adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: Dünya boyda işıq

FAİQ QİSMƏTOĞLU
443 | 2022-01-10 12:14

Bu gün xalqın, millətin, bir sözlə, cəmiyyətin ziyalı sözünə, ziyalı kəlməsinə və ziyalı işığına çox böyük ehtiyacı var. Və belə bir deyim var: «Hər hansı bir tanınmış ziyalı dünyasını dəyişəndə onu ağlamaq lazım deyil, onu itirən cəmiyyəti ağlamaq lazımdır».

 

Nə yaxşı ki, bu gün xalq tərəfindən sevilən və yaddan çıxmayan böyük ziyalıları, istedadlı yazıçıları, millətini və xalqını sevən vətənpərvər insanları bəzi televiziya kanalları axtarıb tapır, onları verilişə dəvət edir və işıqlı fikirlərini cəmiyyətə çatdırır. Biz çox vaxt televiziya kanallarında eyni formatlı, eyni biçimli verilişləri görürük. Məsələn, görürük ki, bütün televiziya kanalları səhərdən axşama qədər səsi olub-olmayan müğənniləri və həkimləri reklam edir. Buna da normal baxırıq və bu da həyatın bir tələbidi. Amma ona normal baxmırıq ki, xalqa, millətə lazım olan maarifçilik ideyalarını yayan, tamaşaçının ürəyindən tikan çıxaran verilişlər barmaqla sayılır. Və səviyyəli tamaşaçı da həmişə belə verilişləri səbirsizliklə gözləyir. Bu mənada yaxın günlərdə «Space» kanalında efirə getmiş «Açıq söhbət» verilişini xüsusilə xatırlamaq istəyirik. Həmin verilişin aparıcısı, istedadlı jurnalist Zamirə xanımın qonağı danışığından bal daman, hər sözündə hikmət və işıq olan Seyran Səxavət idi. İnanın, bu verilişə tək mən deyil, mənim kimi tanıdığım yüzlərlə ziyalı çox böyük maraq və həvəslə baxdı. Çünki Seyran müəllimin fəlsəfi düşüncələri, dünyaya fərqli baxışı və ən nəhayət, insanlarla öz dilində, xalq dilində danışması bizim qəlbimizə yağışdan sonra günəşin çıxıb təbiəti işıqlandırması kim yadda qaldı. Belə ki, bu işıq və yağış yüz minlərlə tamaşaçının ürəyində, hətta ölmüş ümidləri belə yaşatdı.

 

...Verilişin hər dəqiqəsi, hər anı bizim üçün qızıl anlar idi. 45 dəqiqədən çox davam edən bu verilişin necə sona çatmasını şəxsən mən hiss eləmədim. Bir onu hiss elədim ki, içim, ürəyim, qəlbim işıqla, nurla və sevgi ilə dolub. Və bir onu hiss elədim ki, gör mənim kimi nə qədər insanın qəlbinə, ürəyinə bir nur gəlib. Onu da hiss elədim ki, Seyran Səxavət bu səmimi çıxışı ilə çox adamların ürəyinin «sarı simi»nə toxundu. «Sarı simə» toxunmaq elə də asan deyil ha! Onun üçün gərək sənin böyük ürəyin ola və o ürəkdə xalqının, millətinin iç dünyasını görə biləsən.

 

 

Sözün açığı, mən televiziya məkanında bu cür verilişlərə çox tamarzıyam. Tək mən yox ey, sözə, nura, işığa və sevgiyə ehtiyacı olan adamlar bu verilişləri səbirsizliklə gözləyirlər. Özü də Seyran Səxavət kimi ziyalı və yazıçı belə verilişlərə gələndə həmin televiziya kanallarının reytinqi də yüksəlir və tamaşaçıları da çoxalır. Çünki biz sözün açığı, televiziyada çıxış edənlərin çoxunu boğazdan yuxarı danışdığını görmüşük. Özlərini savadlı və elmli göstərmək üçün terminlərdən, kütlənin başa düşmədiyi ifadələrdən istifadə edirlər. Di gəl, belələrini anla görüm nə demək istəyirlər. Demək istədikləri cəhənnəm, özlərini ağıllı göstərməyə çalışırlar və əks nəticə əldə edirlər.

