İqtisadi əfv və yaxud oğru məmurların biznesmenə çevrilməsi - Vüqar Abbasov yazır

VÜQAR ABBASOV
6038 | 2023-01-16 12:01

Mənə elə gəlir ki, Azərbaycanda iqtisadi əfvə ehtiyac var. Təklif edərdim ki, iqtisadi əfv verilsin, amma bir neçə şərtlə...

Azərbaycanda kiçik və orta sahibkarlıq o qədər də inkişaf etməyib, bu bir həqiqətdir. Bunun əksini sübut etməyə çalışmaq isə bu problemi həll etmir. Doğru - dürüst statistika olarsa (ki, olması çox vacibdir), bunu görmək mümkündür. Nəhayət ki, boş sözlərdən əl çəkib rəqəmlərin dili ilə danışmağı öyrənməyə çalışmalıyıq. Yuval Noah Hararinin (“Sapiens” Bəşəriyyətin qısa tarixi) dili ilə desək: “Hökumətlərin, təşkilatların və şirkətlərin qərarlarına təsir etmək istəyən şəxs mütləq rəqəmlərin dili ilə danışmağı öyrənməlidir.” Kiçik və orta sahibkarlığın inkişafına ən böyük əngəl isə məmur özbaşnalığı, rüşvət və korrupsiyadır. Ölkədə bu kimi mənfi halların mövcud olması ən yuxarı səviyyədə belə inkar olunmur. Doğrdur, bunun qarşısını almaq üçün bir çox addımlar atılıb, qanunlar qəbul edilib. Bura ASAN xidmətlərin yaranmasını, şirkətlərin qeydiyyata alınmasının, vergi ödənişinin sadələşdirilməsini və.s. göstərmək mümkündür. Amma qanunların icra olunması məsələsində, necə deyərlər, yenə də divara dirənirik; yenə də məmur özbaşnalığı, rüşvət, korrupsiya. Halbuki kiçik sahibkarlar tədricən orta sahibkarlara, orta sahibkarlar isə böyük biznes adamlarına çevrilməlidir. Bunun baş verməsi isə kasıb cəmiyyətlərdə mümkün deyil. İnsanların alıcılıq qabiliyyəti yüksək olmalıdır ki, insanlar nəsə ala, təklif olunan xidmətlərdən istifadə edə bilsinlər. Bunun üçün isə iqtisadiyyata sözdə deyil, gerçəkdə sərmayə qoyulmalıdır.

... Sirr deyil ki, Azərbaycanda yüksək vəzifə tutmuş birini işdən çıxartdıqdan sonra onun dövlətdən milyonlar oğurladığı məlum olur. Əslində isə, işdən çıxarılmamışdan öncə də bunlar xalqa məlumdur, sadəcə bütün bunlar insanlara sonradan etiraf olunur. Oğurlandığı etiraf edilən və edilməyən milyonlar isə, obrazlı desək, ya “yastığın altında” yatıb qalır, ya ortada “itib-batır”, ya da digər ölkələrə sərmayə kimi qoyulur. O ölkələrə ki, oranın əhalisinin alıcılıq qabiliyyəti yetərincədir. Amma ölkəmizdən çıxarılaraq xarici ölkələrə qoyulmuş bu sərmayədən ölkəyə gəlir gəlmir. Qazanan sərmayə qoyulmuş ölkə(lər) və sərmayə qoyan(lar) olur. Nəticədə sərmayə qoyan(lar) bizim ölkəmizdə zənginləşir, bundan isə bizim insanlara fayda yoxdur. Bir sözlə, ölkədən oğurlanmış pullar ölkə iqtisadiyyatına yatırılmadıqca bu sərmayə, yenə də Yuval Noah Hararinin dili ilə desək, “dəniz quldurlarının xəzinə aparan İspan gəmisini garət edərək ələ keçirdiyi qızıl dolu sandıqları Karib dənizindəki adaların birində torpağa basdırması” kimi bir şeydir. Quldur hər bir halda quldurdur, ha gəmini çap - tala, ha dövləti. Mənim fikrimcə yeganə çıxış yolu iqtisadi əfv elan olunmasıdır. Yəni bir fərmanla qulduru biznesmenə çevirmək mümkündür. Şərt isə belə ola bilər: bu günə qədər nə etmisənsə, etmisən. Bundan sonra belə hallar olacaqsa, qanunun yol verdiyi ən ağır cəza ilə cəzalanacaqsınız. Bu günə qədər əldə etdiklərini isə ölkə iqtisadiyyatına sərmayə kimi qoyacaqsan.

- Təhsilə sərmayə qoyulmalıdır: təhsilin inkişafı həmçinin yeni texnalogiyaların inkişafına səbəb ola bilər. Bu isə həm iqtisadi, həm həm hərbi, həm də siyasi gücün artması deməkdir. Çox uzağa getmədən Türkiyənin son dövrlərdəki texnologiya sahəsindəki uğurlarına baxaq. Bayraktar Savunma tərəfindən istehsal olunan pilotsuz döyüş təyyarələrini misal gətirmək olar. Bizim 44 günlük Vətən müharibəmizdə Bayraktarın rolunu kim dana bilər? Türkiyənin özünün də etiraf etdiyi kimi, məhz Vətən müharibəsindən sonra bu təyyarələri almaq üçün bir çox ölkələrdən çoxlu sifarişlər alıblar. Bu isə ölkəyə gələcək valyuta axını deməkdir. Bu irəliləyiş Türkiyənin beynəlxalq aləmdə də nüfuzunu xeyli artırmış oldu. Bundan başqa, bu il Türkiyədə seçkilər ilidir. Şübhə etmirəm ki, Türkiyənin hazırkı prezidenti məhz bu inkişafdan həm də siyasi məqsədlər üçün istifadə edəcək. Baxaq, bir Bayraktar həm iqtisadi, həm hərbi, həm siyasi (daxili və xarici) gücü artırmış oldu.

