adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

ƏRƏBLƏRİN DAY-DAYI LAWRENCE - 6

SEYFƏDDİN ALTAYLI
90934 | 2013-07-13 00:39
"Dövran dolanıb bir dolu ikram etdi
Sandım ki visalə yetdim, hicran bitti
Şövqün həyəcanilə qədəh devrildi
Qafil könül ağla, fürsət əldən getti.

Prof. Dr. Həmid Nitqi"

Ərəb dünyasının indiki vəziyyətinə baxdıqda insanın cızdağı çıxır. İşğalçı qüvvələrin strateqləri, toplum mühəndisləri və təbliğat maşınları ərəb liderlərini yenə ərəblərin əlilə qarağacın təpəsinə qonmuş qarğa kimi vurub təpəmayallaq yerə salır. Bu işə də kefləri istəyən adı qoyurlar. Hansı karlarına gəlirsə ondan hərəkət edib bəzisinə inqilab, bəzisinə çevriliş, bəzisinə dəmokratiyaya gedən addım deyirlər. Ərəb xalqları da liderlərini aşağı salıb məhv etdikcə ağ günə çıxacaqlarını zənn edirlər. Toplumda kütlə psixolojisinin yaratdığı hay-küy atmosferi səngiyəndən və qara buludlar azca çəkiləndən sonra onlar, sadəcə olaraq əllərindən damcılayan liderlərinin və onu aşağı salmağa çalışarkən heç yoluna məhv olan soydaşlarının qanını görürlər. Həyəcanla çatacaqları mənzildə ağ günə qovuşacaqlarını zənn edərkən, vüsal əvəzinə qan görürlər, ölüm görürlər, dağıdılmış ocaqlar görürlər. Bir əsrdən çoxdur ki, görə bilmədikləri yeganə şey, noxtalarının özgələrinin əlində olması və maddi, mənəvi sərvətlərinin talan edilməsidir. Əslinə qalanda onlar ovuclarının içindəki hər şeyi, Osmanlı Dövlətinin hakimiyyətinin axıra çatmasından, türkün ayağının Ərəbistan yarımadasından çəkilməsindən sonra bada verdiklərinin fərqinə hələ də vara bilməyiblər, çünki kağızdan krallıkları, müqəvvadan ibarət kralları var.
Birinci Dünya Müharibəsi illərində ərəb torpaqlarında at oynadan ingilis casusu Lawrence o vaxtkı xatirələrini yazdığı "Alimliyin Yeddi Sütunu" adlı əsərinin üçüncü cildində sanki bu gün yaranan hadisələri görürmüş kimi zamanın nəbzini tutub deyirdi:
"Bəlkə də sülh, təlim-təhsil görməmiş, çarəsiz ərəbləri tapa bilər, özlərini kağızdan vasitələrlə müdafiə edə bilərlər deyə öz-özümüzü aldadırdıq. Bu arada onların həddən artıq avamcasına və dəyərsizcəsinə yeritmək məcburiyyətində olduqları hərbdə onlara öncüllük edirdik. Əslində isə bu əməlimizlə biz, onlar üçün qurduğumuz tələnin üstünü ört-basdır edirdik.g
Ərəblərin ən ülvi ideyalarını daimi olaraq sümürmüş və onların müstəqilliyə olan aludəliyindən ingiltərənin zəfər çalmasına kömək olacak bir vasitə kimi istifadə etmişdim.
Həyat və şəxsiyyət. Biri, digəri üçün satıla bilməyəcək qədər fərqli görünən iki kateqoriya idi. Şəxsiyyətə gəldikdə isə, bir il qabaq İngiltərənin verdiyi vədə əməl edəcəyi barədə ərəbləri aldatdığım vaxt onu itirməmişdim?.."
