adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: Ünsiyyət

FAİQ QİSMƏTOĞLU
726 | 2022-04-25 11:46

...Bu gün bizim çox şeyimiz çatışmır; ünsiyyətimiz çatışmır, səmimiyyətimiz çatışmır, mehribanlığımız çatışmar, sədaqətimiz və sevgimiz çatışmır. Belə baxanda elə düşünürük ki, hər şey yerli-yerindədi. Amma dərindən fikirləşəndə görürsən yox, balam, heç də hər şey yerində deyil və pərən-pərən düşüb. Pərən-pərən düşən həm də bizim arzularımız və istəklərimizdi. O arzular ki, uzun illərdi, onu gözləyirik, qarşılamaq istəyirik. Amma həyata keçdiyini görmürük. Əlbəttə, heç də hər şey birdən-birə və bir anın içərisində üzə çıxmır. Üzə çıxmayan həm də bizim bir-birimizə olan ünsiyyətimizdir...

...Adam var deyir ki, ata-anasını, qardaşını, bacısını düz 2 ildi görmür. Ən yaxşı halda onlarla ya mobil telefonla, ya da ev telefonları ilə əlaqə saxlamalı olur, bir çoxları bunu pandemiya ilə əlaqələndirirlər. Düzdü, COVİD-19-un yayılması və 2 ilə yaxın tüğyan eləməsi də insanlar arasında ünsiyyəti, mehribanlığı, gediş-gəlişi tamamilə azaldıb. Amma mobil telefon çıxandan, eləcə də kompüterlərdən istifadədən sonra insanlar sanki robotlaşıblar, yadlaşıblar və bir-birini axtarmaq belə istəmirlər.

Düzdür, pandemiya ilə bizim aramızda bir soyuqluq yaratdı və biz də onun qorxusundan ən doğmamızın evinə belə gedə bilmədik. Burda müəyyən qədər həqiqət də var. Ancaq həqiqət olmayan odur ki, axı, heç biz pandemiyadan əvvəl də biz doğmalarımızı, əzizlərimizi axtarmırdıq. Amma yaxşı bəhanə tapdıq. Koronavirus var, buna görə də heç kimin qapısını, daha doğrusu, qardaşın, bacın qapısını açmadıq...

...Qapı da açılmayanda insanlar bir-birinə yadlaşır, hətta doğmalar da yaddan çıxır, unudulur. Belə məqamda insan hətta insanlıqdan belə uzaq düşür. Birindən soruşurlar ki, qardaşın rəhmətə getmişdi, yasında iştirak elədin, ya yox?! O da deyir ki, koronanın üzü qara olsun. Elə bir dəfnə getdim, tay ondan sonra o qapını açmıram.

İndi ki, koronavirus tüğyan eləmir. Bəs indi niyə doğmalar bir-birini axtarmırlar, aramırlar?! Hətta kimsə toy edir, ən yaxın adamlar min bir bəhanə ilə o toydan yayınır. Yaxud da yaxın bir qohumu dünyasını dəyişir, heç onun da bir dəfə olsun belə yas məclisinə getmir. Bəhanə gətirir ki, hələ pandemiya bitməyib. Qorxuram ki, xəstələnəm...

...Bax beləcə zaman-zaman biz bir-birimizdən uzaqlaşırıq. Uzaqlaşdıqca da ünsiyyətimiz, mehribanlığımız və səmimiyyətimiz bizdən uzaqlaşır. İndi siz deyin, biz hansı yolu tutaq ki və hansı yolla gedək ki, əvvəlki səmimiyyətimizi və ünsiyyətimizi qaytara bilək. Bütün günü telefondan sallaşırıq, televizora baxırıq, kompüterdə eşələnirik, amma bir saat vaxt tapıb xəstə bacımıza, qardaşımıza dəymək istəmirik. Və o vaxt hər şeyi başa düşürük ki, əzizimizi, doğmamızı, yəni qardaşımızı, bacımızı itirmişik. Bax, onda da hər şey gec olur.

Heç mənim özüm də yönlü deyiləm. Pandemiya dövründə bir dəfə olsun qardaşımla görüşə bilmədim. Ən yaxşı halda yas məclislərində bir-birimizin üzünü gördük. Və o rəhmətə getməmişdən əvvəl əmim oğlu Ziyanın üçü günü kənddə görüşdük. Adam o qədər çox idi ki, heç bilmirdim kimlə söhbət edəsən. Qardaşım Elxan qonaq-qaradan ayrılıb gəlib mənimlə görüşdü. Sonra da yanımızda əyləşdi. Qaynı Əli müəllim də onun yanında idi. Elə oldu ki, qonaqlar ayağa qalxdı və Əli müəllim də durdu. O da həmin qonaqları ötürüb harasa getdi. Bir tikə çörək yeyəndə heç onu görmədim. Elə bir ürəyimə nəsə dammışdı. Bakıya qayıdanda onu axtardım. Dedilər ki, çadırın içindədi. Girdim yas yerinə. Gördüm ki, tək oturub küncdə çox fikirlidi. Çünki əmim oğlu Ziyanı həddindən artıq çox istəyirdi. Məni görən kimi ayağa qalxdı. Beli ağrıdığına görə dedim ki, əyləş, gəldim səninlə görüşüb gedəm. Dedi yox ey, qoy səni ötürüm! Gördüm çox əziyyət çəkir. Dedim ki, qardaş, belin ağrıyır, əziyyət çəkmə. Qucaqlaşıb, öpüşüb, görüşüb ayrıldıq. Deyirəm, nə yaxşı, onunla sonuncu dəfə belə səmimi görüşə bildim. Yoxsa ürəyim partlayardı. Və bu mənə böyük təsəllidi. Özü də mən gedəndən sonra deyib ki, Faiqlə çox mehriban görüşdük. Dərdi çoxdur. Amma nə lazımsa, ona kömək edəcəm. Onsuz da o mənə həmişə kömək eləmişdi. Ən çox mən onun sağlığını istəyirdim və çətin anımda heç ona bildirmirdim. Amma bir də gördün hardansa eşidib və mənə kömək göstərir...

Bax, ona görə deyirəm ki, doğmalarınızla, əzizlərinizlə ünsiyyəti itirməyin. Çünki o ünsiyyət olmayanda hər hansı əziziniz Allahın dərgahına qovuşanda sizi yandırıb yaxacaq. Çünki ünsiyyətin itməsi İnsanlığın, Adamlığın itməsi deməkdir. Həm də ünsiyyətin itməsi doğmalarının, əzizlərinin və səni sevənlərin yaddan çıxması ilə bitir. Deməli, biz nəyimizi itirsək də, onu sonradan tapa bilərik. Amma ünsiyyəti itirsək, bizim itirdiklərimiz daha ağır olacaq. Bax, belə! Bilmirəm, necə alındı. Bildiyim odur ki, mən qardaşım Elxanı itirəndən sonra axırıncı dəfə onunla görüşüm mənə böyük təsəllidi. O təsəlli olmasaydı, bəlkə də ürəyim çoxdan partlamışdı...

TƏQVİM / ARXİV