Dreyfus(un) işi - İradə TUNCAY yazır

İRADƏ TUNCAY
57981 | 2022-11-23 00:37

Birinci Dünya Müharibəsində həlak olanların abidəsi. Strasburq, Elzas bölgəsi həmin müharibənin tam mərkəzində olub, qaynar nöqtəsi sayılıb. Həm almanlar, həm fransızlar tərəfindən savaşmağa məcbur olublar. Və 1936-cı ildə şəhər idarəçiləri əhaliyə müraciət edərək yardım istəyiblər memorialın hazırlanmasına. İanə yığılıb müharibədə əzizlərini itirən insanlardan. 50 frankdan tutmuş 50000 franka qədər pul verən olub. Sonradan bu siyahını dərc edirlər.

 

"Canından keçənlərimiz” yazılıb monumentin üstündə... Ana can verən iki oğlunu bağrına basıb. Biri fransız, biri almandı övladları. Hər ikisi uniformasızdı, fərqlənməsinlər deyə. Əl-ələ verib ölürlər – biri Fransa, biri Almaniya tərəfə baxır.Uğrunda öldükləri torpaqlara. Ana isə öz dərdini belə bölüşür insanlarla. Kilsə ikonoqrafiyasında rast gəlinən ağı – pieta janrı. Məryəm ananın iki oğlu var burda. Fərq eləmir, müharibələrdə saysız-hesabsız analar və oğullar olub. Bu ağı onların hamısına deyilir...

***

 

İkinci Dünya Müharibəsindən sonra avropalıların işi pis getməyib. Amma o vaxtacan bizim indi yaşadıqlarımız onların da başına gəlib. Deyək ki, Prussiya-Fransa savaşları olub ki, tarixdə ad qoyub və hətta almanların torpaq itkisinə səbəb olub. Yəni tarix boyu müharibələr hər zaman labüddür, nəticələri də məlumdur.

Dreyfus işi hətta adını kriminalistika tarixinə salmış bir məsələdir... Alfred Dreyfus 1894-cü ildə casusluqda ittiham olunur və ömürlük həbsə məhkum edilir. Cəmiyyət bu həbsi birmənalı qarşılamır və iki qütbə bölünür. Bir qism Dreyfusun həbsini onun yəhudi kökləri ilə əlaqələndirir. İkinci qism də yenə milli köklərlə bağlayır – yəni yəhudilərin paralarıyla Fransanın maraqlarını Prussiyaya satdığını düşünürlər. Həmin dövr Avropada artıq azadlıq, insan haqları söhbətləri öz yerini tutmağa başlamışdı. Mətbuatın öz mövqeyi vardı və adamı milli köklərinə görə həbs etmək asan deyildi.

Günahı nə idi ? Fransız əks-kəşfiyyatının əlinə alman hərbi attaşesinə yazılmış fransız zabitinin məlumatları düşür. Güman olunur ki, bu məlumatları məhz Dreyfus göndərir. İstintaq başlanır və təbii ki, Dreyfus inkar edir xəbər ötürdüyünü. İnkara baxmayaraq, kapitan Dreyfusu Fransa Qvianasındakı adalardan birinə göndərirlər.

Maraqlı hadisələr isə bundan sonra başlanır, heç Dreyfusun xəbəri olmadan. Bütün mütərəqqi ictimaiyyət kapitanın müdafiəsinə qalxır və təbii ki, mətbuatın yardımı ilə. Son nöqtəni isə o dövrlərdə çox nüfuzlu Emil Zolya qoyur, “Orror” qəzetində yazdığı («J’accuse») – “Mən ittiham edirəm “ məqaləsi ilə. Avropada hər zaman mətbu sözün əhəmiyyətini biliblər, anlayıblar və əgər bu sözləri cəmiyyətin hörmətini qazanmış bir yazıçı yazıbsa, bu əhəmiyyətin xüsusi məqamı var təbii. Məqalə xüsusi olaraq prezidentə ünvanlanmış yazılır və üslubi keyfiyyətlərinə görə yeni bir janrın başlanğıcına rəvac verir . Maraqlansanız internetdə “Mən ittiham edirəm” məqaləsini oxuya bilərsiniz. Rus dilini bilirsinizsə təbii, yox, milli mövqeyiniz sizi narahat edirsə fransızca oxuyun. Fərqi yoxdu hansı dildə, təki oxuyun.

Məqalədə də əsas vurğu millət söhbətinin üstündə qurulur və mürtəce hərbçilərdən danışılır. Yəni bir məqalə ağır ittihamı, Vətənə xəyanət ittihamını Dreyfusun üstündən götürür. Zolya üçün də asan olmur bu yazıdan sonra – İngiltərəyə qaçır. Fransada gizlənir...

Yazı bütün Avropada geniş əks-səda doğurur.Yeni era başlanır ədalət və diskriminasiya savaşında. Prezidentə müraciətlə “Bizi bu xəcalət hissindən qurtarın”- deyir Zolya. “Sizin idarəçiliyinizdə belə ədalətsizlik olmasın” - deyir.

“İstədiyim yalnız həqiqətdi, bu əzabkeş, səadət haqqı olan bəşəriyyət üçün həqiqət! Bu qəzəbli etiraz – qəlbimin harayıdır. Məni də Andlılar məhkəməsinə çağırsınlar və məhkəmə açıq keçirilsin”.

Hər bir halda Zolya Dreyfusa bəraət ala bilir. 1906-cı ildə başa çatır məhkəmə və Dreyfus bütün ittihamlardan azad olur.

Fikirləşdim , kaş biz də Fransada yaşayaydıq, bizim də yazılarımız kiməsə yardım edə biləydi... Amma sonra Fransa senatının verdiyi məşum qərarı düşündüm... Yenə milli mənsubiyyət məsələsi, yenə ikili standartlar, yenə ayrı-seçkilik... Axı sizin də torpağınızda savaş gedib, axı sizin də torpağınızda “Canından keçənlərimiz” abidəsi qoyulub... Sizin də ədəbiyyatınızda savaş mövzusu qırmızı xətt kimi keçir...

Yəni uşaq deyiləm, bütün səbəbləri dərindən anlayıram... Amma çox təəssüf ... Hələ də irqçilikdən çıxa bilmir Fransa!!!

 

TƏQVİM / ARXİV