Bir yanda cəhalət pərdəsiylə ucsuz-bucaqsız çöllərdə çadırından və dəvəsindən savayı bir dünyası olmayan çöl ərəbləri, digər tərəfdə isə dünyanı barmağının ucunda oynada biləcək qədər elmə yiyələnmiş, müasir texnolojinin yaratdığı silahlarla təchiz olunmuş, hər bir addımını planlayaraq atan, hətta bəzən məğlubiyyətini belə öz xeyrinə döndərən dünyanın ən bic bir milləti vardı. Siyasət meydanında müqabil tərəflərin gücü eyni çəkidə olmayan nataraz bir oyun gedirdi və o oyunda kimin uduzub, kimin udacağını Lawrence bilirdi; Britaniya dövləti isə Osmanlı Dövləti durğunluq dövrünə qədəm qoyandan bəri onu bilirdi və onlar ac kaftarlar kimi məqam gözləmişdilər. Məqam Birinci Dünya Müharibəsi illərində gəlib çatmış, əllərində oyuncağa döndərəcəkləri Şərif Hüseyn kimi bir başdan xarab ərəbi tapmışdılar. Bu oyunda, dabanı çatlaq, burnunun qabağını da görə bilməyəcək qədər cahil olan çöl ərəbi uda bilərdimi? Ulu şairimiz Məmməd Arazın "Bu oyunda kim uduzdu, kim uddu" misrasını Lawrence-İngilis-ərəb triosu üçün tətbiq edib fikirləşsək nəticənin ağıllı xalqlar və insanlar üçün yüz il qabaqdan aydın olduğunu açıq-aşkar görə bilərik.
İngiltərə baş naziri Lloyd George Hindistanı itirdikləri zaman demişdi ki, "Bayrağımız Hindistan səmalarından enir, ancaq Şekspirin bayrağı isə burda əbədiyyən dalğalanacaqdı".
O, bununla ingilislərin işğal etdikləri yerlərin xalqına öz dillərini birinci dil kimi qəbul etdirdiklərini, onları ingilisləşdirdiklərini etiraf edərək İngilis dilinin orda qurduğu hakimiyyəti vurğulayırdı. Ruslar da eyni şeyi çarlıq dövründə də, Sovetlər Birliyi vaxtında da həyata keçirməmişdi?..
Deyilə bilər ki, "Lawrence bir casus idi, saxtakarlıq, yalan, hilyə və s. yollarla öz dövlətinin mənafeyinə işləmək onun əsl vəzifəsi idi. Bundan hərəkətlə bütün ingilis xalqı üçün bicdir, saxtakardır, vədinə əməl etməyən bir millətdir desək, insafsızlıq olardı" fikri irəli sürülə bilər. Bəs İngiltərənin baş naziri ilə adi bir casus arasında hər hansı fərq olmaz isə?! Buyurun, Lawrenceın əqidəsi ilə bir az əvvəl baş nazir Lloyd Georgeun işarə edilən fikri arasında hər hansı fərqin olub-olmadığını görün:
Lawrence, "Alimliyin Yeddi Sütunu" adlı əsərinin üçüncü cildində yazır:
"Xəyal gücü olmamaqla yanaşı dünyanın ən yaxşı niyyətli insanları olan ingilislər, ümumiyyətlə mülayim xarakterli yerli xalqı məsuliyət və dissiplindən kənarlaşdıraraq öz axarına salınması illər çəkən qarşıdurmalarla, onlar üçün bir-biri ardınca həyata keçirilən reformlar və üsyanlarla dolu bir atmosfer yaradırdı".
Deməli, baş nazir Lloyd Geroge ilə adi bir casus olan Lawrence arasında xarakter və əqidə yönündən hər hansı fərq yoxdu. Hər ikisi də işğal etdikləri yerli xalqı məsuliyyətdən, dissiplindən uzaqlaşdıraraq onlar arasında təfriqə salmaqla, adına reform dedikləri fitnə ilə, üsyanlarla başlarını qatır, öz millətlərinin isə cibini doldurmaq ideyasına xidmət edirdi. Dünən İraq, Livya, Əlcəzair, Tunis və dünəndən başlayıb indiyə kimi davam edən Misir hadisələri onların kim olduğunu təsdiqləmir ki?!. Əsrin əvvəlində İngiltərə bir başına idi; Fransa isə qurdun yediyi meyitdən artan şey-şüylə iştahasını kor eləmək üçün onun yanında sülənən çaqqal misalı İngiltərəyə yançılıq edirdi. Əsrin ortalarından bu yana isə Amerika ilə əlbir olub həmin siyasət xəttini davam etdirirlər. Onların ayaqlarının dəydiyi yerdə isə bitki əvəzinə qanlı meyitlər göyərir...g
