adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Faiq Qismətoğlu: İzin qalsa…

FAİQ QİSMƏTOĞLU
619 | 2022-08-15 12:17

Heç vaxt unudulmayacaqsan

…Dünyada o adamlar xoşbəxtdir ki, yaşadığı ömrü mənalı və yadda qalan yaşayırlar. Yəni onlar başqalarından fərqli olaraq özləri üçün deyil, bütün cəmiyyət, xalq və insanlar üçün ömür sürürlər. Və bir çox halda düşünürlər ki, mənasız ömür yaşamaqdansa, yaddaqalan, iz qoyan aylar, illər yola salsınlar. Təbii ki, belə insanlar adi insanlar deyillər, hamı tərəfindən sevilir və hörmət olunur. Ən azından ona görə ki, onlar insanların dərdini, qəmini və sevincini özününkü bilir. Və bir də bu cür adamlar öz sadəliyi, səmimiliyi və dürüstlüyü ilə hamının yaddaşında əbədi iz qoyurlar. Uzun illər tanıdığım, hal-əhval tutduğum və bir çox halda yoldaşlıq elədiyim istedadlı jurnalist,  gözəl ziyalı, «Azərbaycan» qəzetinin əməkdaşı Hüseyn Rafiq oğlu Kərimov o qədər tərbiyəli, o qədər mədəni, o qədər ziyalı insan idi ki, bu gün də yaddan çıxmır.

«Azərbaycan» nəşriyyatının 1-ci mərtəbəsinə daxil olanda lövhədə bir şəkil gördüm və donub yerimdə qaldım. Bu, bir neçə gün əvvəl görüşüb, öpüşdüyüm və mehribancasına söhbət elədiyim Hüseyn Kərimovun şəkli idi. Bir anlıq çaşdım və hətta özümü itirdim. Qəhər məni boğdu, həyatım bir daha fani olduğunu gördüm. Ən azından ona görə ki, bir neçə gün əvvəl onunla görüşmüşdüm. Daha doğrusu, mənim «Azərbaycan» qəzetində Rəhman Salmanlı kimi, Daşdəmir Əjdəroğlu kimi, Flora Sadıqova kimi tələbə dostlarım və yoldaşlarım var. Elə tez-tez də 4-cü mərtəbəyə Rəhman Salmanlının yanına düşüb hal-əhval tuturuq, dərdləşirik və tələbəlik illəri xatırlayırıq. Çox vaxt da o otaqda Rəhmanla yanaşı, üzbəüz əyləşən Hüseyn Kərimovu görərdim. Çox danıqmağı sevməz və diqqətlə mənim söhbətimə qulaq asardı.

O qədər tərbiyəli, o qədər mədəni, ziyalı idi ki, adamla danışanda utanırdı. Axırıncı dəfə də Rəhmanın yanına gedəndə yenə Hüseyn müəllim otaqda idi. İçəri girdim, Rəhmanla öpüşüb-görüşdüm və həmin an Hüseyn Kərimov da ayağa qalxıb çox səmimi olaraq mənimlə qucaqlaşdı. Uzun illərin dostu, qardaşı və yoldaşı kimi qucaqlaşdıq. Heç ağlıma gəlməzdi ki, bu, bizim son görüşümüzdü. Yenə otaqda hər üçümüz söhbət elədik. Dərdləşdik. Hüseyn qayıdıb dedi ki, qoy, bir stəkan çay gətirim, için! Dedim, çox sağ ol! Gəldim ki, həm Rəhmanı görüm, həm də səni. Üzünə demək olmasın. Sən çox istiqanlı, səmimi və bal kimi şirin bir insansan...

…Söhbətimiz düz yarım saat çəkdi. Hiss etdi ki, kondisionerdən xoşum gəlmir. Ona görə də pultu götürüb düyməni basaraq kondisioneri söndürdü. Mən də dedim ki, vaxtınızı çox almayım. Yaradıcı adamlarsız, işinizi görün! Düz qapının ağzına qədər məni ötürdülər. Sonra Hüseyn müəllim otağa qayıtdı, Rəhman Salmanlı isə redaksiyadan çıxıb dəhlizdə bir siqaret yandırdı. Tay mən də bir daha Rəhmanla xudahafizləşib iş yerimə qayıtdım...

