adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Dünyanın ən təmiz adamı… - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
1600 | 2023-02-10 11:17

 

Allahın dərgahına qovuşdu

Mahmud Qacar! Özü kimi təmiz, özü kimi saf və özü kimi duru ziyalı idi. Heç kimə bənzəmirdi, yalnız özünə oxşayırdı! Fevralın 8-də onun “vatsap”ından mənə bir xəbər gəldi: “ Mahmud Qacar ömürünü sizə bağışladı. Başımız sağ olsun! Xalildə”. Mənim üçün çox həm acı, həm də üzücü xəbər idi. Ən azından ona görə ki, mən onunla tez- tez telefonda danışır, səhhətindən xəbər tutur və təsəlli verirdim ki, qorxma! Bu xəbər isə məni göz yaşları içində qoydu!

Çünki Mahmud Qacar böyük ziyalı idi. İstedadlı şair, publisist və jurnalist idi. Mən universistetin I kursunda oxuyanda, o, V kursda idi. Və sinif nümayəndəsi idi. Birinci kursun tələbələrinə Mahmud çox böyük sevgi ilə yanaşardı. Biz ondan utanmaq əvəzinə, o bizdən utanardı. Elə həmişə də bax belə: sadə, səmimi və utancaq idi.
O, dünyanın ən təmiz, ən utancaq və ən qeyrətli insanlarından biri idi. Çox təəssüf ki, belə istedadlı, təmiz və vətənpərvər ziyalı öz dəyərini və qiymətini ala bilmədi. Amma o, şair kimi də, publisit kimi də, jurnalist kimi də adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdı. Yəni heç kəs deyə bilməz ki, Mahmud bu dünyada hansısa vəzifəli adamdan, hansısa imkanlı adamdan nəsə umub. Onun bu dünyaya heç bir borcu yox idi. Dünyanın və insanların ona borcu var idi. Biz ona yox, o bizə halallıq verməlidir. Çünki biz müxtəlif zamanlarda onun haqqına girdik, dəyərini verə bilmədik. İstedadlı şair və publisist kimi qiymətləndirmədik.

Amma Mahmud Qacar nə bu dünyadan, nə də dostlarından narazılıq elədi. Ən yaxın dostlarından biri olan Oqtay Əliyev həmişə ona arxa durdu, dayaq oldu. Hətta Mahmudla əlaqəm kəsiləndə onun barəsində Oqtay müəllimdən xəbər tuturdum. Oqtay müəllim Mahmudu hamıdan çox istəyirdi: qardaşı qədər, əzizi qədər, balası qədər əzizləyirdi!

Mən də Mahmud Qacarı çox istəyirdim. Çünki uzun illər onunla dostluq edərdim. Xalidə xanıma göndərdiyim mesajda da dedim ki, mən dost itirmədim, qardaş itirdim. Belə ki, Mahmud kimi təmiz, sadə, səmimi insanlar az olur. Düşünürəm ki, onun Allahın dərgahına qovuşması bizim mətbuatımıza, poeziyamıza, publisistikamıza və jurnalistikamıza çox böyük itkidir. Və Mahmud Qacar ölməyib! Mən bunu qışqıra- qışqıra deyirəm! O, şeirlərində, yazılarında, dostlarının və əzizlərinin qəlbində həmişə yaşayacaqdır. Əgər cənnətə bu dünyada min adam düşübsə, əlimin içi kimi bilirəm ki, bunun biri də Mahmud qardaşımızdır!

Dünyanın ən təmiz adamı, dünyanın ən utancaq adamı, cənnətin mübarək. Sənin yatdığın o torpaq bu qış günündə soyuq deyil. O torpaq bilsə ki, sən yatırsan, sən orda uyuyursan və bu torpaq da səni həmişə isidəcək və qoruyacaq! Çünki sən artıq böyük Mahmud Qacar oldun!…

Və sən artıq Vətən oldun! Bir daha Vətənin mübarək!...



 

TƏQVİM / ARXİV