İşğalçılar bir yerə burunlarını soxdumu orda elə bir od qalayarlar ki, özləri çəkilib getsələr də yandırdıqları odun tüstüsü on illər, yüz illər boyu çıxar. Ruslar, yüz illər boyu Qafqazda qaldılar, ayaqlarının biri Qafqazın bir hissəsindən götürüldü, ancaq o ayağın götürüldüyü Cənubi Qafqazda sabitliyin davam etdiyini söyləmək mümkündürmü? Azərbaycan torpaqlarını ermənilər işğal etdi bəyəm, yoxsa ruslar?!. Atalarımız ona görə deyib: "ilanın ağına da, bozuna da, qarasına da lənət".
İngilislərlə ruslar yüzillər boyu daha əvvəlcə İpək Yolu, Ümid Burnu tapılandan sonra da Hindistan ticarət yolunun nəzarətini öz əllərinə keçirmək üçün hər cürə vəhşiliyə əl atmışdılar. Ruslar, Qafqazda soyqırımlar törədərək milyonlarla müsəlmanı və türkü qətlə yetirib, insanları kütləvi şəkildə öz dədə-baba torpaqlarından sürgün etməmişdi?!. O insanlar ruslara neynəmişdi?!
Lawrence, 24 sentyabr 1917-ci il tarixində Akabe bölgəsindən bir dostuna yolladığı məktubunda yazıb:
"...Türklərin bu şəkildə fasilə vermədən qətlə yetirilmələri dəhşət şeydir. Hərbin axıra çataçatında onları parça-parça olmuş şəkildə çölün hər yerində tapa bilirsiniz və bir çoxunun hələ də canını tapşırmadığını görərsiniz. Daha əvvəlcə bu vəziyyətə düşmüş olanların yüzlərləsini qətlə yetirdiyinizi xatırlayıb, yenə yüzlərləsini güllələməyə məcbur olduğunuzu başa düşərsiniz".ggggggg
Xilqəti insan olan bir kəs, yaralı olan birinə bu cür rəftar edərmi? Bizdə, "yaralı quşa daş atılmaz", "su içəni ilan da çalmaz" deyə xalq deyimləri vardır. Biz millət olaraq yaralı quşa daş atmarıq, xilqətimiz buna icazə verməz. İngilis milləti isə qan yaddaşına həkk olunmuş xisləti ilə döyüş meydanlarında yaralı əsgərlərə yaxınlaşıb onların yarasını bağlamaq əvəzinə, başlarına güllə çəkib qətlə yetirər və ondan Lawrencenın dediyi kimi ləzzət alar. İki millət arasındakı fərq burada özünü əyani şəkildə göstərmirmi?!..
Anadolunu işğala gələn İngilis və Fransız ordularıyla Çanaqqalada gedən döyüşlərin birində bir ingilis əsgəri yaralanıb iki səngər arasına düşür. İngilislər qorxularından səngərdən çıxıb yaralı döyüş yoldaşlarını götürə bilmirlər. Yaralı da duyduğu iztirabdan və ölüm qorxusundan nalə çəkib onlardan imdad istəyir. Səngərlər bir-birinə çox yaxın olduğundan Türk döyüşçüləri də vəziyyəti görür. Bir az gözlədikdən sonra səngərindən tullanan bir Məmmədçik qaçaraq özünü yaralı ingilisə yetirir və onu çiyninə alaraq aparıb ölkəsini işğala gələn və düşməni olan ingilis səngərinə təhvil verərək öz səngərinə qayıdır...