Hüseyn Kərimovla mən «Panorama» qəzetində işləyəndə tanış olmuşdum. Həmin qəzetin də baş redaktoru çox istedadlı jurnalist və gözəl ziyalı Araz Zeynalov idi. Araz müəllim də bu yaxınlarda rəhmətə gedib. Yeri cənnət olsun! Bax, onda «Panorama» qəzetində Elşən Əliyev, Lətif Novruzov və Hüseyn Kərimov  kimi istedadlı  jurnalistlər var idi. Altıncı mərtəbənin dəhlizində onlarla qonşu olsaq da, aramızda bir şirinlik və bir səmimiyyət var idi. Bəzən qonşular bir-biri ilə yola getmir. Amma biz nəinki yola gedirdik. Həm də dostluq eləyirdik. Bir müddətdən sonra Lətif Novruzov bizim qəzetə keçdi. Səhv etmirəmsə, Hüseyn müəllim də başqa bir mətbuat orqanında çalışmağa başladı. Mən onu zəhmətkeş, savadlı, sözünün yiyəsi kimi tanımışam. Mən tanımışam ki, Hüseyn Kərimov çox ədalətli, vicdanlı və qərəzsiz bir jurnalistdir. «Azərbaycan» qəzetində də öz tutduğu yolu davam etdirirdi. Yəni bir jurnalist, bir yazar kimi tapşırılan işi vicdanla, məsuliyyətlə yerinə yetirirdi.

…Heç vaxt çöhrəsindən təbəssüm əskik olmazdı. Adam var ki, görüşəndə dərddən, kədərdən söhbət açır, ağrısını, acısını sənin üstünə tökur. Amma Hüseyn müəllim dünyanın  başqa bir adamı idi. Yəni görüşdüyü adama ancaq sevinc, təbəssüm və mehribanlıq bəxş edərdi... …Çöhrəsindəki sevinci çalışardı ki, dostuna, yoldaşına və yaxınlıq elədiyi adama ötürsün. Və heç vaxt da özündən razı və özündən müştəbeh olmazdı. Başqa cür də mümkün deyildi. Bu adamın oturuşundan-duruşundan, sözündən-söhbətindən ağayanalıq, mərdlik və kişilik hiss olunurdu. Hiss olunurdu ki, sanballı bir nəslin, sayılıb-seçilən bir ocağın övladıdı.

Deyirlər ki, Hüseyn Kərimov övladına toy eləməyə hazırlaşırmış. Amma zalım əcəl ona imkan vermədi. Həyatın çox amansız və sərt üzü də var. Bir də görürsən ki, sən başqa cür düşünürsən, başqa cür fikirləşirsən, ancaq tale sənə başqa cür yanaşır. Yəni sən istədiyinə yox, Allahın dərgahına qovuşursan.

Hüseyn özü necə idisə, övladlarını da belə tərbiyə eləmişdi. Çünki insanın kökündən, nəslindən və qanından gələn nə varsa, onlar özündən sonra övladlarına və nəvələrinə qismət olur və mən inanıram ki, Hüseynin balaları da ailə quracaq, sevinəcək. Çünki Allah heç vaxt yetimləri kimsəsiz qoymur. Atasın, anasın alsa da, həmişə o kimsəsizlərə arxa durur və onları qoruyur. Hüseyn Kərimovun da balalarını Allah-təala həmişə hifz edəcək!

Sentyabrın 11-də Hüseyn Kərimovun Allahın dərgahına qovuşmasının 40 günü tamam olacaq. Əlbəttə, Hüseynsiz günlər onun doğmaları üçün çox ağırdı. Amma təsəlli olan odur ki, Hüseyn Kərimov Allahın ona bəxş etdiyi ömrü çox şərəflə, ləyaqətlə və qürurla yaşayıb. Və mənim nəzərimdə Hüseyn Kərimov bir jurnalist, bir insan, bir ziyalı kimi həmişə iz qoyub. Yadımda da, çöhrəsində təbəssüm olan, nur olan bir insan kimi qalacaq. Çünki çöhrəsində nur, sevinc olan adamlar həmişə sevilir və yaddan çıxmırlar...

TƏQVİM / ARXİV