adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: Ömür uzun deyil...

FAİQ QİSMƏTOĞLU
475 | 2022-05-16 12:19

Çox insanlar təqaüd yaşına çatmamış dünyalarını dəyişirlər
 
...Ötən saylarımızın birində «Toxun acdan xəbəri yoxdu» adlı yazıda əlilliyin müəyyənləşdirilməsi ilə bağlı qarşıya çıxan çətinliklərdən və problemlərdən söhbət açmışdıq. Söhbət açmışdıq ki, nəinki Qarabağ qaziləri, hətta adi insanlar da əlillik dərəcəsini alarkən çox böyük süründürməçilik və büroktatiya ilə üzləşirlər. Üstəlik də minlərlə haqqı olan və hüququ bəlli əlillərin əlillik dərəcəsi ləğv edilib və onların bir çoxu təkrar müayinə gedərkən ədalətsizliklə üzləşirlər. Təbii ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu məsələlərin həllində Qarabağ qazilərinə qarşı, eləcə də uzun illər ağır xəstəliklərə düçar olaraq bu hüquqa sahib olmuş insanlara daha diqqətli olmalıdır. Ən azından ona görə ki, insanın haqqına girmək və onun hüququnu tapdamaq həm dini, həm də hüquqi baxımdan çox məsuliyyətli bir addımdır. Bu addımı atan hər bir kəs birmənalı olaraq həm Allahdan, həm də qanundan qorxmalıdır. Qorxurlarmı? Bax bunu deyə bilmərik.

İndi bizim ikinci yazımız yaş həddi ilə bağlı təqaüdlərin təyin olunması və verilməsidir. Heç kimə sirr deyil ki, o kəslər ki, hesabında 30 mindən çox pul yoxdur, onlar yaşa görə təqaüdə çıxarkən çox az məbləğdə təqaüd alırlar. Hətta ilk vaxtlar yaşa görə təqaüdə çıxanda hesabında həmin məbləğ olmayan insanlara 200 manat civarında təqaüd təyin olunurdu. Sonradan yaşa görə minimum təqaüd 240 manat təyin olunandan sonra bir balaca bu insanlar da mənən sakitləşdilər.

Amma gəlin görək 260, 280 manat təqaüd alan insanlar indiki bahalıq və çətin şəraitdə bir ay bu pulla dolana bilirmi? Əgər kimsə dolana bilirsə, vallah o igid adamdır. Ona görə igid adamdır ki, hər bir təqaüdçü bu təqaüdlə, bu pulla yaşamalı, işıq, qaz, su və digər kommunal xərcləri ödəməli, üstəlik də qidalanmalı və bununla yanaşı, xeyir-şərə getməli, əyin-baş almalı, hətta dava-dərmana belə pul tapmalıdır. Aydındır ki, bir çox təqaüdçülər övladlarının himayəsində olduğuna görə bu çətinliyi hiss eləmirlər. Amma bu o demək deyil ki, elə bütün bu məbləğdə təqaüd alan insanların hamısını övladları dolandırır. Heç elə təqaüdçü var ki, onun övladları işləmir, özlərini belə dolandıra bilmirlər.

Məsələnin bir tərəfi isə ondan ibarətdir ki, 70-80 faiz insan təqaüdə çıxarkən heç onun hesabında tələb olunan məbləğ yoxdur. Sirr deyil ki, bizdə ən yüksək əmək haqqını hüquq- mühafizə orqanlarında işləyən adamlar və eləcə də özəl şirkətlərdə çalışan insanlar alıblar. Və onlar da sağlıqlarına qismət təqaüdə çıxarkən yüksək məbləğdə də təqaüd almaq hüququna malikdilər. Qalan insanlar isə məsələn, elə müəllimlər, həkimlər, mədəniyyət işçiləri və digər sahənin adamları bir o qədər də yüksək əmək haqqı almayıblar. Və təbii ki, onların da hesabına nəzərdə tutulan məbləğ toplanmayıb. Bax, onda görün nə qədər insan təqaüdün azlığından narazıdı.