 

Amma Seyran Səxavətin Zamirə ilə açıq söhbətində hər sözündən, hər kəlməsindən bal damırdı. Bu bal elə belə bal deyil ey, Bəhmənlidə Həsənqulu kişinin oğlu Habilin arılardan çəkdiyi bala oxşayırdı. O balda qatqı olmadığı kimi, Seyranın da söhbətində bir qatqı yox idi. Hamısı xalis, Azərbaycan dilinin bal sözləri idi və bu bal sözlər Allaha and olsun ki, bizim qəlbimizə, ruhumuza o qədər qida verdi ki, hələ də onun təsiri altındayam.

 

Təbii ki, televiziya məkanında hər hansı verilişi araya, ərsəyə gətirmək üçün böyük yaradıcı kollektiv çalışır. Redaktorundan tutmuş, texniki heyətə qədər hamısı əziyyət çəkir və eyni zamanda layihə rəhbəri, redaktorlar öz əməklərinin bəhrəsini görəndə çox sevinirlər. Bax, onda görün bizim kimi səmimi söhbətlərə tamarzı qalan tamaşaçılar necə sevinir?! Bu sevinci bizə bəxş edən «Space» kanalı, aparıcı Zamirə xanım, rejissor İman müəllim çox əziyyət çəkib. Ən azından ona görə ki, bəzən müsahibi danışdıra bilməyən jurnalist hər şeyi alt-üst edir. El dilində demiş olsaq, qaş düzəltmək əvəzinə, vurub göz çıxarır. Amma Zamirə xanım və rejissor İman müəllim Seyran Səxavətin «boş damarı»nı necə tutmuşdularsa, o dolan buludda şimşək çaxdı və söz yağışı yağdı. Və bu söz yağışına bizim hamımız isinə bildik. Çünki o hər sözdə bir hərarət, bir istilik var idi...

 

Verilişdə Seyran müəllimin bütün fikirləri gözəl idi, orijinal idi, unikal idi. Amma iki fikri mənim üçün yeni bir dünya idi: birinci fikir Yusif Səmədoğlu ilə bağlı idi. Yusif müəllimlə Yazıçılar İttifaqının yanındakı bağdan keçəndə o dedi ki, mənim burda bir dostum var, gəl, səni tanış edim. Bir az getdik, əlini bir ağaca uzadıb dedi ki, bu ağac mənim dostumdur. İndi də o ağacın yanından keçəndə elə bil Yusif müəllimlə görüşürəm və onu təzədən xatırlayıram. İkinci fikir isə belə idi: Fuad Poladov ilə mən möhkəm dost olmuşam. Onun xanımından soruşurlar ki, Fuadın mobil telefon nömrəsi işləyir? Deyir, bəli, işləyir. Bəs kim zəng edir? Xanım da deyir ki, Seyran Səxavət! Allaha and olsun mənim də bir dostum var, 6 aydır dünyasını dəyişib. Elə mən də onun mobil telefonuna zəng edirəm. O telefonu da qardaşı qaldırır. Deməli, böyük ziyalılar, böyük şairlər, böyük yazıçılar heç vaxt ölmürlər. Mən düşünürəm ki, Fuad Poladov kimi böyük şəxsiyyətlə elə Seyran Səxavət dostluq edə bilərmiş. Çünki hər ikisi təmiz, vicdanlı, ədalətli və vətəni sevən çox böyük ziyalıdır. Heç kimə ömrü boyu əyilməyən böyük kişilərdi.

 

Seyran Səxavətin məşhur şeirindən məşhur bir misra yadıma düşür: «...Gedib yetmiş iki dil öyrənmişəm, hələ tapmamışam dilini sənin...»

 

Əslinə qalanda Seyran müəllim hamının dilini tapıb. Sadəcə olaraq bəzi adamlar onun dilini tapmadı. Bu dil haqqın, ədalətin, kişiliyin, mərdliyin və vətənin dilidir. Bir daha «Açıq söhbət» verilişi göstərdi ki, yazıçı Seyran Səxavətin mayası düzlükdən, haqq-ədalətdən, ləyaqətdən və mərdlikdən yoğrulub. Bu cür yazıçılar və ziyalılar məkanından və zamanından asılı olmayaraq, bir sifətləri, bir mövqeləri və işıqlı düşüncələri olduğuna görə, həmişə seviləcəklər. Allah-təala belə ziyalılarımızı, yazıçılarımızı qorusun!...

TƏQVİM / ARXİV