- İstehsala sərmayə qoyulmalıdır: həm kənd təsərrüfatının, həm sənayenin inkişafına. Əgər Azərbaycan bu sahələrdə uğur əldə edərsə, məhsullarımızı gələcəkdə qonşu ölkələrə, Türkiyəyə, Gürcüstana, Rusiyaya, İrana və hətta bəlkə gələcəkdə Ermənistana belə sata bilərik. Bununla, məsələn, sonuncunu hətta özümüzdən iqtisadi baxımdan aslı etmək imkanımız belə ola bilər və bunun da nə demək olduğunu izah etməyə ehtiyac görmürəm.

İstehsaldan əldə olunan gəlir isə yenə də istehsalın genişlənməsinə xərclənməlidir. Yəni ölkədə əsl kapitalizm sistemi yaradılmalıdır. Bu inkişaf isə nəhayətində sosial bir ölkəyə çevrilməyimizlə nəticələnə bilər. İnkişafına həsəd apardığımız Avropa, Qərb ölkələri bu günkü uğiurları əldə etməkdən ötrü çox mərhələlərdən keçiblər. Bütün bunlara isə ən başlıca təhsilə və iqtisdiyyata ayırdıqları diqqətdir. Bu gün dünya elmin, iqtisadiyyatın, texnalogiyanın bu yerlərə gəlib çıxmasına görə Qərb dövlətlərinə, elminə borcludur, bunu kimsə dana bilməz.

...Kənar səraməyələrin də ölkəyə cəlb olunmasına, iş adamların ölkədən qaçmamasına çalışmaq lazımdır. Bunun üçün isə ilk növbədə hüququn aliliyi qorunmalı, məhkəmələrin müstəqilliyi tam təmin olunmalıdır. Bu, həm yeni xarici sərmayədarları ölkəyə sərmayə qoymağa həvəsləndirər, həm də ölkədəki imkanlı şəxslərin ölkə iqtisadiyyatına sərmayə qoymasını təmin etmiş olar.

Yazımın əvvəlində qeyd etdiyim kimi, iqtisadi əfvə ehtiyac olduğunu düşünürəm, amma müəyyən şərtlər daxilində. Bunun ölkəmizə həbslərdən daha çox faydalı olacağını düşünürəm. Ən azından xalqdan oğurlanmış pullardan xalq da bu formada faydalanar. “Dəniz quldurları” da iş adamlarına çevrilər.

 

Yazıma Yuval Noah Harari adını yuxarıda qeyd etdiyim kitabından bu seçmə ilə davam etmək istəyərəm:

“1776 – cı ildə şotlandiyalı iqtisadçı Adam Smit bəlkə də, tarixdə ən mühüm iqtisadi manifesti olan “Xalqların zənginliyi” kitabını nəşr etdirdi. İlk cildinin səkkizinci fəslində Smit bu ideyanı irəli sürürdü: Torpaq sahibi, toxucu və ya pinəçi ailəsini saxlamaq üçün lazım olandandaha çox gəlir əldə edərsə, artıq pulu işçi tutmaq və beləliklə, gəlirini daha da artırmaq üçün istifadə edir. Onun gəliri artdıqca, daha çox işçi tutur. Buradan belə nəticə çıxır ki, fərdi sahibkarlığın gəlirindəki artımın ümumi inkişafın və zənginliyin təməlidir.

Smit insanlara iqtisadiyyatın “qarşılıqlı mənfəət situasiyası” olduğunu, yəni birinin mənfəətinin sizin də mənfəətiniz olduğunu düşünməyi öyrətdi. Əgər mən yoxsulamsa, sən də yoxsullaşacaqsan, çünki sənin məhsullarını, xidmətlərini ala bilməyəcəm. Əgər mən varlıyamsa, sən də varlanacaqsan, çünki mənə nəsə sata bilərsən.”

Bu isə həqiqətən də belədir. İnsanların varlanması, yuxarıda qeyd etdiyim kimi, nəhayətdə sosial dövlətin yaranması ilə nəticələnə bilər. Necə deyərlər, oğurlanan pullar ölkə iqtisadiyyatına qoyun, xalqı varlandırın. Xalq varlandıqca siz də varlanacaqsınız, çünki xalqa nəsə sata biləcəksiniz. Xalqa yalan satmaqdansa, məhsulunuzu satın. Bu hər iki tərəf üçün daha yaxşıdır.

Vüqar Abbasov. Niderland.

[email protected]

 

P.S. Bu yazımı bundan öncəki iki yazımın, “Bu millətə nə verdik ki...” və “Gəlin başlayaq” adlı yazılarımın davamı da hesab etmək olar.

https://adalet.az/az/writers/detail/bu-millete-ne-verdik-ki-vuqar-abbasov-yazir-1664264496

https://adalet.az/az/writers/detail/gelin-baslayaq-vuqar-abbasov-yazir-1669803465

 

 

 

 

 

 

TƏQVİM / ARXİV