Üstəlik də narazılığın ən böyük səbəblərindən biri yaş həddi ilə bağlıdır. Belə ki, mövcud qanunla bizdə kişilər 65 yaşında, qadınlar isə 63 yaşında təqaüdə çıxırlar. Bir çox mütəxəssislər deyir ki, insanların ömrü indi daha uzundur. Təbii ki, bu fikirlə heç də razılaşmaq mümkün deyil. Çünki indi insanların ömrü daha azdır. Ekoloji tarazlığın pozulması, sağlam qidanın olmaması, streslərin və gərginliklərin artması insanların ömrünü qısaldan ən mühüm amillərdəndir. İndiki şəraitdə də elə bir ailə yoxdur ki, dediyimiz bu çətinliklə üzləşməsin. Məhz bu və ya digər səbəbdən respublikamızda insanlar əvvəlki vaxtlarla müqayisədə daha az ömür yaşayır. Yəni uzun ömürlülər o qədər də çox deyil.

Bugünkü cəmiyyət heç də yaş həddinin 65 və 63 olması ilə bağlı mövcud olan kriteriyaları qəbul eləmir. Yəni insanlar yaş həddinin daha doğrusu, təqaüdə çıxmaq üçün yaş həddinin aşağı endirilməsini istəyirlər. Çünki əksər insanlar göstərilən o təqaüd yaşına çatmamış dünyalarını dəyişirlər. Ona görə də bir neçə millət vəkili təqaüd yaşının aşağı salınması ilə bağlı Milli Məclisdə öz fikirlərini səsləndiriblər. Onlar bildiriblər ki, təqaüdə çıxmaqla bağlı yaş həddi kişilərdə 63, qadınlarda 60 yaş müəyyənləşdirilsin. Hətta bəzi millət vəkilləri təqaüdə çıxmaq üçün yaş həddini kişilər üçün 60-a, qadınlar üçün isə 55-ə endirilməsini təklif ediblər. Təbii ki, bu təkliflərin irəli sürülməsi təqaüd yaşına çatan insanların hüquqlarının qorunması və onların sevinməsi deməkdir. Əgər yaş həddi aşağı endirilərsə, onda həmin hüquqdan çox insan bəhrələnə bilər. Bunu isə qanunla və onu qəbul etməklə həll etmək mümkündür. Çünki hər şey qanunla tənzimlənir.

İndiki şəraitdə bir çox insanlar təqaüd yaşına az qalmış dünyalarını dəyişirlər. Amma onların hesabında xeyli məbləğdə pul toplanıb. Kimsə təqaüdə çıxa bilməyib və yüksək pul məbləği də onların hesabına toplanırsa, həmin insanlar dünyasını dəyişsələr də, bu pullar onların ailəsinə, övladlarına verilməlidir. Çünki əgər bir insan uzun müddət işləyib və hesabına nəzərdə tutulan qədər və ondan az pul yığılıbsa və həmin insan da dünyasını dəyişibsə, elə o pul onun ailəsinə çatmalıdır.

Bütün bunları ona görə deyirik ki, Azərbaycan hüquqi, demokratik və sivil bir dövlətdir və biz həmişə ölkəmizin iqtisadi və hərbi qüdrəti ilə qürur duymuşuq. Və hər bir Azərbaycan vətəndaşı bu ölkəyə, bu dövlətə öz töhfəsini verməlidir, onun iqtisadi gücünün artması üçün qüvvə və bacarığını əsirgəməməlidir. Əgər hər hansı Azərbaycan vətəndaşı millətə və xalqa namusla, qeyrətlə xidmət edibsə, dövlət də onun hüquqlarını qorumalı, qanunla müdafiə etməli və həmin insanları sevindirməlidir.

Şəxsən mən dövlətimizin qüdrətinə və gücünə inanıram və düşünürəm ki, haqqı olan heç bir kəsin hüququ tapdalanmayacaq və əksinə qorunacaq. Sadəcə olaraq bəzi məmurlar bu sahədə süründürməçiliyə və bürokratiyaya yol verir və onun da qarşısı tezliklə alınacaq. Hər bir məmur xalqa xidmət edəndə istər-istəməz xalq da ona hörmətlə yanaşacaq.

TƏQVİM / ARXİV