"Bir zamanlar biz də millət, həm də nə millətmişiz
Gəlmişiz dünyaya millət nədir, milliyət nədir öyrətmişiz"
Məmməd Akif Ərsoy"

Lawrence, Ərəbistanda fəaliyyət yeridərkən ayda 20 min qızıl paylayaraq başına çöl ərəblərindən ibarət bir güc yığdığını yazıb. Türk ordusunun Ərəbistandan çəkildiyi son vaxtlarda həmin ərəb qüvvələrinin sayı 70 minə çatıb. Lawrence, müsəlman çöl ərəblərinə nə cür göstəriş verdiyini və onlarla nələr etdiklərini bu sözlərlə dilə gətirib:
"Çöllərin cavan suvariləri arasından seçilmiş, ərəb tayfalarına məxsus döyüşçülərlə çılğınlar kimi, Ərəbistandan çəkilən və müəyyən yerlərdə fasilə verib dincələn türklərin üstünə ani olaraq hücumlar çəkib onları kütləvi şəkildə məhv edirdik. Bu cür hərəkətlərimiz ifrat dərəcədə qanlı və hürküdücü idi..."
Türk ordusu o vaxtlar Ərəbistanı buraxıb artıq öz vətəninə qayıtmaqdaydı. Bütöv Ərəbistan torpaqlarındakı türk qüvvəsinin sayı başdan 16-17 min səviyyəsində idi. Bu ordu əriyə-əriyə Anadoluya sarı geri çəkilirdi. İngilislər isə bu ordunun Anadoluya sağ-salamat qayıtmasından razı deyildi. Onlar hələ on birinci əsrdə bizi Kiçik Asiyada məhv etmək məqsədiylə Səlib Yürüşlərini təşkil etməmişdi?!g Lawrence 4 sentyabr 1918-ci il tarixində dördüncü Türk ordusundakı beş min hərbçinin üstünə İngilis silahlarıyla təchiz olunmuş yetmiş min çöl ərəbi ilə hücum çəkib və hücumdan qabaq ərəblərin komandirlərinə qəti şəkildə tapşırıq verib ki, bir dənə əsir götürməsinlər. Vəhşi ərəblər, öz vətəninə qayıtmaqdan özgə heç bir məqsədi olmayan, ricət edən bu ordunun üstünə cumub. Məmmədçiklər sonuncu güllələrinə kimi döyüşüblər, ancaq onlar özlərindən azı on qat artıq gözü dönmüş vəhşilərə nə edə bilərdi!.. Ərəblər onların bir dənəsini də sağ qoymamaq şərtilə qətlə yetiriblər. Bu hadisə 106 saylı ərəb bülletenində də çap olunub.
Osmanlı Dövləti, Ərəbistan yarımadasına sülh və əmin-amanlıq aparmışdı. Orda dincliyi təmin etmişdi, müqəddəs yerləri yüzillər boyu qorumuşdu. Ərəbistandan qazanc götürməmişdi, üstəlik oralarda saraylar, qəsrlər tikib, körpülər salıb, yollar çəkərək abadlaşdırmışdı, orda yaşayan din qardaşlarına insan kimi yanaşmışdı. Osmanlı hakimiyyəti axıra çatdıqdan sonra ingilislərin xristian hakimiyyəti orda hökmran oldu. İyirminci əsrin ortalarından sonra ABŞ+İngiltərə cütlüyünün üfunətli nəfəsi o bölgənin atmosferini çulğadı və hər bir küncündə indiyə kimi öz varlığını davam etdirdi. 200 milyonluq ərəb dünyası parça-parçadır, hər biri digərinin qənimidir. Dünən, verdikləri səslərlə otuz il hakimiyyət stolunda əyləşdirdikləri Hüsnü Mübarəki ayağından dartıb aşağı saldılar, yerinə adını inqilab qoyduqları çevrilişlə Məhəmməd Mursini gətirdilər. Əslində bu oyunu da məlum qüvvələr oynamışdı. İşğalçılar Mursini taxta çıxartsalar da sonradan o xoşlarına gəlməmişdi, çünki müəyyən diktələrini yerinə yetirməmiş, üstəlik Müsəlman Qardaşlar Təşkilatına söykənmişdi. Xristianların əlaltısı olan provakator ərəblər, aldıqları siqnalla xalqı küçələrə, meydanlara töküb mitinqlər keçirtdilər və axırda hərbi çevrilişə səbəb olub Mursini aşağı saldılar.
Ərəb eyni ərəbdir. Onlar iki cahanın sərvəri Həzrət Məhəmməd Peyğəmbərə nə cür nalayiq hərəkətlər etdilər, ona nə əziyyətlər verdilər, əhli-beytini nə günə qoydular tarix kitablarında məlumdur. Onlar öz aralarından Tanrı tərəfindən seçilib bəşəriyyətə xilaskar kimi yollanan Peyğəmbərə nə gün ağladılar ki, biz türklərə və ya özgələrinə nə gün ağlayalar!..
Hadisələr yaranıb qurtarır, ancaq onların izi tarixdə ədəbi qalır.
Görəsən bu tarixi həqiqətlər bəzi rəhbərlərə, bizlərə nəsə deyir?!.

Seyfəddin Altaylı,
Ankara
altaylı[email protected]

TƏQVİM / ARXİV