adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATI, YOXSA ÇAYXANASI? - Aqil ABBAS yazır

AQİL ABBAS
883 | 2023-02-07 13:55

Dünyada heç kəsə lazım olmayan institutlar var, biri də Birləşmiş Millətlər Təşkilatıdı. Təşkilatın sədrinin də beqabiliyyət bir familiyası var, yazmağa da qorxuram, deyirəm birdən səhv yazaram ayıb olar. Ondan qorxuram ki, ikinci «u» hərfinin yerinə «ö» hərfi yazaram. Nə isə.

Mən çox vaxt bu təşkilatın adını Birləşmiş Millətlər Çayxanası, sədrini də Birləşmiş Millətlər Çayxanasının baş çayçısı yazıram.

Çünki fəaliyyəti elə çayxana fəaliyyətidi, əllərindən-filan yerlərindən bir iş gəlmir.

70-80-ci illərdə Azneftdə məşhur bir çayxana vardı: Rafaelin çayxanası. Bu çayxanaya adətən şairlər, yazıçılar, Azərbaycan Dövlət Universitetinin müəllimləri, bir sözlə, Sovet hökumətini sevməyən ziyalılar yığışardı. Bəzən 3-4 saat Sovet hökumətini yıxıb-sürüyürdük. Sonra da Birləşmiş Millətlər Çayxanasındakı kimi, söyüb-söyləməkdən başqa əlimizdən-filan yerimizdən bir şey gəlmədiyindən dağılışıb gedirdik evimizə. Amma onu da deyim ki, Rafaelin çayxanasının daimi müştəriləri sonra 88-ci ildə Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə ön sıralarda oldular.

İndi BMT-nin də yığışıb boş-boş danışmaqdan başqa əllərindən bir şey gəlmir. Hələ bir Təhlükəsizlik Şurası da var, 4 qətnamə çıxarmışdı ki, Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan ərazilərindən dərhal çıxarılsın. Ermənistan dünyanın bu ali təşkilatının çıxartdığı 4 qətnaməni filan yerinə sürtüb atdı. Heç birinə əməl etmədi, qətnamələr 28 il qaldı ortalıqda. Dılğır bir Ermənistanın saymadığı bu təşkilat kimə və nəyə lazımdı?

İndi dünya dağılır, terror dünyanı alıb başına. Dünyanın «vor zakon» dövlətləri Liviyanı dağıtdı, prezidentlərini də küçənin ortasında biabırcasına öldürdülər, İraqı bombaladılar, prezidentini də tutub asdılar, Suriyanı parçaladılar, Yəməni dağıtdılar, Əfqanıstanı məhv etdilər. İndi də ruslarla ukraynalıları bir-birlərinə qırdırırlar, Birləşmiş Millətlər Çayxanası da ağzına su alıb oturub.

Hələ mən Afrika ölkələrində gedən vətəndaş müharibələrini, Hindistanla Pakistan arasında gedən müharibəni və sair və ilaxır demirəm.

İndi deyin Birləşmiş Millətlər Təşkilatıdı, yoxsa Çayxanasıdı? Hər il də bu təşkilatın üzvü olan dövlətlər milyonlarla dollar üzvlük haqqı ödəyirlər.

Rafaelin çayxanası Birləşmiş Millətlər Çayxanasından hörmətlidi. Rafaelin çayxanasına yığışanlar, heç olmasa, Azərbaycanı Sovet imperiyasının cəngindən qurtardılar. Amma Birləşmiş Millətlər Təşkilatı heç bir işə yarımadı.

TƏQVİM / ARXİV