adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: Qardaş

FAİQ QİSMƏTOĞLU
650 | 2022-09-12 12:08

Dünyasını dəyişmiş bütün qardaşlara ithaf edirəm

 

...Birindən soruşurlar ki, qardaşın var, ya yox?! O da deyir ki, var! Varsa nə gözəl! Bəs neçə qardaşsız? «Beş qardaşıq» - deyir. Hamınız bir yerdə olanda daha güclüsünüz, amma elə ki, ayrıldınız, işiniz çətinə düşəcək, hamınızı bir-bir məhv edəcəklər. Qardaş isə dillənir ki, bizi heç kim məhv edə bilməz və heç kim də ölümdən savayı ayıra bilməz. Çünki biz bir-birimizə arxayıq, söykəyik və güvənc yeriyik! Və o qardaşları heç kim də ayıra bilmir, aralarında nifaq salsalar da, hər şey aşkar olunur və beş qardaş ömürlərinin sonuna qədər mehriban yaşayırlar...

...Nəyə görə bu yazını qələmə alıram?! Ona görə qələmə alıram ki, mən də qardaşsız deyildim və mənim də iki qardaşım vardı. İndi o iki qardaşdan biri də yoxdu. Bütün ümidlərimi, sevgilərimi və sevinclərimi özləri ilə götürüb apardılar Allahın dərgahına. Böyük qardaşım Qürbət müəllim 48 yaşında 20 günün içində dünyasını dəyişdi. Balaca qardaşım Elxan isə sevinə-sevinə Novruz bayramında ata yurduna getdi və orda 60 yaşını qeyd eləməsə də əmim oğlu Ziyanın 40 məclisində iştirak eləmək istədi. Amma görün, başımıza nə oyun gəldi. Martın 22-də onun 60 yaşı tamam oldu. Elə həmin axşamı da insult keçirərək  komaya düşdü. Həkimlər, qohum-əqrəba tökülüb gəldi, kömək edə bilmədilər. O günü Bakıya, «Siti» hospitalına gətirdik. Orda da 5-10 saat qaldı və Allahın dərgahına qovuşdu. Əmim oğlunun qırxına görə üzünü təraş etdirməmişdi. Vidalaşanda da o, ağappaq, üzündəki tüklərə sığal çəkdim, alnından öpdüm və oğlu Ozal da atasının çöhrəsinə baxmadan əlləri ilə o da atasının tüklü və nurlu sifətinə bir sığal çəkdi...

Mən həmişə Allah-Təaladan bir dua edirdim: balaca qardaşımın ölümünü görməyim! Çünki o, bizdən balaca olsa da, hamımıza arxa dururdu, kömək edirdi və ən əsəbi vəziyyətində belə çətin gündə qohumlardan kimisə darda qoymazdı. Mənim tanıdığım qardaşım Elxan iki cür idi: biri mələk sifətli, biri də əsəbi! Onun mələk sifətini mən Türkiyədə müalicədə olarkən gördüm. Gördüm ki, öz xəstəliyi yaddan çıxıb, mənim halıma yanır. Və tez-tez sifətimə baxıb təzyiqim qalxdığını hiss edir, həddindən artıq narahat olurdu. Amma çalışırdım o, bunları hiss eləməsin. Həssas adam olduğuna görə hər şeyi hiss edirdi, duyurdu və bilirdi...

Əsəbi vəziyyətində ona qohum-əqrəba nəsə deyəndə yerə-göyə sığmazdı. Əsib coşar, gileylənər, sonra da təlatümlü dəniz kimi sakitləşər və öz yaxşılığından qalmazdı. Onun yoxluğu tək bizim evdə, onun ailəsində deyil, bütün Bəhmənlidə hiss olunur. Çünki təpədən-dırnağa bu kəndə, bu obaya bağlı idi. Elə bir ay olmazdı ki, kəndə getməsin, dünyasın dəyişənlərin bir-bir yas məclisinə baş çəkməsin. Bizim kənddə kənarda yaşayan Azad müəllim, Kamran müəllim və Seyid Əbdürrəhim də yas məclislərindən qalmazdılar. Onlar kəndə gələndə mollanı götürüb bütün yas qapılarına gedər, Quran oxutdurar və rəhmətə gedənin ailəsinin dərdinə şərik olardılar.

Hətta qardaşım Elxan Bəhmənin futbol komandasını vaxtilə maliyyələşdirən bir adam idi. Çünki o futbolu həddindən çox sevir, kənd uşaqlarını bir yerə toplayır və onları ruhlandırırdı. Hər dəfə onlara yeni idman formaları, futbol topları alardı. Və özü də Bəhmənli komandasının bütün oyunlarını izləyərdi. Bir sözlə, bu adam o kəndlə, o adamlarla, o insanlarla nəfəs alardı. Bir ay Bəhmənliyə getməyəndə yerə-göyə sığmazdı. Hətta xəstə olanda belə bir ayağı kənddə idi. Deyərdi ki, mən kəndə getməsəm ürəyim partlayar. Atamın, anamın və qardaşımın ruhu narahat olar...

