adalet.az header logo
  • Bakı 20°C

CƏLAL QARYAĞDININ NƏRİMANI KİROV VƏ LENİNƏ NƏ DEMƏK İSTƏYİRDİ?! - Aqil ABBAS yazır

AQİL ABBAS
1498 | 2023-04-06 09:00

1970-ci il idi. Nəriman Nərimanovun anadan olmasının 100 ili tamam olurdu.Ölkə bu böyük şəxsiyyətin yubileyini keçirməyə hazırlaşırdı. Amma keçirə bilmədi. Çünki Moskva qəzetlərində, yəni mərkəzi qəzetlərdə Nəriman Nərimanovu millətçilikdə ittiham edən yazılar dərc olunurdu. Ən ağır və böyük məqaləni də Stepan Şaumyanın adını unutduğum (heç lazım da deyil) oğlu «Pravda» qəzetində yazmışdı, özü də bir səhifə.

Heydər Əliyev də Azərbaycanda hakimiyyətə təzə gəlmişdi. Belə demək mümkünsə, hələ yerini bərkitməmişdi. Amma mübarizəsini davam etdirirdi və sonda da qalib gəldi. 1970-ci ildə açılmalı olan Nərimanovun heykəli 1972-ci ildə açıldı. Yubiley tədbirləri də keçirildi, əsərləri də yenidən çap edildi.

«26-lar» filmində belə bir yer var ey, Tağıyev salonda qırılmış çilçırağın qırıntısını erməni milyonçunun əlindən alır və deyir:

- Mən bunu Parisin göbəyindən gətirmişdim.

İndi Heydər Əliyev də Nərimanovu Moskvada ermənilərin və şovinistlərin əlindən aldı və Bakıda möhtəşəm bir heykəlini ucaltdırdı. Heykəlin müəllifi də Cəlal Qaryağdı idi.

Zaman-zaman Nəriman Nərimanova hücumlar olur. İndi belə bir kampaniya yenidən başlayıb. Bu da ordan qaynaqlanır ki, Naxçıvanda Nərimanovun büstü bağdan götürülüb. Və hətta bizim ziyalılar da büstün götürülməsinə haqq qazandırır, dolayısıyla Bakı şəhərindəki heykəlinin də sökülməsinin vacib olduğunu qeyd edirlər. Hələ bir az da uzağa gedib Tiflis şəhərindəki abidəsinin də sökülməsinin vacibliyindən danışırlar, daha doğrusu, yazırlar.

Bir məşhur türk tarixçisi var Doğan Avcıoğlu. Onun «Milli kurtuluş tarihimiz» adlı 20 cildlik bir əsəri var. Əsərin 3-cü, ya 4-cü cildi belə adlanır: «Milli kurtuluş savaşımızda erməni və rum sorunu». Ordan qısa bir xatırlatma gətirmək istəyirəm. Yazır ki, Atatürk qəhvəsiz qalmışdı. Yəni hökumət o qədər kasıblamışdı ki, Atatürkə qəhvə almağa da pul yox idi. Atatürk müşavirlərinə deyir ki, banklardan borc alın, onlar da cavab verir ki, banklar hamısı ingilislərin əlindədi, yəni düşmən əlindədi.

Moskvaya nümayəndə heyəti gedirmiş, Atatürk onlara deyir ki, qayıdanda Bakıdan gəlin və doktor Nərimanovdan borc alın.

Moskvadan qayıdan nümayəndə heyəti Nəriman Nərimanovla görüşür və Atatürkün xahişini çatdırır.

Nərimanov dərhal Türkiyəyə vaqon-vaqon yanacaq,silah-sursat və 500 kiloqram qızıl göndərir. Doğan Avcıoğlu yazır ki, bu, 10 milyon altın ruble edirdi.

Atatürk dərhal 300 kiloqram qızılı orduya xərcləyir, silah-sursata, ərzağa, geyimə, topa-tüfəngə. Yerdə qalan 200 kiloqram qızılı isə Milli Bank yaradaraq banka qoyur. Və Doğan Avcıoğlu onu da yazır ki, türk xalqı heç vaxt unutmamalıdır ki, Milli Bankın özülü qardaş Azərbaycanın, doktor Nərimanovun göndərdiyi qızılın üzərində qoyulub.

