
Sovet hökumətinin Sovet hökuməti vaxtında 70 il bu hökuməti tanımayan, bu hökumətin qanunları ilə deyil, öz qanunları ilə yaşayan Dünyanın Ən Varlı Şəhəri Ağdamda bir bazar vardı. Bu bazarda quş südü də tapılırdı. Hələ o vaxt belə bir anekdot da danışırdılar ki, dünyada atom bombası yoxdu, yalandı, olsaydı Ağdam bazarında satılardı.
Ağdam bazarını, ümumiyyətlə, Ağdamı məşhur edən, varlı edən bu şəhərin alverçiləri idi. O vaxt alverçiləri, gərək ki, möhtəkir adlandırıb tuturdular. İndi alverçilərə biznesmen deyirlər, hələ kredit də verirlər, yuxarı başda oturdurlar, cəmiyyətdə mötəbər adam sayırlar. Düzdür, indi də hərdən bir tuturlar, müflis edirlər, 10-15 il də göndərirlər burjuy kalonu sayılan «şestoy»a.
Bu şəhərin alverçiləri cin kimi bir şey idilər. Moskvadan vurub Leninqraddan çıxardılar, Leninqraddan vurub Riqadan, Riqadan vurub Polşadan, Rumıniyadan, Çexoslovakiyadan çıxardılar. Hətta Bakıdan yüksək vəzifəli məmurlar, nazirlər Ağdamın birinci katibinə zəng edirdilər ki, təzə italyan brendi kostyum çıxıb, tapmırıq, gör Ağdamda tapa bilərsən? Katib də alverçiləri çağırıb deyirdi ki, belə bir brend kostyum lazımdı, onlar da 2-3 günə tapıb gətirirdilər.
Rumın mebelləri, Çexiyanın büllur qabları, çilçıraqları, Yuqoslaviya ayaqqabıları, fin kostyumları, plaşları, fransız ətirləri… nə istəyirsənsə buyur. Yanı cücəli toyuq istəyirsən, yəni tapança, buyur.
Atamla bazardaydıq, məşhur alverçilərdən biri çıxdı qabağımıza. Atamı qucaqlayıb dedi:
- Abbasov, sənin mənə çox yaxşılığın dəyib, özümü həmişə sənə borclu bilmişəm. İndi Ursetdən sənə bir hədiyyə gətirmişəm, mən ölüm, əlimi geri qaytarma.
Sonra əlini qoltuğuna atıb ağappaq, nikelli bir tapança çıxartdı:
- Bu, alman tapançası Volterdi, on dörd güllə tutur. Zorla tapmışam Moskvadan, sənə gətirmişəm.
Atam nə illah elədi, əl çəkmədi.
Bunu ona görə yazdım ki, yəni bu alverçilər heç kəsə borclu qalmaq istəməzdi.
Bu bazar təkcə Azərbaycanda yox, Gürcüstan, Ermənistanda da məşhur idi.
Yağın qıt vaxtında da ətraf rayonlardan gəlib Ağdamdan yağ alırdılar. Təbii ki, bu bolluğu yaradan da alverçilər idi. Belə bir vaxtda bir yağ alverçisini tuturlar, evindən hər biri iyirmi kiloluq on qutu yağ çıxır. İşi də verirlər rayon milisinin müstəntiqi İkram Abdullayevə. İkram Abdullayev şəkili idi, göndərmişdilər Ağdamda müstəntiq işləyirdi, elə bir ağdamlı qızla da evlənmişdi. Çox ziyalı, yaxşı bir adam idi.
Baxır görür yaşlı bir qadındı, ürəyi yanır, iyirmi kiloluq qutuları 250 qramlıq yağ paçkaları ilə əvəzləyir. Və qadını həbs olunmaqdan qurtarır.
Daxili İşlər Nazirliyinin yoxlamaları nəticəsində bu cinayətin üstü açılır və İkram Abdullayevi Daxili İşlər Orqanlarından xaric edirlər.
İkram müəllim yenidən Orqanlara bərpa olunmaq üçün döymədiyi qapı, şikayət eləmədiyi təşkilat qalmır. Amma şikayətinə baxan tapılmır. Dəfələrlə daxili işlər naziri Cəfər Vəliyevin qəbulunda olur. Cəfər Vəliyev də deyir ki, hara istəyirsən, lap BMT-yə də şikayət etsən səni işinə bərpa etməyəcəm. Get, nə bilirsən elə.
Və tapşırır ki, bir də İkram müəllimi nazirliyə və onun qəbuluna buraxmasınlar.
İkram müəllim də əli hər yerdən üzülür, day nə Moskvaya, nə də BMT-yə şikayət edir. Və gedir Şamaxıya, Mirzə Ələkbər Sabirin qəbrini ziyarət edir, şairin başdaşını qucaqlayıb bir şəkil çəkdirir. Həmin şəkli göndərir daxili işlər naziri Cəfər Vəliyevə və yazır: «Mən Mirzə Ələkbər Sabirdən böyük kişi tanımıram, şikayətimi də ona etdim».
Nazir şəkli alır, altındakı yazını oxuyur, tutulur, gedir fikrə. Kadrlar İdarəsinin rəisini çağırıb deyir:
- O avaranı çağırın, vəzifəsinə bərpa edin. Elə bir kişiyə şikayət edib ki, onun sözünü yerə salmaq olmaz.
Və İkram Abdullayevi işinə bərpa etdilər, Ucara müstəntiq göndərdilər.
İkram Abdullayev hazırda tanınmış vəkildir, indi də haqsızlığa qarşı mübarizə aparır. Belə cəsarətli müstəntiqlər, belə maraqlı da nazirlər olub.