Kəndə də gedəndə bütün qohum-əqrəba başına yığışardı. Bir tikə çörəyi onlarsız yeməzdi. Bacı-qardaş, qardaş balaları, əmi uşaqları, hamısı onun ocağının başına toplaşardılar. Allahın verdiyindən yeyərdilər, içərdilər və şirin söhbətlər edərdilər. Bir qədər də keçəndən sonra ya mamam oğlu Təbrizlə, ya da əmioğlu İnşallahla nərdtaxta oynayardılar. Bax, onda bir hay-küy qalxardı ki, gəl görəsən! Uduzmağı sevməzdi və uduzanda da onlarla razılşmazdı.

...Rəhmətlik atam da elə idi: nərdtaxta oynayanda hamını udardı, amma uduzanda da bacısı uşağını, qardaşını o ki var danlayardı. Onlar da çox vaxt deyərdilər ki, dayı, sən Allah, nərdtaxta oynamayaq! Hirslənirsən təzyiqin qalxır, sonra da aləm qarışır bir-birinə. Gedib ya Hidayət həkimi, ya da Mənsum dayımı  gətiririk. Bəzən bacısı uşaqları atamın əsəbləşdiyini görüb qəsdən nərdtaxtada uduzardılar, onda lap əsəbiləşərdi. Deyərdi ki, ə, qırışmal, mənə nömrə gəlirsiz? Oynayırsız oynayın, oynamırsız rədd olub gedin! Onun bu sözündən nə qardaşı, nə bacısı uşaqları, nə də əmi uşaqları inciməzdi.

...İndi nə nərdtaxta oynayan var, nə əsəbisən, nə də hirsini kiminsə üstünə tökən! Nə atam var, nə əmim, nə də hər iki qardaşım. Ümumiyyətlə, qardaş Allahın verdiyi çox böyük şirin paydı. Onların yerini heç kim verə bilmir. Düzdü, qardaşım uşaqları da var, ağıllı, savadlı, fərasətli uşaqlardı. Amma bunlar nə Qürbətdi, nə də Elxan! Ümumiyyətlə, biz qohumlar qardaşlarımızı çox tez itirdik. Məsələn, Pənah əmimin iki oğlu Əhliman və Məmməd dünyasını dəyişdi. Zülfüqar və Alik qardaşsız qaldı. Camal əmimin 5 oğlundan 4-ü rəhmətə getdi. Ərşad əmimin 5 oğlunun 5-i də Allahın dərgahına qovuşdu. Əli əmimin 5 oğlundan 4-ü dünyasını dəyişdi. İndi Natiq həkim də, Zülfüqar həkim də o qardaşların qoxusunu axtarırlar. Bilmirəm, tapırlarmı, tapmırlarmı?!

Dostum Səməndər müəllimin qardaşı Sovet dövründə xidmət edərkən Çin sərhəddində qəhrəmancasına həlak olub. Səməndər müəllim indi də danışır ki, atamın göz yaşları qurumaq bilmirdi. Deyirdi ki, oğul, mən sənin çiynində getmək əvəzinə, sən mənim çiynimdə gedirsən! Səməndər müəllim bu sözləri deyib gözləri dolur. Onu da deyim ki, qardaş dərdi ağır dərddi. Elə bil ki, bir dağ uçub və o dağın altında qalmısan...

... Adam tək atadan, anadan yetim qalmır, adam həm də qardaşdan yetim qalır! Necə ki, mən qardaşdan yetim qalmışam. Dünyada çox şirin şey var: ata, ana, bacı, qardaş, həyat yoldaşı, oğul, qız və nəvələr! Bunlar çox şirindilər. Amma onlarla yanaşı, qardaş da şirindi! O qardaş ki, onun şirinliyindən heç vaxt doymaq olmur. Mən də heç vaxt nə qardaşım Qürbəti, nə də Elxanın şirinliyindən doymadım!

...Tez-tez yuxuma girirlər. Görürəm ki, çox narahatdılar. Amma mənim narahatlığım bəlkə onlardan da artıqdı. Onlar haqq dünyasındadır, mən narahat bir dünyada. Və bu narahat dünyada hər iki qardaşım yadıma düşür və səhərlər Quran oxuyandan sonra onların da ruhuna dualar eləyirəm.  Dualar eləyirəm ki, o ruhlar sakit olsun, dincəlsin və Allahın dərgahında öz rahatlığını tapsın...

...Və hər ikisinin ölümünə Allaha and olsun inanmıram. Elə bilirəm ki, sağdılar. Teymuru, qardaşım qızlarını, Elxanın oğlanlarını - Ozalı, Qisməti görəndə bir az sakitləşirəm. Az-çox qardaşlarımın qoxularını onlardan hiss edirəm. Amma ürəyim həmişə döyünür və onları axtarır. Elə bilirəm ki, qapı döyüləcək və hər iki qardaşım içəri girəcək, qucaqlaşıb öpüşəcəyik! Nə qapı döyülür, nə də onlar içəri girirlər! Ancaq ruhlarımız görüşür və bu bir bənd şeir ilə yazımı tamamlamaq istəyirəm:

 

Kədərli gözlərim yola dikilib,

Səni gözləyirəm, gəlmək bilmirsən.

De, sənin ətrini kimdən alım mən?!

Ürəyim partlayır, dözə bilmirəm...

 

 

TƏQVİM / ARXİV