƏQVİM / ARXİV