Və həm də doktor Nərimanov Atatürkə məktub göndərmişdi ki, qardaş qardaşa borc verməz. Bu, hədiyyədir.

Nərimanovun Azərbaycana nələr elədiyini tarixçilər çox gözəl bilir və yazıb. Əslində söz tarixçilərindi. Nərimanova atılan böhtanlara onlar cavab verməlidir.

Mən heykəllə bağlı başqa bir məsələni yazacam. Bayaq dedim, heykəlin müəllifi Cəlal Qaryağdıdı. Mən «Elm və həyat» jurnalında işləyəndə Cəlal Qaryağdı ilə bir-iki dəfə görüşüb söhbətləşmişdim. Onun layihəsinə əsasən bu heykəl Eyfel qülləsi kimi olmalı idi. Və yollar da onun dayaqlarının altından keçməliydi. Lakin onda Nərimanovun heykəli Kirovun heykəlindən, eləcə də Hökumət Evinin qarşısındakı Leninin heykəlindən daha əzəmətli və daha uca alınırdı. Ona görə də Moskva icazə verməmişdi. Elə ona görə də postament heykəldən bir neçə dəfə kiçikdir və adi postamentdir. Dünya fırlandı, Kirovun da heykəli götürüldü, Leninin də, amma Heydər Əliyevin ucaltdırdığı Nərimanovun heykəli əvvəlki əzəmətiylə durur.

İndi gələk ayrı bir məsələyə. Nərimanovun heykəli qoyulandan sonra xalq arasında belə bir anekdot dolaşırdı. Kirov adına olan parkın ən hündür yerində əlini uzadıb deyir ki, Azərbaycan mənimdi. Lenin də Hökumət Evinin qarşısındakı heykəlində əlini dənizə uzadıb deyir Azərbaycan mənimdir, Bakı sənə buracan bəsdi. Gələk indi Nərimanovun heykəlinə, heykəlin önündən keçəndə diqqətlə baxın. Nərimanovun sol əlinin baş barmağı işarə barmağı ilə orta barmağının arasındadı, Cəlal Qaryağdı bununla demək istəyib ki, Nərimanov da bu işarə ilə deyir ki, alın, Azərbaycan heç vaxt sizin ola bilməz, sizə bu qala bilər.

Və elə də oldu. Azərbaycan nə Kirovun oldu, nə də Leninin. Azərbaycan Məmməd Əmin Rəsulzadənin oldu, Elçibəyin oldu, Heydər Əliyevin oldu və 44 günlük müharibədə qələbə çalmış İlham Əliyevin oldu.

Heykəlləri sökmək olar, o cümlədən Nərimanovun da. Amma həmin heykəl sahiblərini və eləcə də Nərimanovu xalqın ürəyindən və tarixdən söküb ata bilməzsiniz.

P.S. Naxçıvan Şəhər İcra Hakimiyyəti açıqlama yayıb ki, Nərimanovun büstü götürülməyib. Sadəcə olaraq, bağda yenidənqurma, bərpa işləri getdiyinə görə müvəqqəti götürülüb, qaytarılıb yenidən yerinə qoyulacaq.

Ola bilər ki, xalqın sosial şəbəkələrdə etirazından sonra fikirlərini dəyişiblər və yaxud da həqiqət onların dediyi kimidi.

Amma bir məsələni də yada salmaq istəyirəm. Şəkidə Füzuli adına bağda Füzulinin büstü vardı, 10 ildən çoxdur götürüblər ki, bu bağ bərpa olunacaq və yenidən büst yerinə qaytarılacaq. Dəfələrlə o bağda olmuşam, heç bir bərpa, yenidənqurma işləri görülmür, heykəlin də yeri boş qalıb. Bu günlərdə Şəkidən seçilən millət vəkili Vüqar İsgəndərovla bu barədə söhbətim oldu, bildirdi ki, bu məsələnin üstünə bərk düşmüşük, bu günlərdə büst yerinə qaytarılacaq. Təki Vüqar bəyin dediyi kimi olsun.

Ona görə qorxuram ki, Naxçıvanda da o bağın bərpa işləri 10-15 il çəkə, Nərimanovun büstü ondan sonra yerinə qaytarıla, ya qaytarılmaya.

Hər halda qaytarılacağına inanıram.

TƏQVİM / ARXİV